Azərbaycanın “Neuron Technologies” şirkəti hazırda Mərkəzi Asiya və Afrikanın bir sıra ölkələrində beynəlxalq tenderlərdə iştirak edir.
Şirkətdən Teleqraf.com-a bildirilib ki, “Neuron Technologies” hazırda Tanzaniyanın Gəlirlər İdarəsinin tabeçiliyində olan Vergilərin idarə edilməsi İnstitutu üçün “İnteqrasiya edilmiş Tələbə məlumatlarının idarə edilməsi sisteminin işlənib hazırlanması və tətbiqi, habelə həmin sistem üçün avadanlığın təchizi” üzrə beynəlxalq tenderdə iştirak edir. Layihənin icra müddəti 1 ildir.
Qeyd edək ki, Azərbaycan şirkəti sözügedən tenderdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Böyük Britaniya, Tanzaniya, Hindistan, Birləşmiş Ərəb Əmirliyindən ümumilikdə 9 şirkətlə rəqabət aparır. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 2 ay müddətində məlum olacaq.
“Neuron Technologies” şirkəti bu rəqabətli prosesdə artıq ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiqinə başladığı “Unibook” tədrisin informasiya idarəetmə sisteminə əsaslanan “İnteqrasiya edilmiş Tələbə məlumatlarının idarə edilməsi” həlli ilə iştirak edir. Azərbaycanda tətbiq edilməkdə olan bu sistem təhsil üzrə beynəlxalq ekspertlərin müsbət rəyini alıb.