22 Yanvar 2021 09:28
2 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karate üzrə dünya çempionu və Dünya Kubokunun sahibi Şahin Atamov Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Şahin bəy, pandemiya idmanla bağlı hansı planlarınızı təxirə saldı?

- Lisenziyalı bir çox idman yarışları təxirə düşdü. Amma yeni başladığım kombat idman növündə üç döyüşüm olub. İki nakautla qalibiyyət qazandım, bir oyunda isə hakim qərarı ilə məğlub oldum. Növbəti döyüşüm bu il mayda baş tutmalıdır. Yarış Amerikada olacaq, amma hələ ki tam dəqiqləşməyib. Bu haqda döyüşdən əvvəl məlumat verəcəklər.

- Siz 84 kiloqram çəki dərəcəsində döyüşürsünüz. Bir çox idmançılar artıq çəki almaqdan şikayətlənirlər. Sizdə vəziyyət necədir?

- 84 kiloqram çəki dərəcəsində döyüşürəm, amma bu çəkidən yuxarı idim. Məşq olmayanda çəki artır. Məndə çəki artımı olmadı, normaldı. İdman zallarına pandemiyaya görə qadağa qoyulub. Amma biz açıq havada məşqimizi davam etdirirdik.

Çünki professional idmançı üçün məqşsiz qalmaq mümkün deyil. Məşq etməsən, nəticəni unutmalısan. Gündə dörd saat məşqlə məşğul oluruq. İdmançı dostlarımla görüşüb, yer tapıb məşq edirdik.

- İdmançı olaraq uğurlarınız çoxdur, Dünya Kubokunun sahibisiniz. Niyə digər həmkarlarınız qədər tanınmırsınız?

- Ümumiyyətlə, hər bir insanın öz yolu var. Düzdür, 24-25 yaşlarında tanınmağa can atırdım ki, məni də çəksib göstərsinlər, məşhurlaşım. Bu halları gördükcə düşünürsən ki, ən önəmlisi məşqinlə məşğul olmağındı. Belə deyək, ulduzluğu biz də yaşamışıq... Hamının nəzəri sənin üzərində olur. Məndə elə olanda işlərim düz gətirmir, uğursuzluq baş verir.



- Nəfsə inanırsınız?

- Əlbəttə, inanıram. Məsələn, hamı biləndə ki, yarışa hazırlaşıram, sanki əl-ayağım bağlanır. Döyüşdə heç nə edə bilmirəm. Amma yarışa gedəcəyimi heç kim bilməyəndə və gözdən uzaq məşq edəndə qalib gəlirəm, hətta düşündüyümdən daha yüksək nəticə əldə edirəm.

Düzdür, fikrini tam buna yönəlmək də düzgün deyil. Televiziyalara da çox dəvət edirlər, amma mən gedə bilmirəm. Verilişlərə yaxın dostlarımı məsləhət görürəm. Şükür Allaha, tanıyan tanıyır və bu sahədə az əziyyətim olmayıb. Mənim üçün ölkəmi tanıtmaq, bayrağımızı dalğalandırmaq böyük şərəfdir.

- Döyüşlərə hazırlaşan zaman özünüzü nədən məhrum edirsiniz? Bəzi həmkarlarınız sosial şəbəkələrdən uzaqlaşırlar və sair...

- İdman yarışına hazırlaşanda müəyyən sərhədlərim olur. Məsələn, qidama fikir verirəm, məşqimə düzgün vaxt ayırıram. Hər professional idmançı yarış ərəfəsində çox şeylərdə özünə qadağa qoyur.

- Neçə medalınız var? Medallarınızın sayını bilirsiniz?

- Medallarımın sayı çoxdur. Təxminən 220-230 medal olar. Bütün medallarım mənim üçün əzizdir. Medal idmançının əziyyəti, zəhməti, keçdiyi yoldur. 1997-ci ildə qazandığım medalın yarısı qalıb, amma onu da saxlamışam. Hər dəfə medallarımı təmizləyirəm, əzizləyirəm.

- Səkkiz yaşınızdan idman ilə məşğul olmağa başlamısınız. Bu sahəyə gəlişiniz necə baş verdi?

- İdman Akademiyasını bitirmişəm. Qohumuzun məclisində iştirak edirdik. Uşaq vaxtı kombat oyununu çox sevirdim və personajları canlandırırdım. Bunu isə bir tanış gördü və valideynlərimə məni idmana aparmağı məsləhət gördü. Beləliklə, idmana Seymur və Şahin Xudaverdiyevin yanında başladım. Bu günə qədər mənim müəllimim onlardır.

Mən kiminlə başlayıramsa axıra qədər onunla gedirəm, eləcə də mənim müəllimlərim. 1996-cı ildən bu günə qədər müəllimimin yanından ayrılmamışam.

Beləliklə, idmana başladım. Valideynlərimin əsas məqsədi gələcəkdə məni idmançı görmək deyildi, hiperaktiv uşaq olduğum üçün düşünürdülər ki, enerjimi sərf edim. Anam uşaq vaxtı məni heç vaxt dalaşmağa qoymurdu. Oxlovla döyürdü ki, dalaşmaq olmaz. Buna görə uşaqlar məni incidirdi. Mən də düşünürdüm ki, anam dalaşmağa icazə vermir. Ona görə də dalaşmırdım.

Yeddi yaşım var idi. İdmana başlayandan sonra məndə özgüvən yarandı. Artıq məni incidənlərə cavab verməyə başladım. Filmlərdə görmüşük ki, kim səni uşaq vaxtı incidib, böyüyəndə hamısı yadına düşür, bir-bir intiqamını alırsan... (Gülür).

Böyük yaşlarda yox, məni incidən uşaqlardan vaxtında bir-bir əvəzini çıxdım. Uşaqları blokda, məhəllədə tutub döyürdüm. Belə-belə məhəllənin şefi oldum... Sonra davalar olanda məni çağırırdılar. Təbii ki, sonra o dönəm də keçdi.

- Dünya çempionu olduqdan sonra gücünüzdən istifadə etmisiniz?

- Xeyr. Müəllimlərimiz bizə məsləhət görürdülər ki, küçədə gücünüzdən istifadə etməyin.

- Maraqlıdır, hansısa həmkarınızla mübahisə etmisinizmi?

- Bəli, məşq yoldaşlarımla olub. Amal Atayev, Rafael Ağayevlə nə qədər dalaşmışıq. Yenə də bir-birimizə qardaşıq. Ani bir hal olur, mübahisə etməyə başlayırıq. Davalarımız 20 yaşa qədər olub. İndi anlaşılmazlıq olanda bir-birimizi davasız başa salırıq...

- Müsahibələrinizdə qeyd etmisiniz ki, otellərdən dəsmal gətirmisiniz...

- Bəli, o qədər olub ki...(Gülür). 2005-ci ildən günümüz otellərdə keçib. Bunu hamımız etmişik, dəsmalı çantaya basırdıq. Uşaq ağlı... Təbii ki, sonralar tərgitdim.

- Siz şanslı dünya çempionlarındansınız ki, zədəniz azdı...

- Düzdür, zədələrim az olub, amma dodağıma tikiş vurulub, bir dəfə qolum çıxıb. Bir çox idmançı dostlarımızın zədələri isə çoxdu, xeyli əməliyyatlar keçiriblər. Mənimsə bir əməliyyatım olub, öd kisəm çıxarılıb. Bu hal 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarından əvvəl baş vermişdi.

Əməliyyatdan sonra iki ay məşqdən uzaq qaldım. Həmin ərəfədə Avropa çempionatına getdim və üçüncü yerə çıxdım.

Sizə bir hadisə danışım. 2009-cu ildə Füzulidə hərbi xidmətdə idim. O zaman ölkəmizdə Respublika çempionatında iştirak etməli idim. Müraciət etdim, məni yarışa buraxmadılar. Bir əsgər yoldaşım dedi ki, özünü xəstələndir və qospitala aparsınlar. Qospitaldan sonra məzuniyyətə gedəndə yarışa qatılarsan. Mən də artezian suyu ilə başımı yudum və dağa qalxdım ki, mənə soyuq olsun. Noyabr ayı, su buz kimi idi.

Dağa çıxanda başım gicəlləndi, yıxıldım. Təcili yardım maşını gəldi və dedilər ki, bu ölür. Məni qospitala apardılar. Qospitalda müalicə aldım, sonra məcburi məzuniyyətə buraxılmalı idim. Mənə 15 gün məzuniyyət verdilər, Respublika çempionatına qatıldım və yarışda birinci oldum.

Sonra medal və diplomumu komandirə göstərdim, sağ olsun, hamıya təqdim etdi. Əziyyətlə qazanılan heç nə itmir. Sonra medal və diplomumu Bakıya gedən əsgər yoldaşıma verdim ki, ailəmizə təqdim etsin. O isə hərbi xidmətə qayıdanda yalandan dedi ki, filan yerdə bir zabit medalı ondan alıb.

Bu hadisənin üzərindən yeddi ay keçdi, avtobusla Bakıya qayıdırdım. Gördüm ki, sürücü medalımı əlində fırladır. Medalı kişidən aldım, sağ olsun, o da başa düşdü. Çünki mənim halal medalım idi.

- Şahin Atamovun Rafael Ağayev və Ayxan Mamayevdən fərqi nədir?

- Fərq odur ki, hər birimizin öz tərzi və yolu var. Eyni idman növündəyik, eyni yeri, eyni sferanı bölüşürük. Amma hər birimizin öz tərzi var.



- Sizin "Mötəbər yarışlarda həyəcansız iştirak edən idmançı anormaldır, əsl idmançı hər zaman yarışlarda həyacan keçirir" fikirləriniz birmənalı qarşılanmadı. Bu haqda nə deyə bilərsiniz?

- Mən qorxunu yox, məsuliyyətdən gələn həyəcanı nəzərdə tuturam. Bu qədər əziyyət çəkmisən, səni tanıyırlar. Döyüşə çıxanda düşünürsən ki, birdən səhv edərsən.

- Dünya çempionu məğlub olmaqdan qorxurmu? Və növbəti idman yarışında məğlub olsanız, necə qəbul edərsiniz?

- Əlbəttə, o qorxunu həmişə yaşayıram. Ümumiyyətlə, uduzmağı sevmirəm. Ona görə məndə hər zaman uduzmaq həyəcanı olur. Birdən uduzaram pərt olaram...

Axırıncı kombat döyüşümdə qalib gəldim, ondan öncə baş tutan yarışda Ekvador döyüşçüsü ilə döyüşdüm. Düşünürdüm ki, artıq qalib gəlmişəm. Əl qaldırılanda Ekvador döyüşçüsünün əlini qaldırdılar və qeyd etdilər ki, 2:1 xal hesabı ilə o, qalib gəlib. Mən orada şok keçirdim.

- Hakimlərin ədalətsizliyi ilə bağlı idi?

- Bəli, bu, hakimlərin zəif yanaşması idi. Onlarla mübahisə etdim ki, filan kriteriyalara görə qalibiyyəti onlara vermisiniz. Mən daha aktiv idim və düzgün zərbə ilə döyüşdüm. Tələb etdim ki, növbəti döyüşə çağırsınlar.

Haqsızlığı sevmirəm. Həmin ərəfədə uduzduğuma görə ağlayırdım, bu zaman uduzan fransız döyüşçü gülə-gülə otağa daxil oldu. O tip insanların uduzmaq vecinə deyil. Amma karate idman növü mənim həyatımdır. Ona görə uduzanda elə bilirəm ki, həyatda uduzmuşam.

Düşünürəm ki, yalnız qalib gəlməliyəm. İnşallah ki, nöbbəti yarışda uduzmaram. Məğlub olsam çox pis olaram.

İdman yarışında uduzanda depressiyaya düşürəm, heç kimlə danışmaq istəmirəm, insanlardan uzaqlaşıram.

- Bir müddət əvvəl idman sahəsindən getmək istəmisiniz. Buna səbəb nə idi? Sizə mane olanlar vardımı?

- Xeyr, mane olanlar yoxdu, olmayıb. Pandemiyadan əvvəl elə fikrim vardı. Amma düşünürəm ki, idman karyerasını medal qazanıb, bitirmək lazımdır. Məşqçi kimi fəaliyyət göstərəcəm.

- Əkiz övladlarınız var. Onları gələcəkdə idman sahəsində görmək istəyərsiniz?

- Oğlumu hə, qızımı yox. İdman sahəsi qız üçün uyğun deyil.

- Səbəb?..

- İdman qıza kobudluq verir. Qızımı başqa sahədə görmək istəyirəm, həkim, müəllimə. Yaxud hüquqşünas və sizin kimi jurnalist ola bilər.

- Hansı xarici dilləri bilirsiniz?

- Rus dilində əla, ingilis dilində orta səviyyədə bilirəm.



- Sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Kitab çox oxumuram.

- Hansı filmi izləmisiniz?

- Film izləməyi sevirəm. Sonuncu dəfə "Çempionlar" filmini izləmişəm. Ekran əsərində keçmiş idmançıların həyatından bəhs edilir.

- Sevdiyiniz musiqi hansıdır?

- Miri Yusifin mahnılarını dinləyirəm.

- Hər hansı biznesiniz varmı?

- İki idman zalım var idi, pandemiyadan öncə işlədirdim. Hazırda pandemiyaya görə fəaliyyət göstərmir.

- Lüks həyat yaşayan idmançının adını açıqlaya bilərsiniz?

- Futbolçular lüks həyat yaşayırlar, Azərbaycan futbolçularını da nəzərdə tuturam. Allaha çox şükür, bizim də maddi vəziyyətimiz yerindədir.

- Karate idman növündə ən bahalı avtomobilin sahibi kimdir?

- Allaha şükür, bütün uşaqlarımızda avtomobil barəsində vəziyyət normaldır. Hər şeyi öz əziyyətimizlə etmişik.

Foto: Ceyhun Rəhimov



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər