11 Avqust 2015 16:53
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin öz milli valyutası olan yuanı ABŞ dollarına nəzərən təqribən 2 faiz həddində ucuzlaşdırması təkcə bu ölkə üçün deyil, bütövlükdə dünya iqtisadiyyatı üçün də gərəkli və düzgün atılmış addım sayılır.

Ekspertlər belə hesab edir ki, əslində, Çin hökuməti sözügedən addımı bu ilin əvvəlində atmalı idi. Çünki ölkənin ixracatı artıq, xeyli müddət idi ki, yaxşı vəziyyətdə deyildi.

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, ötən müddət ərzində adı çəkilən ölkənin mərkəzi bankı olan Xalq Bankı tərəfindən ixracın dəstəklənməsi üçün çox addımlar atılsa da, müvafiq işlər görüsə də, yuanın ucuzlaşdırılması bütün bunlardan vacib idi: “Çünki dolların birtərəfli qaydada möhkəmlənməsi dünya iqtisadiyyatının aparıcı ölkələrini böhrana və iflasa sürükləyir. Bunun müqabilində digər valyutaların dəyərlərinin sabit saxlanması isə iqtisadi aktivliyi günbəgün öldürməkdədir. Bu isə rəqabət qabiliyyətliliyin heçə enməsi deməkdir. Hansı ki, bu sahədə dünyada əsas “söz sahibi” Çindir. Ümumiyyətlə, dünya iqtisadiyyatının hazırki vəziyyətinin müşahidəsi belə deməyə əsas verir ki, ABŞ iqtisadiyyatının 2008-2010-cu illər böhranından sonra zirvəyə doğru irəliləyişinin qarşısını yenə yalnız, məhz Çin iqtisadiyyatı və onun tezliklə sabitləşməsi ala bilər. Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatı həmişə gizli və aşkar ABŞ iqtisadiyyatının yedəyində gedib. Cari ilin mart ayından məlumdur ki, avronun da dəyərinin ucuzlaşdırılması siyasəti yeridilir. Lakin Aİ üçün Yunanıstan “yarası” Vaşinqtonun lehinə işləməkdədir. Odur ki, yuanın ucuzlaşdırılmasını Çin hökumətinin ABŞ-a qarşı bir növ iqtisadi ultimatumu kimi də dəyərləndirmək olar. Bu, ilk növbədə sözügedən ölkənin öz bazarına sabitlik gətirməklə yanaşı, dünya iqtisadiyyatına da təsir göstərəcək”.

Ekspertə görə, Çində iqtisadi sabitlik bərpa olunmasa, Aİ iqtisadiyyatı böhrandan çıxa bilməyəcək, ABŞ-da hazırki iqtisadi irəliləmə isə gec-tez istər-istəməz “yoxuşla” üzləşəcək.

Yeri gəlmişkən, ABŞ-ın mərkəzi bankı olan Federal Rezerv Sistemi də xeyli müddətdir ortaya atdığı baza faiz dərəcəsini artıracağı söhbətini bundan sonra çətin ki, “dilə gətirsin”.

İqtisadçı proqnoz verir ki, dünyada valyutalar müharibəsi yeni alov əldə edir, bu dəfə isə vəziyyət açıq müstəviyə keçir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər