ABŞ prezidenti Co Bayden yaşlılığa bağlı demans əlamətləri göstərir.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Cons Hopkins Universitetinin professoru və cərrah Marti Macari gəlib.
Mütəxəssis 81 yaşlı siyasətçinin idrak qabiliyyətinin pisləşməsinə diqqət çəkib. O, izah edib ki, hər bir insan vaxtaşırı sözləri qarışdırır və səhvlər edir, lakin Amerika liderinin yaddaşı sürətlə zəifləyir və nitqi yavaşdır.
Həkim vurğulayıb ki, amerikalıların Baydenin qarşıdan gələn prezident seçkilərində iştirakından narahat olmağa əsasları var. O, dövlət başçısının vəziyyətinin sabitləşəcəyinə şübhə edir.
“Beş il əvvəllə müqayisədə bu gün onun fəaliyyət tərzində çox nəzərəçarpacaq fərq var. Və bu, həqiqətən də kədərlidir” - Macari bildirib.