17 Sentyabr 2022 09:38
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kraliça II Elizabetin ölümündən sonra bütün Böyük Britaniyada hüzn atmosferi hökm sürərkən, adada bir şəhər bu əhval-ruhiyyədən ayrılır. Həmin şəhərin adı Liverpuldur.

Teleqraf.com xəbər verir ki, “AJ Midan” və “Timetürk” İngiltərənin ən qədim şəhərlərindən biri Liverpulun kral ailəsi və hökumətlə əlaqələri haqqında araşdırma aparıb.

Liverpul 1207-ci ildə salınıb. Coğrafi cəhətdən Mersi çayı ilə İrland dənizi arasında yerləşməsinin üstünlüyü şəhərin sürətlə inkişafında mühüm rol oynayıb. Bunun sayəsində müxtəlif din və irqlərdən olan insanlar zamanla Liverpulda məskunlaşıblar. Buxar texnologiyasının ixtirasından sonra Liverpul pambıq toxumasında lider olub. Beləliklə, Liverpul müasir sənayenin inkişafında Britaniyanın aparıcı şəhərlərindən birinə çevrilib.

Qatarların relsə düşməsi ilə isə aparıcı şəhərlərdən biri olduğunu göstərdi. Sənaye, ticarət və nəqliyyat bir-birinin inkişafına təkan verdi.

Ən böyük kafedral və məscid

Belə bir inkişafın ortasında dini həyat gözdən qaça bilməzdi. Britaniyanın ilk məscidi 1886-cı ildə Liverpulda “Məscid ər-Rəhmə” adı ilə tikilib. Təbii ki, Liverpulun Britaniya və dünyanın ən böyük kafedralının evi olduğunu söyləməyə ehtiyac yoxdur. Liverpul Anqlikan Kafedralı ilə Protestant-Katolik qarşıdurmalarının olduğu illərdə də fərqli bir nöqtədə dayanmışdı...

İkinci Dünya Müharibəsi - Ayrılıqların başlanması

İkinci Dünya Müharibəsində Avropaya liderlik edən Britaniyanın ən çox bombalanan ikinci şəhəri Londondan sonra Liverpul idi. Hitlerin bombaları Liverpula mərhəmət göstərməmişdi.

Kent döyüşlərində yaralı və ölülərinin sayına görə yenə də Liverpul “zirvə”də dayanmışdı. Hitler bombaları ilə şəhərə böyük zərbə vurdu. Hitlerin İngiltərəyə qarşı nifrətinin hədəfi olan liverpullular bütün bu bombardmanlardan sonra Britaniyanı idarə edən kral ailəsinin ailəsinin diqqətini çəkəcəyini düşünürdülər. Amma kral bu diqqəti ona yox, Londona ayırmışdı.

Hökumət Liverpul limanının dağılmasından sonra Mançester limanından xarici ticarətdə daha fəal istifadə etməyə başladı. Kral ailəsi və hökumət müharibədən əvvəl Avropanın ən işlək limanlarından biri olan Liverpula lazımi diqqət göstərmədikdə, şəhərdə ticarət zəiflədi. Bu dövrdə Liverpulda işsizlik 50 faizə çatmışdı. Təbii ki, bu, qonşusu Mançesterlə rəqabət və düşmənçilik gətirdi. 1960-cı illərdə bu düşmənçilik özünü aşkar şəkildə büruzə verməyə başladı. Bu, özünü “Liverpul” və “Mançester Yunayted” futbol klubunun azarkeşləri arasında da göstərdi.

1989-cu ildə baş verən bir gəlişmə isə liverpullularla ölkə arasındakı əlaqələri qırılma nöqtəsinə gətirdi. Həmin il aprelin 15-də baş verən “Hillsbor” faciəsi Britaniya və dünya futbolunda ən ölümcül və ən dəhşətli qəza kimi qeydə alınıb. “Şeffild Uensdey” klubunun “Hillsbor” stadionunda hamısı “Liverpul” azarkeşi olan 96 tamaşaçı əzilərək həyatını itirdi, 766 nəfər isə yaralandı. Bu hadisə polislə azarkeşləri üz-üzə qoydu. Polis 97 tamaşaçının ölümünə azarkeşlərin səbəb olduğunu iddia etdi və bu, Britaniyanın o vaxtkı baş naziri, “Dəmir ledi” Marqaret Tetçer tərəfindən də dəstəkləndi. “Liverpul” azarkeşləri polisdən üzr gözləyərkən Tetçer belə demişdi: “Liverpul” azarkeşləri öz-özlərini öldürüblər”.

“Əsl həqiqət”

O günlərdə Britaniyanın ən məşhur qəzetlərindən biri olan və Tetçerin açıqlamasını “Həqiqət budur” başlığıyla manşetə çıxaran “The Sun” da Liverpul azarkeşlərinin qəzəbindən payını aldı. “The Sun”un şəhərə girişi boykot edildi, Liverpulun heç bir qəzet köşkündə satılmadı.

23 il sonra “The Sun” “Əsl həqiqət budur” başlıqlı məqaləsində liverpullulardan üzr istədi.

Bu günlərdə isə cavabı maraqla gözlənilən sual budur: Kral III Çarlz Liverpulla onilliklər ərzində dağıdılmış körpüləri bərpa edəcək, yoxsa qalanı da sökməyə davam edəcək?


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər