“Səmranı erməni porno ulduzuna bənzətmək çox ayıbdır. Çox ağır təhqirdir”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri “Feysbuk” sosial şəbəkəsində Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova yazıb.
Bir neçə gündür ki, “Eurovision” təmsilçimiz Səmra Rəhimlinin yarışmanın rəsmi açılışında geyindiyi yaşıl donun sosial şəbəkələrin müzakirəsindən düşmür. Bu dəfə aktrisa Məlahət Abbasova da müzakirələrə qoşulub və Səmranın tərəfini saxlayıb:
“Mən Səmranın geyimini bəyəndim. Bu gün teatrımızdakı aktrisalarla oturmuşduq, onlara da göstərdim. Onlar da çox bəyəndilər. Məncə, qırmızı xalçaya da uyğun geyinib. Ölkəmizi təmsil edən qızımıza dəstək olmaq lazımdır. Onu bir erməni porno ulduzuna bənzətmək çox ayıbdır. Bu çox ağır təhqirdir. Ermənilər bu yazılanları bəlkə də oxuyub, sevinirlər. Ayıbdır.
Təndiq edilməlidirsə, onu geyindirən stilist və baş məsləhətçi tənqid edilsin. Türkiyəli müğənni Hadisə də yarışmaya qatılanda rəqqas donu geyindi, amma xalq Hadisəni deyil, onu geyindirən stilisti tənqid etdi.
Məncə, bu geyim məsələsini bağlayıb, qızımıza uğurlar arzulamalıyıq. İndi ona dəstək olmaq lazımdır. Bir ölkəni layiqincə təmsil etmək çox böyük stressdir. Bunu məndən yaxşı bilən yoxdur”.
Pərvin