Teleqraf.com sabiq deputat, İmam Hüseyn məscidinin axundu Hacı Əbdüllə müsahibəni təqdim edir.
- Hacı, AXC hakimiyyətinin iqtidardan düşməsinin 23 ili tamam oldu. Siz daima AXC-yə qarşı müxalifətdə idiniz. Həmin dövrü, Gəncə qiyamını necə xatırlayırsınız?
- Həmin vaxt mən həbsxanada idim. Dustaq idim, məni Bayılda həbsxanasında saxlayırdılar.
- Siz deputat deyildiniz?
- Bəli, deputat idim. Ancaq eyni zamanda həbsdə idim. Məni 50 dəfə tutublar. Hər dəfə də, ittihamları saxta olub. AXC hakimiyyətə gələn gündən devrilən günə qədər mən həbsdə oldum. Hakimiyyətə gələn gündən.
- Niyə?
- Vallah, özüm də bilmirəm niyə məni sevmirdilər. Həbsə göndərdilər. Yəqin düşünürdülər ki, Hacı Əbdül sözün düzünü danışır, həqiqəti deyir. Ona görə də təhlükəlidir. Təsəvvür edin ki, məni Xızıda hakimiyyət çevrilişinə cəhdə görə ittiham etmişdilər.
- Ancaq həmin dövrdə mən sizi parlamentdə çıxış edən görürdüm...
- Bəli, parlamentdə çıxışlarım da olub. Ancaq bir ildən artıq həbsdə oldum. Sonra AXC hakimiyyəti devrildi və mən azadlığa çıxdım, parlamentdə iclaslara qatıldım.
- Sizi həbsdən kim buraxdı?
- AXC hakimiyyəti süqut etdi. Daha sonra Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Bundan sonra məni azadlığa buraxdı. Mən də bundan sonra parlament iclaslarına qatılmağa başladım.
- AXC hakimiyyəti zamanı neçə dəfə həbs edilmisiniz?
- Sağ olsunlar, hakimiyyətə gələn kimi məni tutublar, bir də hakimiyyətdən gedəndən sonra azadlığa çıxmışam. Başqa sözlə, mən yeganə adamam ki, AXC iqtidarı zamanı axıradək həbsdə olmuşam.
- Axı sizin İsgəndər Həmidovla və digər AXC liderləri ilə yaxşı münasibətləriniz var idi. Nədən sizi həbs etsinlər ki?
- Bunu mən özüm də bilmirəm. Səbəbləri hələ də mənə bəlli deyil. İsgəndər Həmidovla münasibətlərinm hələ SSRİ zamanında, gənc vaxtlarımızda yaxşı olub. Onda heç hakimiyyət məsələsi belə yox idi.
- Deməli sizi Ayaz Mütəllibovu müdafiə etdiyiniz üçün “qaralayıblar”...
- Böyük ehtimalla əsas səbəb bu məqam ola bilər. Ancaq iş ondadır ki, məni həbs edərkən bəhanələri belə oldu ki, guya mən Xızıda hakimiyyət çevrilişi etmişəm.
- Gəncədə qiyama qalxan Sürət Hüseynovu şəxsən tanıyırdınızmı?
- Mən Sürəti qiyama qədər tanınamışam, heç bir münasibətim olmayıb. Ancaq həbsdən çıxdığım zaman Sürət Hüseynov artıq baş nazir vəzifəsində çalışırdı. Bizim münasibətlərimiz olub.
- Maraqlıdır, həbsdən çıxan məhbus baş nazirlə dərhal necə münasibət yarada bilər?
- Mən həbsdən çıxdım. Sonra bildim ki, İraqda vəziyyət çox gərgindir və İraqın Bakıdakı səfirliyi bağlanır, çünki maliyyə imkanları yox idi. Bunu eşidən kimi Sürət Hüseynovun qəbuluna getdim. Ondan xahiş etdim ki, İraq səfirliyinin bağlanmasına imkan verilməsin. Arqumentim də belə oldu ki, İraqda bizim çoxlu sayda ziyarətgahlarımız var, səfirlik vasitəsilə xalqımız bu ziyarətgahlara gedir. Bunu deyəndən dərhal sonra Sürət Hüseynov Həsən Həsənovu kabinetinə çağırdı və ona göstəriş verdi ki, İraq səfirliyinin maliyyəsi ödənilsin, fəaliyyətinin dayandırılmasına imkan verilməsin. Həmin vaxt Həsən Həsənov nazir postunu tuturdu.
- Bəs çevriliş haqda müzakirəniz olmadı?
- Yox. Ümumiyyətlə bu mövzuya toxunmadıq.
- Ancaq AXC rəhbərliyi iddia edirdi ki, Sürət Hüseynov Moskvaya bağlı biri idi və qiyamın ssenarisini də Rusiyada yazmışdılar. Məqsəd isə Mütəllibovu hakimiyyətə qaytarmaq idi...
- Mən buna ciddi yanaşmıram. Əgər belə bir plan olsaydı, onu həyata keçirərdilər.
- Bəs onda niyə Gəncədə qiyam qalxdı, hansı səbəbdən AXC hakimiyyəti devrildi?
- Mən bilən AXC hakimiyyətinin dağılma səbəbləri özbaşınalıq, təcrübəsizlik, eyforiya idi. Baxmayaraq ki, onlar məni həbsə atdılar, ancaq ədalət naminə deyim ki, Əbülfəz Elçibəy çox gözəl insan idi. Mən bunu səmimi deyirəm. Elçibəy səmimi, gözəl, xalqını sevən bir xadim idi. Əgər onun ətrafındakılar yaxşı insan olsaydı, oyunlar oynamasaydı, Elçibəy hakimiyyətdə qalmaqda davam edəcəkdi. Ancaq hər şeyi ətrafı etdi. Ətrafı onun səmimiyyətindən, səbirli olmasından istifadə etdi.
- Siz Mütəllibovu müdafiə edirdiniz. Bəs Elçibəylə münasibətləriniz necə idi?
- Əbülfəz bəylə münasibətim çox gözəl olub. Meydan hadisələrindən tutmuş haqqın dərgahına getdiyi günə qədər. Yaxşı insan idi. Sözün düzünü danışan insanlara da hörmətlə yanaşırdı. Məsələn, Əbülfəz Elçibəyin prezident seçkiləri zamanı mən Məkkədə idim. Bakıya qayıdanda artıq o, prezident idi. Onunla görüşdüm, prezident seçilməsi münasibəti ilə təbrik etdim, hətta birlikdə xeyli məsələləri müzakirə etdik. Doğru insan idi.
- İndi cəbhəçilərlə münasibətiniz varmı?
- Bəziləri ilə var, bəziləri ilə yoxdur. Ancaq onların hakimiyyətdən devrilməsi zərurət deyildi. Tarix istəyirdi ki, AXC hakimiyyətdə qalsın, ancaq özləri bunu istəmədi. Tarix ondan yana idi ki, AXC hakimiyyətdə qalıb Rəsulzadənin siyasi xəttini davam etdirsin. Təəssüflər olsun ki, bu komanda da olanların çoxu bunu istəmədi. Bilərəkdən və ya bilməyərəkdən.
NEMƏT