7 Aprel 2021 09:05
3 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsi xaricində digər planetlərdə həyatın olub-olmadığı ən böyük sirlərdən biridir. Həmin planetlərdə atmosfer və iqlim faktorlarına görə həyatın mövcudluğu olduqca çətindir. Günəş sistemindəki planetlərin atmosfer və iqlim quruluşlarını araşdırdığımızda maraqlı nəticələr ortaya çıxır. Elm adamları illərdir insanların yaşaya biləcəyi digər planetləri araşdırırlar. Bəşəriyyəti kosmosa yaymaq və kainatın sonsuzluğundan daha çox şey öyrənmək üçün cəhdlər edən tədqiqatçılar, təəssüf ki, hələlik Günəş sisteminin xaricində belə bir planetin olacağına ümid bəsləmirlər. Bununla belə, araşdırmaların nə vaxtsa müsbət nəticə verəcəyini deyənlər də az deyil.

Günəş sistemindəki planetlərin əlçatan olmasına baxmayaraq, insan yaşayışı üçün imkanlara malik olmadığını göstərməkdən ötrü maraqlı araşdırma aparıblar. Tədqiqatçılar əvvəlcə bu planetlərin temperaturu, təzyiqi, cazibə qüvvəsi və atmosferini təşkil edən qazları araşdırıblar. Həmin nəticələrə əsasən bir insanın orada nə qədər yaşaya biləcəyini hesablayıblar. Günəş sistemindəki bu planetlər dünyaya nə qədər yaxın olsalar da, bir o qədər təhlükəli və çətin şərtlərə sahibdirlər.

Günəş

Planetlərin ətrafında fırlandığı bu nəhəng qırmızı kürədə yaşamaq ehtimal müzakirə mövzusu belə deyil. Amerikalı astrofizik Nil de Qrass Taysona görə, ümumiyyətlə, insanın Günəşə yaxın durması mümkün ola bilməz:

“Günəş sizi qızardacaq, buxarlanacaqsınız. Çox sürətli olması səbəbindən səyahət etmək üçün gözəl bir yer deyil. Sağ qalmaq müddəti saniyədən də aşağıdır”.

Merkuri

Merkuridə gecə və gündüz arasındakı istilik fərqi insana olduqca mənfi təsir göstərə bilər.

Gecə havanın temperaturu mənfi 178 dərəcəyədək enə, gündüz müsbət 426 dərəcəyədək qalxır. Elm adamlarına görə, Merkuridə yaşamaq üçün gecə və gündüz arasındakı orta temperaturu tutmaq lazımdır. Amma kiçik bir detal var: bu temperaturu əldə edilsə belə, yalnız 90 saniyə sağ qalmaq mümkündür.

Tayson bildirir ki, bu planetin Günəşə baxan tərəfi olduqca istidir: “Bu tərəfdə istilik 427 selsiyədək qalxa bilir. Əksinə, qarşı tərəf soyuqdan dondurur, burada da temperatur mənfi 179 selsiyə qədər enə bilir.

Bu iki temperatur arasındakı xətdə dayanıb fırlansanız, nəfəsinizi tuta bildiyiniz qədər sağ qalacaqsız...”

Venera

Veneraya ayaq basdıqdan sonra insanın burada yaşaması üçün yalnız 1 saniyəsi var.

Elm adamlarına görə, burada insanı nəyin öldürəcəyi tamamilə bəlli deyil. Veneranın atmosferinin 98 faizi karbon qazından ibarətdir. Həm də Venerada təzyiq dünyadakı təzyiqdən 90 dəfə çoxdur. Planetin bütün səthi qalın sulfat turşusu ilə örtülüb. Bütün bunlar son deyil, planetdə orta istilik 426 dərəcədir.

Tayson bu haqda deyir: “Onsuz da bilirsiniz ki, 482 dərəcə selsidə hər şey çox yaxşı olmayacaq. Yeri gəlmişkən, Veneranın Yerlə eyni cazibəsi var. Beləliklə, ora getmək sizə çox tanış duyğular bəxş edəcək, əlbəttə, buxarlanana qədər...”.

Mars

Mars Yerdən sonra yaşamaq üçün ilk sıradadır, insanın bu planetdə sağ qala biləcəyi ən uzun müddət 80 saniyədir. İnsanın digər planetlərlə müqayisədə ən uzun müddət yaşaya biləcəyi Marsın atmosferinin 95 faizi karbondan ibarətdir. Orta istilik mənfi 62 dərəcəyə çata bilər.

Taysona görə, Marsın nadir atmosferi olsa da, bu, yaşamaq üçün bəs etmir: “Mars çox soyuqdur və havası çox nadirdir. Buna görə də soyuğun şiddəti Yerdəki qədər sərt, istiliyi qədər şiddətli olmayacaq.

Sizi çox, amma lap çox isti saxlayan paltarlarla nəfəsinizi saxlaya bildiyiniz qədər, yəqin ki, sağ qala bilərsiniz”.

Yupiter

Günəş sisteminin ən böyük planeti olan Yupiter insana yalnız 1 saniyə sağ qalmaq şansı verir.

İlk saniyədən sonra bu nəhəng planetdəki küləklər və qasırğa insanı öldürmək üçün bəs edir. Bütün planetin hidrogen və heliumdan, eləcə də qaz buludları ilə əhatə olunması da başqa bir problemdir. Yəni, bu nəhəng planetdə ayaq basmağa kiçik bir yer də yoxdur.

Tayson qazlardan ibarət olan Yupiterin ora ayaq basmaq istəyən insanı udacağını söyləyir: “Qazlardan ibarət olan bu planetdə yaşamaq mümkün deyil. Planetin təbəqələrindəki təzyiq sizi əzənə qədər daim qaz atmosferində aşağı düşəcəksiniz”.

Saturn

Yupiter qədər olmasa da, başqa bir nəhəng planetdə - Saturnda sağ qalma müddəti 1 saniyədən də aşağıdır.

Qaz buludlarından başqa bu planetdə saatda 1800 kilometr sürətlə əsən küləklər var. Saturn öz səthində o qədər güclü qasırğalar yaradır ki, nə baş verdiyini görmək üçün göz qırpmağa belə vaxt yoxdur.

Uran

Uran isti su, metan qazı və ammonyak qarışığından ibarətdir.

Alimlər insanın bu planetdə nə qədər sağ qala biləcəyini hesablaya bilməyib, çünki Urana enməyin özü belə bir möcüzədir.

İnsanın zəhərli kimyəvi qarışıqdan ibarət planetə düşdüyü vaxt əriməsi an məsələdir. Beləliklə, bu planetdən ləzzət almaq üçün vaxt yoxdur.

Neptun

Neptunda da insanın nə qədər sağ qala biləcəyini söyləmək çətindir. Burada yaşamaq üçün bir saniyə belə vaxt yoxdur.

Neptunda əsən güclü küləklər bura düşən hər şeyi məhv etmək iqtidarındadır. Elm adamlarına görə, Neptunda külək bəzən səsin yayılma sürətindən daha yüksək tezliyə çata bilir. Bu səbəbdən planetin səthində müvazinətini qorumaq və ya həyatda qalmaq, demək olar ki, mümkün deyil.

Tayson Saturn, Uran və Neptunun ayaq basmaq üçün sabit və qatı səthinin olmadığını bildirir: “Yupiterdə olduğu kimi, bu qaz nəhənglərinin atmosferində də sürətlə aşağı düşəcəksiniz və təzyiq sizi əzəcək. Hətta Saturnun həlqələri belə sizə yerimək üçün sabit bir səth təklif etmir”.

Yer kürəsi

İnsan Yerdə atmosferindəki möhtəşəm oksigen, qida və su, eləcə də digər özəllikləri sayəsində orta hesabla 80 il yaşaya bilir.

İnsanların ümumi populyasiyadan daha uzun yaşamağa meylli olduğu yerlərdə doğulubsa, daha çox yaşaması da mümkündür. Bir sözlə, insanın Yer xaricində təxminən iki dəqiqədən artıq sağ qala biləcəyi bir planet yoxdur, daha doğrusu, hələlik kəşf edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər