Ötən il Qara dəniz regionunun 17 əyalətindən Azərbaycana 45 milyon 203 min 955 dollarlıq məhsul ixrac edilib.
Teleqraf.com Şərqi Qara Dəniz İxracatçılar Birliyinə (DKİB) istinadən xəbər verir ki, Qara dəniz bölgəsindən Azərbaycana ən çox ixracat edilən vilayət 8 milyon 210 min 449 dollarla Rizə olub.
İkinci yerdə Trabzondan Azərbaycana 6 milyon 565 min 244 dollar həcmində ixrac olunub. Trabzon və Rizədən Azərbaycana əsasən tikinti materialları və kimyəvi məhsullar satılıb.
2021-ci ildə Rizədən Azərbaycana 8 milyon 210 min dollarlıq məhsul ixrac edilib.
Ötən il Qara dəniz bölgəsindəki 17 əyalətdən Azərbaycana ixrac əvvəlki ilə nisbətən 14 faiz artaraq 45 milyon 203 min 955 dollara çatıb.
DKİB-in vitse-prezidenti Əhməd Həmdi Gürdoğan bölgə şirkətlərinin Azərbaycan bazarını xüsusilə tikinti materialları, maşınqayırma və emal olunmuş qida məhsulları üzrə qiymətləndirməli olduğunu vurğulayıb.
Gürdoğan xüsusilə işğaldan azad edilən bölgələrdə intensiv tikinti işlərinin tikinti materialları sektoru üçün mühüm fürsətlər yaratdığına diqqət çəkib.