Minlərlə təsdiqlənmiş ekzoplanet və sürətlə artan kəşflərlə kainatın planet portfelinin bəzi qəribə və möhtəşəm nümunələrlə dolu olduğunu söyləyə bilərik. Kəşf edilmiş bu qəribə planetlərdən bəzilərinin unikal və təkrarsız xüsusiyyətləri var. Bəziləri cəhənnəmdən isti, bəziləri də yaxınlaşması mümkün olmayan əsl ölüm maşınlarıdır.
Teleqraf.com bəzi planetlərlə bağlı maraqlı məlumatları oxucularına təqdim edir.
GJ 1214b - Su dünyası
Astronomlar GJ 1214b planetini 2009-cu ilin dekabrında kəşf ediblər. Planetin diametrinin Yerinkindən 2.7, kütləsinin təxminən 7 dəfə böyük olduğu deyilir. Kütləsinin böyük hissəsi sudan ibarətdir və planetin özü təxminən 230 dərəcə Selsi temperaturundan yaranan qalın, buxarlı atmosferlə örtülüb.
WASP-107b - Qurd göbələyi planeti
WASP-107b-nin kəşfi 2017-ci ildə elan edilib. Neptuna bənzəyən ekzoplanet Yerdən 11 dəfə böyük olan Yupiter boydadır. Bununla belə, kütləsi Yupiterin kütləsinin onda biri və ya Yerin kütləsindən 30 dəfə çoxdur. Bu ultra aşağı kütlə planetin son dərəcə aşağı sıxlıqlı, bir qədər də zefirə bənzəyən quruluşa malik olması deməkdir. Tüklü və ya quruluşca “şirin pambıq”a bənzər bir planetdir.
TOI-1431b (aka MASCARA-5b) – Cəhənnəmdən isti planet
NASA-nın Ekzoplanet Tədqiqat Peyki ilk dəfə 2019-cu ildə TOI-1431b-nin şəklini çəkib. Qazlı, alov topuna bənzəyən göy cismi indiyə qədər müşahidə edilən ən isti planetdir. “Ultra isti Yupiter” adlanan planet əslində Yupiterdən təxminən iki dəfə genişdir. Onu da xatırladaq ki, Yupiter günəş sisteminin ən böyük planetidir. Gündüzlər təxminən 2700 dərəcə Selsi olan TOI-1431b, gecələr 2300 dərəcəyə çatır.
HD 189733b – Yadplanetli dünyası
HD 189733b 2005-ci ildə HD 189733 ulduzunun ətrafında fırlanarkən kəşf edilib. Bu uzaq planetin kütləsi Yupiterdən 1.3 dəfə böyükdür və parlaq mavi mərmər görünüşünə malikdir. NASA yanan atmosferin şüşə yağdıran buludlarla iç-içə olduğunu və bu mənzərənin saatda 2 km sürətlə əsən güclü küləklərlə birləşdiyi zaman yarandığını bildirir. Digər tərəfdən, planetin ölümcül leysanları da Günəşə yaxın olduğu üçün kifayət qədər isti olur.
Kepler-16b - İki günəşli planet
Kepler-16b planeti 2011-ci ildə kəşf edilib. Planet dairəvi orbitdədir, iki ulduzun ətrafında fırlanır, buna görə də onun səthində dayana bilsəniz, Günəşin batmasını iki dəfə görərdiniz. Bu, “Ulduz müharibəsi” filmindəki Luka Skayuokerin planeti Tatuini xatırladır. Amma filmdəki misaldan fərqli olaraq planet soyuq və qazla doludur, həyat üçün yararsızdır.