Bu gün Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür. Teleqraf.com payızda dünyaya göz açan bu gözəl aktrisamızla qısa müsahibəni təqdim edir:
-Sənubər xanım, deyəsən, soyuqlamısınız.
-Doğrudur, məni yaman yerdə yaxaladınız. (gülür)
-Doğum günlərini sevmədiyinizi bilirəm. Bu, bu günü qeyd etmədiyiniz anlamına da gəlirmi?
-Ailəmlə həmişə qeyd edirik. Evdə olub nələrsə fikirləşirik. Amma hay-küylü, geniş miqyasda qeyd etməyi sevmirəm. Çünki həmişə düşünürəm ki, kimisə dəvət edəndə sanki onu məcbur edirsən. Bəlkə işi ola bilər. Qonaq dəvət edəndə özümü narahat hiss edirəm. Ona görə heç vaxt keçirmirəm. Kim özü gəlir sağ olsun, kim təbrik edir Allah razı olsun.
-Sovestkidə böyüyüb, boya-başa çatmısınız. Orda keçən doğum günlərini necə xatırlayırsınız?
-Uşaqlıqda böyüklər yığışır, onlar özləri üçün yeyib-içir kef edirlər. Sənin yadında ancaq hay-küy qalır. (gülür) Bir az böyüyəndə məktəb qızları evə gəlirdilər, yığışıb qeyd edirdik. Qızlarla daha şən olurdu.
Sovetski olduğuna görə xüsusi nələrsə olmurdu. Əsas olan niyyət olub, əsas olan ora yığılan, səni təbrikə gələn insanların niyyəti, arzuları, duaları olub. Mənim üçün əsas olan səmimi qəlbdən, içdən gələn istəklər olub. O həmişə gözəl olub.
-Unutmadığınız, tez-tez xatırladığınız elə doğum günü var?
-Müxtəlif illərdə müxtəlif cür qeyd etmişik. İçərilərindən hansınısa seçib önə çəkə bilmərəm. Sadəcə həyatımda valideynlərimdən bu yanan itirdiyim insanlar var ki, onların olduğu doğum günləri tez-tez xatırlanır. Doğum günümdə tamaşa oynamışam, qastrolda da olmuşam. O daha maraqlı olub.
-Bu gününüz necə keçəcək? Teatra gedə biləcəksinizmi?
-Bu xəstəliklə mən, deyəsən, evdən çölə çıxa bilməyəcəm. Teatrdan zənglər gəlir, hamı sağ olsun, heç kim unutmur. İstər teatrda, istər tanış-biliş, istər feysbukda...Səhərdən telefonu qoyub, götürürəm.
-İlk hədiyyəni kimdən aldınız?
-İlk təbriki və hədiyyəni balaca nəvəmdən aldım. Dünən nəvəm kağızdan düzəltdiyi gülü qaça-qaça gəlib mənə verib. Bu mənim üçün bir dünyadır.
-Sizə hədiyyə alan adamların ilk seçimi nə olmalıdır?
-Mən ağ gülləri çox sevirəm. Onlar da hər il şükürlər olsun ki güldanımda olur. Bax elə indi də güldandadır.
-Gül əkməyi necə, xoşlayırsınız?
-Bağ evində əkirəm. Amma evdə gülüm yoxdur. Nəsə gülləri evə həbs eləməyi sevmirəm. Daha çox bağ yerində xoşlayıram.
-Bu mövsüm sizi teatrda yeni rolda görəcəyik?
-Ötən mövsümdən qalan “21:15” tamaşasını oynayıram. Yeni rol gözlənilir, amma hələki, dəqiq bir söz deyə bilmərəm. Serial təklifi də var. Amma o da dəqiq deyil.
-Yeri gəlmişkən, bir serialın reklamında da sizi görmüşdüm, amma deyəsən üzə çıxmadı.
-Doğrudur, reklam olundu, tizer forması çəkildi. Belə işlər olur. Özünüz də bilirsiniz ki, indi hər şey maddiyyata bağlıdır. Təklif edirlər ki, tizerdə çəkilək bəlkə sponsor tapılar. Belə təkliflər çoxdur və mən artıq bu təkliflərə getmirəm. Hər şey dəqiq olandan sonra qatılıram. Əks halda qeyri-müəyyənlik olur. Onları da başa düşürəm, hamı nəsə eləmək istəyir. Amma belə də iş getmir.
Nərmin Muradova