10 Yanvar 2022 16:37
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ildən Azərbaycanda müxtəlif ərzaq məhsullarının kəskin bahalaşması ilə yanaşı, həm də neft bazarında qiymət artımı dalğası müşahidə olundu.

Yeni ilin ilk həftəsində dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 86 dollara yaxınlaşdı. Hazırda “Azeri Light” markalı neftinin 1 bareli 85,21 dollara satılır. Ötən gün “Brent” markalı neftin bir bareli isə 82,48 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Enerji sektoru üzrə mütəxəssis Zəfər Vəliyev son bir neçə həftədə neft qiymətlərinin artmasını Teleqraf.com-a şərh edib.

Analitikə görə, neft bazarına pozitiv təsir edən iki əsas amil mövcuddur: “Birinci, geosiyasət, ikinci, neft hasilatında yaranmış qeyri-müəyyənlik. Hər iki faktor əsasən də “Brent” markalı neftin fyuçers qiymətində sıçrayışa səbəb oldu.

Liviyada qeyr-müəyyən siyasi hadisələr, həmçinin bir neçə yatağın fəaliyyətini dayandırması hasilata mənfi təsir göstərib. Ölkədə uzun illərdir baş verən qeyri-müəyyən siyasi vəziyyət ixrac güclərində problemlər yaradıb.

Digər bir faktor Qazaxıstanda baş verən hadisələrlə bağlıdır. Bazar iştirakçıları hesab edirdilər ki, hadisə lokal xarakter daşıyacaq və bu, ölkədə neft hasilatına və nəqlinə ciddi təsir göstərməyəcək. Amma hadisələrinin sonrakı inkişafı vəziyyətin proqnozlaşdırılan kimi olmadığını sübut etdi. Artıq Qazaxıstanın neft sektorunda çalışan xarici tərəfdaş şirkətləri neft hasilatında müəyyən dəyişikliklər ediblər.

Hasilat dayandırılmasa da, dəmiryol daşımalarındakı problemlər üzündən azalma qeydə alındı. Gündəlik neft hasilatı 1,6 milyon barel olan Qazaxıstanın ən böyük yataqlarından biri olan “Tengiz”də sutkalıq hasilat təxminən 700 min barel civarındadır. Əgər ölkədəki vəziyyət bundan sonra da gərginləşməyə doğru gedərsə, neft hasilatında və ixracında azalmalar baş verəcək. Burada əsasən, Xəzər konsorsiumunun Novorossiysk limanına yönələn ixrac güclərində problemlər yaranacaqdır”.

“Neftin ədalətli qiyməti 75 dollardır”

Zəfər Vəliyev Beynəlxalq Enerji Agentliyinin proqnozlarına istinadən deyir ki, cari ildə neftə olan tələbat əhəmiyyətli dərəcədə artacaq: “OPEC hesab edir ki, 2022-ci ildə qlobal neftə olan tələbat 2021-ci illə müqayisədə gündəlik 4,2 milyon barel artacaq. Bu proqnozlar da neft qiymətlərinin artmasına səbəb olur.

Hazırda neft qiymətlərinin gözləntilərdən daha yüksək həddə qalxması bazar iştirakçılarının maraqlarına ziddir. Çünki artım istehlakçı və hasilatçı ölkələrin maraqlarına cavab vermir. Ortaq və ədalətli qiymət olmalıdır. Hesab edirəm ki, neftin ədalətli qiymət 75 dollardır.

Yüksək neft qiymətləri neft emalı zavodlarının da (NEZ) normal xammalla yüklənməsini təhdid edir. Tutaq ki, bütün beynəlxalq birjalarda neftin qiyməti 80 dolları keçib. Emal güclərinin normal, davamlı fəaliyyət göstərməsi üçün zəruri olan amillərdən biri də enerji təhlükəsizliyidir. Bu gün ABŞ-dakı emal güclərinin xammalla yüklənməsi 2019-cu il səviyyəsindən də aşağıdır. ABŞ-da elə NEZ-lər var ki, orada gündəlik xammalla yüklənmə 89% təşkil edir. Belə olan təqdirdə ABŞ-da hasil olunun şist neft ixraca yönəlməlidir. Bu da bazarda yüngül və ağır neftin balansını pozur.

Başqa sözlə, bazara nəzərdə tutulandan artıq neft həcmləri daxil olur. Bu da bazarın tənzimlənməsində çox ciddi problemlər yaradır. Mövcud qiymət dəhlizində NEZ-lərin normal gəlirlə işləməsi təhdid altına düşəcəkdir”.

Maraqlıdır, Azərbaycanın neft hasilatı nə qədər azalıb?

Ekspert deyir ki, Azərbaycanın Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri var: “Saziş çərçivəsində qarşıdakı aylarda Azərbaycanın neft hasilatında artımlar baş verməlidir. Bu sazişə görə birinci mərhələ üzrə hasilat azalmalıdır, sonrakı etapda yumşaq artımlar baş verməlidir. Hazırda ölkəmiz hər ay 7 min barel neft hasilatını artırmalıdır. Bu öhdəlik həm Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunu, həm də ARDNŞ-nin (SOCAR) aktivində olan neft yataqlarını, eyni zamanda hasilatın pay bölgüsü sazişi əsasında fəaliyyət göstərən birgə müəssisələr, əməliyyatçı və podratçı şirkətləri əhatə edir. Növbəti aylarda sadalanan yataqlar və şirkətlər üzrə hasilatın artmasının hansı səviyyədə olduğunu müşahidə edəcəyik.

Məlum sazişdən sonra ölkəmizdə neft-qaz çıxarma idarəsinin fəaliyyəti tamamilə dayandırılıb. İdarənin balansında olan yataqlar uzun illər istismarda olan yataqlardır. Qarşıdakı aylarda hansı yataqlarda hasilatın yenidən bərpa etməyin mümkünlüyü yoxlanılacaq. Passiv neft quyularını yenidən aktiv neft quyuları fonduna qaytarmaq üçün ilk növbədə normal investisiya olmalıdır, daha sonra normal mühəndis xidmətinə ehtiyac var.

Azərbaycanda neft hasilatında baş verən azalmalar təbiidir. Çünki yataqların böyük əksəriyyəti pik hasilat dövrünü arxada qoyub. Müasir texnologiyaların tətbiqinə ehtiyac var, bundan əlavə neftvermə əmsalını artırmaq lazımdır”.

Müqavilələr üzrə Azərbaycanın neft ixracı nə vaxt başa çatır?

Müsahibimizin sözlərinə görə, Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir: “Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir. Növbəti illərdə də hasilatın sabit saxlanılmasına stimul verən əsaslar var. Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) dəniz blokunda tədqiqat işləri aparılır. Burada üç yataq var, əgər hasilat gücləri başlanarsa, təbii ki, Azərbaycanın hasilatında dəyişikliyə nail olmaq olar.

Həmçinin AÇG yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilənin müddəti 2049-cu ilə kimi uzadılıb. Bu dövrə kimi AÇG-in sənaye istismarı davam etdiriləcək. Bütün bunlar hasilatın sabit saxlanmasına şərait yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər