Ağdam sakini Mirhəsən Abduyev 12 ildən çoxdur ki, həyətyanı sahəsində ilan saxlayır.
Teleqraf.com Xəzər TV-yə istinadən bildirir ki, uşaqlıqdan ilan saxladığını deyən Mirhəsən kişi bir gününü belə bu sürünənsiz təsəvvür edə bilmir. Qafqaz gürzəsi adlanan bu ilan insan sağlamlığı üçün ən təhlükəli sürünəndir.
O, bir dəfə sancmaqla insanı öldürə bilir. Amma Mirhəsən Abduyev 12 ildən çoxdur ki, həyətyanı sahəsində saxlayır. Uzunluğu 2 metrdən artıq olan gürzə bir dəfə gecə vaxtı sahibini də dişləyib.
Sahibi bir dəfə ilandan canını qurtarmaq istəsə də, mümkün olmayıb. O, ilanı başqa yerə aparıb, lakin iki gün sonra ilan yenidən sahibinin yanına qayıdıb. Mirhəsən Abduyev ilanın qidalanması üçün ona xüsusi qulluq edir. Əl hərəkətləri ilə sürünənlə bir-birini başa düşdüyünü deyən Mirhəsən kişi həmişə onunla ünsiyyətdə olduğunu bildirir.
Ağdam sakini təkcə bu təhlükəli Qafqaz gürzəsini yox, həm də qızıl ilan saxlayır. Onun sözlərinə görə, qızıl ilan təhlükəsizdir. Zəhəri yoxdur, ancaq dişləyə bilər, bunun da heç bir qorxusu yoxdur. Mirhəsən Abduyev ilanın zəhərindən dərman kimi də istifadə edir.