Rusiyanın enerji şirkəti "Qazprom" öz istehsal etdiyi mayeləşdirilmiş təbii qazı (LNG) ilk dəfə olaraq Şimal Dəniz Yolu ilə nəql etdiyini açıqlayıb.
Teleqraf.com şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, “Velikiy Novqorod” adlı LNG tankeri Rusiyanın “Portovoya” yatağında istehsal etdiyi təbii qazı Çinə daşıyıb.
Açıqlamada şirkətin LNG daşımalarını ilk dəfə Şimal Dəniz Yolu ilə həyata keçirdiyi və yeni marşrutun Asiya-Sakit Okean bölgəsinə LNG daşıma müddətini əhəmiyyətli dərəcədə qısaltdığı qeyd edilib.
Rusiyanın “Süveyş kanalına alternativi” adlandırılan Şimal Dəniz Yolu ilə 2014-cü ildə 4 milyon ton yük daşınıb. Ötən il yükün həcmi 34 milyon tona çatıb.
Rusiya hökuməti 2030-cu ilə qədər Şimal Dəniz Marşrutu ilə daşınan yüklərin həcmini 100 milyon tondan çox artırmağı hədəfləyir.
Tokiodan Hamburqa gedən konteyner gəmisi Süveyş kanalı ilə təxminən 48 gün səyahət etməli olsa da, bu müddət Şimal Dəniz Yolu ilə təxminən 35 günə endirilir.