23 İyun 2021 12:22
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin qərarına əsasən iyulun 1-dən ölkəmizdə toy mərasimlərinin keçirilməsinə icazə verilib.

Teleqraf.com məşhurlara belə bir sualla müraciət edib: "Toy mərasimləri iyulun 1-dən başlayır. Uzun fasilədən sonra hansı hissləri keçirirsiniz?"

Müğənni Manaf Ağayev toy mərasimlərinin başlaması xəbərinə sevindiyini deyib:

"Toy mərasimlərinin başlanmasına sevinirəm. Bu, yalnız müğənnilərə yox, çox adama problem yaradırdı. Qərara nəinki biz müğənnilər, bütün Azərbaycan sevindi. Toy qiymətlərini qaldırmağa gəlincə, belə bir şey düşünmürəm. Camaatın vəziyyəti yaxşı deyil".


Əməkdar artist Ədalət Şükürov bildirib ki, toy mərasimləri bir çoxları üçün iş yeri deməkdir: "60 faiz insanların qazancı toy sahəsinə bağlıdır. Restoranda başqa işçilər də çalışır. Hər bir müğənninin özündən başqa işçiləri də var. Onlar da evinə çörək aparır.

Özümüzü qanuna uyğun aparmalıyıq. Çoxdan peyvənd olmaq lazım idi, vaksin vurdurmaq mütləqdir. Martda vaksin vurdurmuşdum, 28 gündən sonra ikinci dozanı vurdurdum. Vaxt gələcək peyvənd olunmayan insana qəribə baxacaqlar. Əvvəl liftə minən zaman maska taxana gülürdük, indi isə liftdə maskasız insan görəndə təəccüblənirik.

Şəxsən mən liftdə maskasız insan görəndə minmirdim, deyirdim ki, siz gedin, mən sonra gələcəm. Dövlət nə məsləhət görürsə, ona uyğun hərəkət etməliyik. Peyvənd tövsiyə olunursa, onu eləməliyik. Nə qədər tez peyvənd vurdursaydıq, o qədər tez toy mərasimləri başlayardı. İnsanların çoxu bilmir, maariflənmir. Ona görə də fəsadları belə oldu".

Ədalət Şükürov deyib ki, yaxın günlərdə toy qiymətlərini qaldırmağı düşünmür: "Toy qiymətini qaldırmayacam. Son on ildə toy qiymətində dəyişiklik etməmişəm. Amma oktyabrın sonuna doğru toy qiyməti dəyişəcək. Ola bilsin, bir az yüksək olacaq. Amma son ildə toy qiymətini qaldırmadığımı hamı bilir. İlyarıma yaxın iş olmadı. Biz də ailə başçılarıyıq və məcburuq ki, ailəmizi dolandıraq.

Xüsusi karantin rejimində 90 faizdən çox müğənni başqa işlə məşğul olmaq istədi, amma alınmadı. Ev tikintisi və sairlə məşğul olanlar var idi. Bəziləri iflas etdilər. Müğənnilər bir daha başa düşdülər ki, bizim toy mərasimlərindən başqa işimiz yoxdur. Rusiyaya üz tutanlar da oldu. Vaxt var idi Rusiyadan Azərbaycana gəldim, sonra elə oldu ki, Azərbaycandan Rusiyaya getdim. Yenidən Azərbaycandayam.

Adətən insanlar dar gündə nəyisə satırlar. Mən pandemiyada avtomobilimi satıb, ondan üç qat aşağı qiymətə avtomobil aldım. İşimiz başlayır, yaxşı getsə, əvvəlkindən də yaxşı avtomobil alacağıq".

Əməkdar artist Elnarə Abdullayeva toy mərasimlərini unutduğunu deyib: "Toydan ötrü təkcə Elnarə Abdullayeva yox, bütün Azərbaycan darıxıb. Balalarımız xoşbəxt olsun. Hələ ki toy mərasimlərindən təkliflər yoxdur, köhnə təkliflər yerindədir. Toy təklifləri bundan sonra başlayacaq. Əsas odur ki, camaatımız üçün xeyirli olsun.

Xüsusi karantin rejimində heç nə satmadım, şor-çörəklə yaşayan adamam. Normal insanlar kimi yaşayış tərzim var. Var - yeyəcəm, olmayacaq - baxacam. Kimdən artıq, kimdən əskikəm ki! Camaat necə, mən də elə yaşadım".

Elnarə Abdullayeva da toy qiymətini qaldırmağa hazırlaşmır: "Elə bir vaxtdır ki, əl-ələ verib gəncləri evləndirməliyik. Toy mərasimləri olmaldır. Hazırkı vəziyyətdə toy qiymətini qaldırmaq vəziyyətdən sui-istifadə mənası verər. Mən də elə hərəkət edə bilmərəm".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər