Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Hanoy şəhərində “Azərbaycanın enerji sahəsində nailiyyətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, konfransda Azərbaycan tərəfindən ARDNŞ-nin Elm və Texnika Şöbəsinin, Nanotexnologiyalar Departamentinin, Neft-Qaz Elmi Tədqiqat Layihə İnstitutunun, Geofizika və Geologiya İdarəsinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft Akademiyasının Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun, Azərbaycan Neft Maşınqayırma Elmi Tədqiqat və Layihə Konstruktor İnstitutunun, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, SOCAR-AQŞ MMC-nin, "SOCAR Trading" şirkətinin, "Alkan Ltd" Elmi Texnoloji Cəmiyyətinin, ADO-G Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.
Konfransa, həmçinin Vyetnamın parlamentinin, Sənaye və Ticarət Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Ticarət və Sənaye Palatasının, "PetroVyetnam" və "VietSovPetro" şirkətlərinin, Vyetnam Neft İnstitutunun, Vyetnam Elm və Texnologiya Akademiyasının, Vyetnamda fəaliyyət göstərən enerji sahəsində ixtisaslaşmış xarici şirkətlərin və diplomatik korpusun nümayəndələri qatılıblar.
Konfransı giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, Azərbaycanda neft sənayesinin tarixi inkişaf yolu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası, ölkəmizin Avropa enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, enerji sahəsində Azərbaycan və Vyetnam arasında tarixən mövcud olan əməkdaşlıq barədə konfrans iştirakçılarına məlumat verib.
Səfir Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın oduğunu vurğulayıb və konfransın ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra çıxış edən Vyetnam parlamentinin Elm, Texnologiya və Ətraf Mühit Komitəsinin sədri Phan Xuan Dunq, Vyetnam Ticarət və Sənaye Palatasının baş katibi xanım Pham Thi Thu Hanq, "PetroVyetnam" şirkətinin vitse-prezidenti Nquyen Vu Truonq Son, "VietSovPetro" şirkətinin baş direktorunun müavini Tran Van Vinh Azərbaycanla Vyetnam arasında enerji sahəsində əməkdaşlıqdan söhbət açıb, bu əməkdaşlığın müasir dövrdə davam etdirilməsinin vacibliyini söyləyib və keçirilən konfransın bu istiqamətdə böyük əhəmiyyət daşığını vurğulayıb.
Konfrans Vyetnam dövlət televiziyası tərəfindən nümayiş etdirilib, yerli mətbuatda geniş işıqlandırılıb.