29 Mart 2022 12:15
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib. Bu Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, Rusiya Ukrayna müharibəsi başladıqdan sonra artıq üçüncü dəfədir ki, Ukrayna prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edib: “Dünən Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə İlham Əliyevə təşəkkürünü bildirib.

Ukrayna Prezidenti öz “Twitter” hesabında da paylaşım edərək humanitar dəstəyə görə Azərbaycan dövlət başçısına öz təşəkkürünü bildirib. Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna Prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib. Bu Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur”.

Vüqar Bayramov onu da vurğulayıb ki, Volodimir Zelenski həmçinin Azərbaycana əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür edib: “Ukrayna regionda ərzaq təminatı baxımdan vacib ölkələrdən hesab olunur. Savaş dünya bazarında ərzaq məhsullarının qiymətinin növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada infilyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir. Bu, Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal infilyasiyasını qaçılmaz edir. Bu baxımdan, Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması, ərzaq istehsalı baxımdan da vacibdir. Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər.

Bütövlükdə, yeni düzən fonunda regionun geosiyasi və geoiqtisadi xəritəsində dəyişikliklər olur. Bu isə Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir”.


Müəllif: Yeganə Oqtayqızı