Bu gün mərhum müğənni İlhamə Quliyevanın doğum günüdür.
Teleqraf.com xəbər verir ki, bir sıra sənət adamları İlhamə Quliyevanı sosial şəbəkədə yad ediblər. Səslənən fikirləri təqdim edirik:
Xatirə İslam: “Böyük sənətkar İlhamə xanım, Allah sizə rəhmət etsin! Nur içində yatın!”.
Rəqsanə İsmayılova: “İlhamə xanıma Allah rəhmət etsin! Bu gün ad günüdür”.
Aybəniz Haşımova: “Səsini sevdiyim İlhamə xanım, dünən “Space” televiziyasında qonaq idim. Soruşdum ki, sabah İlhamə xanımın doğum günüdür, bilirsiniz? Dedilər bəli, reportaj hazırlamışıq. Bu, məni çox sevindirdi. Əsl səs unudulmayanda mən çox sevinirəm. Qədirbilən Azərbaycan, sizin sənətkara və sənətkarlara olan sevginiz qarşısında baş əyirəm!
İlhamə xanımın ömrünün sonuncu günü siz bunu sübut etdiniz. Dediniz ki, səni sevdiyimiz kimi, sənə sahib çıxmağı da bilirik. İlhamə xanımın niyəsə ölümünə inanmıram. Mənə elə gəlir ki, o qayıdacaq. Bir insanın yeri nə qədər görünərmiş, ay aman! Deməli, hədər yaşamayıb. Doğum günün mübarək sənətkar!”
Könül Kərimova: “Allah sizə rəhmət eləsin! Yeriniz behişt olsun! Nur içində yatın!”.
Əkbər Əlizadə: “Sənətkarı doğum günündə yad edək! Ruhu şad olsun”.
Tarix (Tolik) Əliyev: “Allah sizə rəhmət eləsin! Bu gün sağ olsaydınız, inanın ki, bütün məşhurlar instaqramda sizin fotonuzu paylaşıb “kraliçamız, primadonnamız, anamız, atamız, böyüyümüz” yazıb, sizi təbrik edərdilər. Amma həyat fanidir, siz öldünüz, üzünü dartdırıb, dodağına bir kq boya çəkən, özünə illərlə ad günü keçirməyən, amma sizdən sonra təmtəraqlı ad günü edənlər, özlərinin şou-biznesdə böyük fiqur sayanlar kim… Amma onlar elə özləri üçün fiqurdurlar. Şəxsən mənə elələrinin sözləri vız gəlir. İlhamə Quliyeva getsə də, onun adını çəkib gündəmdə qalanlar var. İlhamə xanım ölümündən 4 gün əvvəl fəxri ad almağım münasibətilə təşkil etdiyim tədbirə gəldi. Mənə pul verirdi, istəmədim. Çünki İlhamə xanımın gəlişi 1.000.000-a dəyərdi. Mənə dedi ki, özümü pis hiss edirəm. Həmin gün heç nə yemədi. Amma canlı oxudu, deyib güldü”.
Natavan Həbibi: “Allah sizə rəhmət etsin! Yeriniz elə görünür ki. Bu gün ad gününüzdür. Gözəl, bəzənib-düzənib gələcəkdiniz, hamı ətrafınıza toplanacaqdı, səmimi söhbətlər, zarafatlar edib, deyib-güləcəkdiniz. Sonra kövrəlib, ananızın yanınızda olmasını istəyəcəkdiniz. Ondan sonra bütün çiçəkləri götürüb, qəbrinin üstünə aparacaqdınız. Bu gün - doğum gününüzdə o gül-çiçəklərlə məzarınıza baş çəkirik”.
Xatırladaq ki, İlhamə Quliyeva avqustun 17-də Lənkəranda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Xalq artisti bu il qəflətən 72 yaşında vəfat edib.
Rəqsanə