1 Dekabr 2014 16:18
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar ayından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya sahəsində əsas beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfransda assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzv kimi Azərbaycan Respublikasını təmsil edəcək.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib.

Komitə sədri yap.org.az saytına müsahibəsində deyib ki, bu təşkilatlarda üzvlük beynəlxalq Metrik Konvensiyanın, həmçinin Qarşılıqlı Tanınma Razılaşmalarının imzalanması üçün əsas olacaqdır ki, bu da öz növbəsində Azərbaycan Respublikasında həyata keçirilən ölçmələrin nəticələrinin, həmçinin kalibrləmə sertifikatlarının beynəlxalq tanınmasını təmin edəcək: “Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulmaqla respublikamızda milli metrologiya institutu funksiyasını həyata keçirən Komitə yanında Dövlət Metrologiya Xidmətinin Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin Qarşılıqlı Tanınma Razılaşmasına qoşulmasına imkan yaranacaq. Həmçinin Azərbaycan Respublikasının Çəkilər və Ölçülər üzrə Baş Konfransa qoşulması metrologiya sahəsində bir sıra nailiyyətlərin əldə edilməsinə imkan verəcək. Misal üçün, komitə yanında Dövlət Metrologiya Xidmətində saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə, Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına kömək edəcək. Bundan başqa, komitə yanında Dövlət Metrologiya Xidməti tərəfindən verilən kalibrləmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınmasına, yerli müəssisələrdə məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanınmasına müsbət rəyin yaradılmasına, həmçinin Ümumdünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsinə və ticarətdə texniki maneələrin aradan qaldırılmasına imkan verəcək”.

Ramiz Həsəsnov deyib ki, 2015-ci ilin yanvar ayından Komitənin müxbir üzv kimi təmsil olunacağı Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın əsas funksiyaları isə qanunverici metrologiyanın ümumi prinsiplərini müəyyən etmək, müxtəlif dövlətlərdə mövcud olan ölçmə vasitələri ilə bağlı hüquqi tələblərə dair məlumatları ümumiləşdirmək, qanunverici metrologiya sahəsində mövcud tələbləri beynəlxalq qanunvericiliyə harmonizə etmək, metrologiya üzrə vahid model qanunlar qəbul etmək və s. məsələləri əhatə edir: “Müxbir üzvlər Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın texniki işində, təşkilatın əsas qurumu olan Qanunverici Metrologiya üzrə Beynəlxalq Komitənin iclaslarında müşahidəçi kimi iştirak etmək və müvafiq sənədlərlə tanış olub onlara şərh vermək hüququna malikdirlər. Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzvlük digər dövlətlərin qanunverici metrologiya sahəsində ən yaxşı təcrübəsinin öyrənilməsi, yeni texnologiyalar, ölçmə vasitələrinin uyğunluğunun qiymətləndirilməsinin yeni metodları və s. barədə təcrübə mübadiləsi aparmağa imkan verir”.

Komitə sədri bu təşkilatda təmsilçiliyin ölkəmizin qanunverici metrologiya sahəsində maraqlarının beynəlxalq müstəviyə çıxarılmasına şərait yaradacığını deyib.

Naibə QURBANOVA


Müəllif: