10 İyul 2020 13:43
3 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülyanaq Məmmədova karantin günlərinin əhvalını bölüşüb, bu istiqamətdə sualları cavablandırıb.

Teleqraf.com onunla müsahibəni təqdim edir.

- Gülyanaq xanım, karantin rejimini necə keçirirsiniz?

- Karantini evdə keçiririk, bina evində yaşayıram, dördüncü mərtəbədə. Eşiyə yalnız həyat yoldaşım bazarlıq etmək üçün çıxır. Onda da əlinə spirt vurur və bütün qaydalara riayət edir. Hələ ki Allaha şükür salamatlıqdır. Son vaxtlar qorxu içindəyik.

Yaxın zamanlara qədər koronavirusa yoluxanlar haqda yalnız efirdən eşidirdik. İndi isə onlar ətrafımızdadırlar. Ən yaxın dostumuz, əməkdar incəsənət xadimi Etibar Babayevi itirdik. Onun ölümü mənə və Gülyaza çox pis təsir elədi. Musiqiçi dostlarımın ailəsindən də koronavirusa yoluxanlar, ailəvi xəstəxanaya düşənlər var. İnsan özünü ələ almağa çalışır. Amma inşallah, yaxın zamanlarda vaksin tapılar və xəstəlik bitər. Mən də çarəsiz insanlardanam.

Onu da deyim ki, virusa yoluxan bəzi insanlar ilk vaxtlarda qorxur, bu haqda bilgi vermirlər. Qınaqdan çəkinirlər ki, deyəcəklər virusa yoluxub. Ağırlaşanda xəstəxanaya müraciət edirlər. Belə olmamalıdır.

Bunu vaxtında etsək, özümüzün və yaxınlarımızın sağlamlığını qoruyarıq. Xəstəxanalarda da yer yoxdur. İnsanları da qınamalı deyilik, hamı çaşqın vəziyyətdədir. Sadəcə bütün qaydalara riayət etməliyik, xüsusilə də təmizliyimizə.

Bir az öncə bacılarımla görüntülü danışırdım. Televiziyalara belə çıxa bilmirəm, bacım Masazırdan avtobusla gələcək. Bilmirsən kimdə virus var. Bir az biri soyuqlayan kimi narahat oluruq ki, virusa yoluxub. Qorxu içindəyik. Adam bilmir başını nə ilə qatsın. Özündən qorxmursan, ailəni, yaxınlarını düşünürsən. Balalarımızı yerbəyer etmək istəyirik.

Ancaq özümüzə təsəlli verməyi də bacarmalıyq. Biz ağır qriplərdən keçmişik. İnşallah, COVID-19 da keçər.

- Şəki şəhərində da sərt karantin rejimi elan edildi. Oradan nə xəbər var?

- Hələ ki, şükür, Şəkidə virusa yoluxan yoxdur. Yəni mən eşitməmişəm. Apreldə getdim bir ay yarım rayonda qaldım. Öz həyətimiz var və çox insanla ünsiyyətdə olmurduq. İndi rayona icazəm olmadığına görə getmirəm. Adımdan istifadə etməyi sevmirəm. Qanun hamı üçün qanundur. Hamı kimi qanunlara riayət edirəm. Hərə öz evində olsa daha yaxşıdır.

Hər gün anamla və Türkiyədə yaşayan qayınanamla əlaqə saxlayıram. Hər ikisi yaşlı insanlardırlar. Qaynım qaynanamın yanında idi, martda Bakıya gəldi və burada qaldı. Karantinə görə gedə bilmədi.

- Gülyanaq xanım, toy yoxdur. Bir çox sənətçilər pulsuzluqdan və kreditdən şikayətlənirlər. Sizdə vəziyyət necədir?

- Hələ ki dolanırıq. Kreditim yoxdur və həmişə kredit götürməkdən qorxmuşam. Yalnız maaşla dolanırıq, ailəmiz də böyükdür, anam, bacılarım, qardaşım var. Hazırda ancaq yeməyə pul xərcləyirik. Yeddi aydır Gülyazla birlikdə toy oxumamışıq. Maaşımız da elə çox deyil. Ən önəmlisi sağlıq olsun.

- Bir müddət əvvəl Elza Seyidcahan dedi ki, səhhətində problem yarananda ona kömək etmisiniz...

- Elza Seyidcahanın yanına getmişik. Neyləmişik ki, sənət dostumuzdur... O, fərqli və saf insandır. Onda paxıllıq, kin yoxdur, nə var dilindədir. Sözünü də deməkdən qorxmayan qızdır. Sadəcə iş yoldaşı kimi ona baş çəkdik və çox sağ olsun ki, bizim balaca diqqətimizi dəyələndiririb.

- Bu ara kasıb ailələrə kömək etdinizmi?

- İnanın, kimisə sevindirəndə ən xoşbəxt insan oluram. Elə bilirəm ki, dünya mənimdir. Amma özümüzün ailəmiz böyükdür. Yaxın zamanlarda konsert verdik və çox maliyyə xərclədik.

Biz sabah kiməsə ağız açmağa utanırıq. İndiki vaxtda kim kimə borc verər? Əlbəttə, Allahın verdiyinə şükür. Amma düşünürdük ki, iyul-avqust aylarında toy olar, olmadı. İki ay da məhərrəmlik olacaq. Ondan sonra da canımıza qorxu salıblar ki, ikinci dalğa gələcək. Ürək əsməcəsi tapmışıq.

- Qohumlar arasında koronavirusa yoluxan yoxdur ki?

- Qohum-əqrəbalarımın çoxu kənddə yaşayır. Şükür Allaha, virusa yoluxan yoxdur.

- Hər hansı kənar gəlir sahəniz varmı?

- Heç vaxt biznesim olmayıb. Nə qazanmışıqsa, səhnə geyimlərinə, səs yazısına, konsertlərə xərcləmişik. Maaşla yaşamaq da mümkün deyil. Konsert verirəm və heç bir musiqiçinin pulunu kəsmirəm. Onların da ailələri var.

Altımıza yığıb oturmamışıq. Nə bir obyektim, nə gözəllik salonum, nə də həyət evim var. Amma indi onun peşmanlığını çəkirəm. Vaxtilə Gülyazla çox qazanmışıq, ailəmizə kömək etmişik. Vallah, villam yoxdur, Qubada, Qəbələdə, doqquzuncu mikrorayonda... Harada cüt villa var, elə bilirlər, bizimdir. Təki onun yarısı olardı...

Qazancımıza görə tək özümüzü düşünsəydik, çox şeyimiz olardı, lap elə həyət evimiz də... Amma ağlamıram, şükür Allaha, yaşamağa evimiz var, bina evidir. Hazırda yalnız sağlamlığı və yeməyi düşünürük. Kimin də villası varsa, sağlığına qismət. Həmişə Allaha dua edirəm ki, mənə ehtiyacım olan qədər versin.

- Yaxın günlərdə mətbuatda "Qaynanalar həmişə haqlıdır" fikriniz birmənalı qarşılanmadı.

- Qaynana deyəndə hansı anaya pis demək olar? Hər evdə anlaşılmazlıq olur, amma elə edək ki, hər şeyi büruzə verməyək. Demədim ki, daim qaynanalar haqlı olur.

Elə qaynanalar da var ki, əzazildi, gəlini yola vermir. Yəni hər iki tərəfdə səhv ola bilər. Dediyim kimi, heç bir ana haqda pis deyə bilmərik.


Müəllif: Rəqsanə Həsənova