Azərbaycanın iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” filminin təqdimat tarixi bəlli olub.
Teleqraf.com xəbər verir ki, məşhur türkiyəli aktyorların rol aldığı “Ağır romantik” 2020-ci il fevralın 28-də izləyicilərə təqdim olunacaq.
Film ilk dəfə İstanbulda qala gecə də türkiyəli izləyicilərin ixtiyarına veriləcək. Daha sonra “Ağır romantik”in Azərbaycanda böyük təqdimatı planlaşdırılır. Filmin qəhrəmanı Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızdır.
O, Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar.
Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir. Kərəmin atası (Altan Erkekli) İstanbulun ən böyük oğru dəstəsinə rəhbərlik edir. Aslının dayısı isə Təhlükəsizlik Müdiridir (Sermiyan Midyat) və məqsədi bu qarətçi dəstəni çökdürməkdir.
Qeyd edək ki, Onur Tuna hazırda Türkiyənin reytinqli serialı olan "Möcüzə doktor"da rol alır.