19 Avqust 2023 11:30
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda növbəti toxum sərgi-satış yarmarkası keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Tədbir Nazirliyin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar innovasiya festivalları çərçivəsində keçirilib. Heydər Əliyev parkında keçirilən tədbirdə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarından olan fermerlər iştirak edib.

Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkalar yerli toxum bazarının formalaşması, sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulması məqsədi daşıyır.

Tədbirin açılış mərasimində çıxış edən Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış addımlar və bölgələrdə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov diqqətə çatdırıb ki, bu gün Şamaxıda təşkil edilən yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Bölgələrdə bu cür yarmarkaların keçirilməsi fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin etmiş, eyni zamanda toxum istehsalçıları ilə fermerlərin birbaşa əlaqə qurmasına zəmin yaratmış olur.

Aqrar Xidmətlər Agentliyinin sədr vəzifəsini icra edən, sədr müavini Cəfər Məhərrəmov fermerlərin sertifikatlı toxumlarla təminatı istiqamətində bu kimi yarmarkaların mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, fermerlər üçün sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi əsas hədəflərdən biridir və yarmarkalar bu hədəfə nail olmağa köməklik etmiş olur.

Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva yüksək məhsuldarlığın əldə edilməsi üçün ilk növbədə rayonlaşmış və sertifikatlaşmış əkin materialının seçilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, yarmarkalarda fermerlər fərqli seçim imkanı qazanır, iqlim şəraitinə, torpağın xüsusiyyətlərinə tam uyğun toxum əldə etmək imkanı qazanırlar.

Tədbirdə fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, aqrotexniki qulluq qaydaları barədə ətraflı məlumatlar verilib. Toxum sərgi-satış yarmarkası ilə yanaşı festivalda kənd təsərrüfatında ixtisaslaşmış çoxsaylı şirkətlər tərəfindən texnika, aqreqatlar, pilotsuz uçuş aparatları, suvarma texnologiyaları, gübrə, pestisid nümunələri, əkin materialları sərgilənib. Festival ərzində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət müəssisələrinin mütəxəssisləri tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq fermerlərə məlumat verilib, eləcə də bir sıra özəl şirkət nümayəndələri tərəfindən aqrar kredit xidmətləri barədə maarifləndirmə işləri həyata keçirilib.

Festivalda regionun prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Şamaxı Üzüm Tingçilik Mərkəzinin mütəxəssisləri fermerlərə təlim keçiblər. Qeyd edək ki, növbəti toxum sərgi-yarmarkası avqustun 25-də Ağstafa rayonunda təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər