Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli "Səhər-səhər" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Nailə Mirməmmədli 16 yaşlı oğlunun ölümündən danışıb: "Övlad acısını çəkməyi heç düşmənimə də arzulamaram.
Alnımı möhürə qoyub, şükür edirdim ki, onu müsəlman kimi dəfn etdik. Yoxsa tapılmaya da bilərdi. 16 yaşının tamam olmasına bir həftə qalmışdı. Mən fortepiano arxasında tələbə ilə idim. Evdə oğlumun çox sevdiyi pişiyi var idi. O anda tələbə dayanmışdı, pişik gəldi, əllərimin üzərində ulamağa başladı.
Heç nə başa düşmürdüm, bu anda Hikmətə zəng elədilər. Evdə vurnuxurdu, nəyisə axtarırdı, özünə deyildi. Sən demə ona zəng ediblər. Biz oğlumuza dənizə getməyə icazə verməmişdik ki, özümüz gedəcəyik. O isə getmişdi.
Sonra Hikmət mənə xəstəxanadan zəng elədi ki, qorxma, bir az su udub, dur gəl.
O anda mənə heç nə təsəlli vermirdi. Bir xanım mənı dedi ki, bizim bu gün şəhidlərimiz var. Sənin ağlamağa ixtiyarın var? Utandım ağlamağa. Ölüm haqdır, qismətə çox inanıram. Onların övladları bizi, övladlarımızı qorumaq üçün şəhid olublar. Çox vətənpərvər insanam".
Qeyd edək ki, Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı olub.