“Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, cari ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28.9 faizə sahib olub: “Göründüyü kimi, sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir. Bu o deməkdir ki, ümumi artım tendensiyasında kordinal dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) qapayırlar.
Bütövlükdə, həmin müddətdə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. Qeyd edək ki, son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir”.
İqtisadçı analoji dövrdə ümumi ixracatın həcminə də toxunub: “Cari yarım ildə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır”.