Həyat böyük məsələdir, ölüm ondan da böyük məsələ.
Mənim düşüncəmə görə, ölümdən sonra həyat nağıllarına mütləq inanmaq lazımdır, ümid gözəl şeydir. Hətta yalan olsa belə fikirləşməlisən ki, nə vaxtsa yenidən doğulacaqsan, yaranacaqsan və yenidən dəyişib başqa formaya keçəcəksən.
Ən qəribəsi budur ki, bütün bunları bilən, oxuyan, dərk eləyən bir çox “ədəbiyyat adamlarımız” görəsən, niyə öz mətnləri uğrunda bu qədər döyüşürlər, vuruşurlar, canfəşanlıq göstərirlər?
Öz aramızdı, Mirzə Cəlil o qədər böyük əsərlər yazıb, Haqverdiyev o qədər mətnlər qoyub ortaya, Kafka, Dostoyevski, Tolstoy nələr yaradıblar, amma bu gün onlar həyatda yoxdur.
Bəs görəsən, “Məhkəmə”ni, “Qəsri”, “Cinayət və Cəza”nı, “Karamazov qardaşları”nı, “Səfilləri”, “Anna Karenan”ı, “Ölülər”i, “Anamın kitabını”, “Pəri cadu”nu kimlər qoruyur, kimlər o mətnləri əlində ağac müdafiə eləyir?
Bizim həmən yazıçılar heç Azərbaycanda düz-əməlli tanınmırlar, təqdir olunmurlar, nəinki, onlar dünyada özlərini təsdiq edələr, dünyada kitabları yayıla, Orxan Pamuk, Murakami, Umberto Eko, Pelevin kimi qəbul olunalar.
Elə bilirsiniz qəbul olunmaq elə-belə məsələdir?
Bu sözü tez-tez deyirəm, Azərbaycanda dərin erudisiyası, intellekti, savadı, istedadı olan və eyni zamanda şəxsiyyətini də qoruyub saxlayan heç olmasa, üç-beş nəfərin adını çəkin ki, o, hansısa bir kitab haqda rəy versə, o kitab nəinki yüz minlərlə, heç olmasa, yüz tirajla satılar.
Bizim bir çox ədəbiyyat adamları hər şeyi – əxlaqı, mənəviyyatı öz ömürləri ilə ölçürlər. Fikirləşirlər ki, mən öldümsə, vəssalam, hər şey qurtardı.
Adil Mirseyidin bir şeiri var, daha doğrusu, şeirindən bir misranı xatırlayıram həmişə. Deyir, dünyada ən ağır dərddi yazdığın şeirdən, əkdiyin ağacdan uzun yaşamaq.
Hərçənd ki, Adil müəllim də, səhv eləmirəmsə, şeirlərin çox istəyən şairlərdən idi, amma o, bu gün həyatda yoxdu, nə olsun yoxdu, əsas odur ki, onun misrasını xatırlayıram.
Deməli, yaxşı şeir, yaxşı mətn özünü qorumağı bacarır, özü də bu cür, Adil Mirseyidin misrası kimi. Və yaxud Əli Kərimi kimdir yaşadan? Əlbəttə, şeirləri.
Bəs siz nəyin dərdindəsiniz, nəyin uğrunda mübarizə aparsırsınız, nəyi sübut eləmək istəyirsiniz? Doğrudan, vəziyyətin nə qədər ağır olduğunun və nə qədər gülməli olduğunun fərqində deyilsiniz? Fərqindəsinizsə, bəs dərdiniz nədir? Heç ədəbiyyatı da bu qədər ciddiyə alarlar? Heç ədəbiyyatla bu qədər yaşayarlar?
Əslində, biz hamımız bir ədəbiyyat adamı kimi, bir-birimizə uduzduq. Heç kəs düşməninə uduzmadı, hamı dostuna uduzdu. Belə bir vəziyyətdə bizə ancaq mətndən danışmaq düşür, heç olmasa, o mətnləri yazmaq lazımdır.
Di gəl mətndən danışırsan, hamı özü haqqında yüksək fikirdədir. Hamı elə bilir ki, yaxşı yazır. Bəs doğrudan da, ən yaxşını seçən kimdir? Görəsən, haqq-ədalət harda qalıb, haqq-ədalət harda rəhmətə getdi, heç olmasa, qəbrinə gül qoyardıq.