24 May 2022 12:00
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru, "Kurtlar Vadisi Pusu" serialında Yasin, "Şəfqət təpə"də Kordon Cəlil rolları ilə məşhurlaşan aktyor Ertuğrul Şakar Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ertuğrul bəy, Bakıya ikinci gəlişinizin səbəbi nədir?

- Bakıya ötən gün axşam saatlarında gəldik. Qazilərimizlə görüşdük, bir şəhid ailəsində olduq. Mənimlə qazilərimizin görüşmək istədiklərini bildirmişdilər. Mən də məmuniyyətlə görüş təyin etdim. Gəldilər, görüş çox xoş əsir bağışladı. Onların sücaəti, qəhrəmanlığını öz dillərindən eşitmək bizi qürurlandırdı. Hətta bir şəhid anası bizi evinə də dəvət etdi. Bakıya gəlişimiz Şuşa filmi ilə bağlıdır.

- Şuşa ilə bağlı filmə çəkiləcəksiniz. Filmin hazırlıqları başlayıbmı?

- Bəli, Şuşa haqqında filmə çəkiləcəyəm. Film hazırlıqları başlayıb. Çəkilişləri iyul və avqust aylarına planlaşdırmışıq. Komandamız Şuşada oldu. Hazırda çəkilişi üçün məkanları müəyyənləşdiririk. Mən də Bakıya növbəti gəlişimdə Şuşaya və rayonlara gedəcəm. Hazırda başqa layihələri qəbul etmirəm. Bakıda filmlə bağlı səlahiyyətli şəxslərlə görüşlərimiz davam edir.

- Azərbaycanda sizi daha çox hansı obrazınızla tanıyırlar?

- Məni Azərbaycanda daha çox "Şəfqət təpə" serialı ilə tanıyırlar. Bu serialda beş mövsüm çəkildim. "Kurtlar Vadisi Pusu" serialında isə iki mövsüm oynamışam. Ona görə də "Şəfqət təpə"dəki komandir Kordon Cəlil obrazımı daha çox sevirlər.

Bir az öncə qeyd etdiyim kimi şəhid anası bizi evinə dəvət etdi. Müharibədə həlak olan şəhid ailənin tək övladı imiş.

Heç demə, şəhid "Şəfqət təpə" serialındakı obrazımdan çox təsirlənib və bildirib ki, vətənimin müdafiəsi üçün ordakı komandir kimi olacam, Vətənimi qoruyacam. Beləcə, könüllü olaraq Qarabağ müharibəsinə gedib. O, qəhrəmandır.

- Bütün serialda komandir obrazını canlandırırsınız. Bəs Şuşa ilə bağlı filmdə?..

- Əslində, öncədən məlumat vermək istəmirəm. Amma deyim ki, Şuşanın azad edilməsi ilə bağlı əməliyyatda iştirak edən xüsusi təyinatlılardan birini canlandıracam.

- Filmdə sizinlə yanaşı hansı aktyorlar çəkiləcəklər?

- Türk aktyorları ilə yanaşı azərbaycanlılar da olacaq.

- "Kurtlar Vadisi Pusu" serialının davamının çəkilməsi ilə bağlı hər hansı irəliləyiş varmı?

- Bu suala serialın rejissoru cavab verə bilər.


Müəllif: Rəqsanə Həsənova, Foto: Ceyhun Rəhimov