19 Fevral 2022 20:19
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nailə İslamzadə Mədəniyyət kanalında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nailə İslamzadə etirafları ilə diqqət çəkib: "Televiziyada işləməyi düşünmürdüm, Rus dili və ədəbiyyat fənnini çox sevirdim. O sahə üzrə də fəaliyyət göstərəcəkdim. Müəllim ailəsində böyümüşəm. Müsabiqə oldu və həyatım dəyişdi".

Nailə İslamzadə "Şöhrətpərəstsinizmi və yaxud şöhrətpərəst olmusunuzmu?" sualına "Xeyr, indiyə qədər də şöhrətpərəst olmamışam. Hər insan ulduz olmalıdır. İnsan özünü inkişaf etdirməlidir. Hara gedirsə-getsin öz davranışına, geyiminə, danışığına, gülüşünə diqqət etməlidir. Mənə tanınmağım mane olmayıb və qəribə də gəlməyib. Sadəcə olaraq diqqət mərkəzində olursan. Bu da insanın üzərinə məsuliyyət qoyur. İnsan sevdiyi işi görəndə heç vaxt yorulmur. Saatlarla canlı yayımda olmuşam. Həmişə mətni mənimsəyirdim, üzündən oxumurdum. Bu da məsuliyyətdir. Yorğun evə gəlirdim, uşaq üstümə qaçırdı. Ona görə də həm işdə, həm də evdə fədakar olmaq lazımdır. Televiziya tarixində ən uzun mətn oxuyan aparıcı kimi qalmışam",-deyə cavab verib.

Nailə İslamzadə qardaşının ölümünü çəkiliş Türkiyədə "TRT Avaz" kanalında aparıcılıq etdiyi "İşte kadın" proqramının çəkilişi zamanı bildiyini deyib: "Qardaşımın ölüm xəbərini Türkiyədə "TRT Avaz" kanalında çəkiliş edərkən eşitdim. Bir dəfə Ankaraya gedəndə dörd veriliş çəkirdim. İki veriliş çəkilmişdi, ikisi yox. Mənə "TRT Avaz"ın rəhbəri dedi ki, istəyirsiz çəkməyin. Artıq verilişə qonaqlar gəlmişdi. Qardaşımın ölümünü də vaxtında mənə deməmişdilər. Ona görə də hər şeyin məsuliyyətini dərk etmək lazım gəlir. Çox mətnli və iradəli bir qadınam. Həyatda elə bir situasiya olmayıb ki, onun qarşısında özümü itirim. Hər gün gecə yatanda özümə bir sual verirəm, vidanım təmiz olmasa yata bilmərəm. Gün ərzində özümə hesabat verirəm ki, nəyi düzgün demədim. Doğru yaşamağa və dürüst olmağa çalışmışam".

Nailə İslamzadə illər əvvəl AzTV-də yayımlanan "Ailələr, talelər" verilişinin yeni formatda təqdim etmək fikri olduğunu da etiraf edib: "Veriliş 1997-ci ildən 2006-cı ilə qədər davam etdi. Hazırda verilişi başlasam da o illərdəki kimi başlaya bilməzdim. Hətta fərqli formatda layihəni yazdım, təqdim etdim, sadəcə alınmadı".

Əməkdar artist xarakterindən də danışıb:

"Əvvəllər tez küsüb inciyirdim. İndi də küsürəm, amma bağışlamamaq insanın özünə əziyyət verir. İnsanları olduğu kimi qəbul etmək lazımdır. Bağışlayıb, yanımda saxlamıram, insanı tamamilə unuduram. Mənə qarşı çox ədalətsiz mövqelər olub. Onlarda ilişib qalsaydım, irəli gedə bilməzdim. Səhvsiz insan yoxdur. Səhv olmasa haradan öyrənərdik?! Yıxıldınsa, daha yaxşı durmalısan. Sənə pislik edən insanlara ən yaxşı cavab inkişaf etməyindir".


Müəllif: Rəqsanə Həsənova