30 Avqust 2016 16:41
5 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda televiziyada Qurban Səidin eyniadlı romanı əsasında çəkilən “Əli və Nino” dördseriyalı film nümayiş olunacaq. “TREM TV” Prodakşnın istehsalı olan filmin ssenari müəllifi və quruluşçu rejissoru Elvin Mirzəyevdir.

2014-cü ilin aprel ayında çəkilişlərinə start verilən filmin istehsalı nə az, nə çox düz iki il sürdü. Nəhayət, ortaya “Əli və Nino” adlı dördseriyalı tammetrajlı film çıxdı.

Teleqraf.com Elvin Mirzəyevlə olan müsahibəni təqdim edir:

O qadın həyatımı dəyişdi”

-Elvin bəy, sizi Kamera Teatrı səhnəsində aktyor kimi tanınırdızm. Nə vaxt rejissor olmağa qərar verdiniz?

-Bunun qəribə tarixçəsi var. O ana qədər mən pianoçuydum. Beş yaşımdan musiqiylə məşğul olmağa başlamışam. Asəf Zeynallı adına Musiqi Texnikumunda, ardınca Musiqi Akademiyasında təhsil almışam. Çox yaxşı müəllimlərim olub. Akademiyanı bitirməyim elə dövrə təsadüf etdi ki, hər şey mənim üçün mənasızlaşmışdı. Nəsə axtarırdım. Günlərin bir günü maraqlı hadisə baş verdi. Mağazada növbəyə dayanmış bir qadınla söhbətdən sonra həyatım dəyişdi. Qadın söhbət əsnasında mənə dedi ki, siz çox qabiliyyətli rejissora oxşayırsınız. Heç bu barədə düşünmüsünüz?

O qadının sözündən sonra dedim ki, görəsən niyə indiyə qədər bu haqda düşünməmişəm. Çünki uşaqlığım incəsənət adamlarının arasında keçib. Mehdi Məmmədov mənim nənəmin qardaşı idi. Yadımdadır, karamel fabrikinin yanındakı o evə kimlər gəlmirdi: aktyorlar, aktrisalar, rejissorlar, müğənnilər.

1995-cı ildə Mehdi müəllim rəhmətə gedəndən sonra bizim də həyatımız ciddi şəkildə dəyişdi. Amma qadının sözündən sonra içimdə sanki bir partlayış baş vermişdi.

-O xanım incəsənət adamıydı?

-Xeyr, Elmira xanım Bakı Dövlət Universitetində müəllimə işləyirdi. Böyük kitabxanası vardı, mənə oxumaq üçün incəsənətlə əlaqəli kitablar gətirirdi. Həmin il Mədəniyyət və İncəsənət Universitetinə imtahan verdim və keçdim. Fikirləşirdim ki, ya mən rejissor olacam, ya da heç nə olmayacam.

“Cənnət Səlimova dedi ki, dalımca gəl”

-Kamera Teatrına yolunuz necə düşdü?

-Səhnədə bir tamaşanın məşqi gedirdi, gördüm və dedim ki, mən burda olmalıyam. Həm aktyor kimi səhnəyə çıxırdım, həm də rejissor assistenti işləyirdim. Cənnət Səlimovanın rejissorluğu ilə təşkil olunan dövlət tədbirlərində də assistent kimi çalışırdım. Cənnət xanım mənə dedi ki, əgər sən rejissor olmaq istəyirsənsə düş, dalımca gəl.

2004-cü ildən Kamera Teatrından ayrılıb, televiziyada işləməyə başladım, 50-dən yuxarı proqram, sənədli film, qısametrajlı yumoristik süjet çəkdim. Sonra “Əli və Nino” tamaşasını, ardınca Musiqili Teatrda “Arşın mal alan”ı hazırladım.

Düşündüm ki, artıq mən kinoda çalışmaq istəyirəm. Mənim üçün rejissorun bir adı var: rejissor. Onu televiziya, kino, teatr, kütləvi tamaşalar rejissoruna bölmürəm. Bəlkə də bu fikrə Cənnət Səlimova deyirdi ki, sən ya rejissorsan, ya da deyilsən. Fərqi yoxdur, sənə nə tapşırılır. O söz sanki beynimə həkk olunub. Bir yerdə qalmağı sevmirəm. Onda bütün bədənim ağrımağa başlayır. Desələr ki, təyyarədə tamaşa qur, məmnuniyyətlə gedərəm (gülür).

“Öz hesabımıza çəkdik”

-Bir müsahibənizdə deyirsiniz ki, “Əli və Nino” həyatınızı dəyişib, ondan ayrıla bilmirsiniz.

-Artıq ayrılıram. Əvvəl “Əli və Nino”nun içindəydim, indi o, mənim içimdədir. Bu əsərin ekran variantını çəkmək çox böyük arzum idi. Bu andan etibarən “Əli və Nino”yla vidalaşıram. Yeni planlar barəsində düşünürəm.

Qurban Səidi çox sevirəm. Bəziləri deyir ki, o, Bakı yəhudisi Lev Nissembaumdur, bəziləri deyir ki, Yusif Vəzir Çəmənzəminlidir. Bəziləri onu Elfrida Ehrenfels bilir. Mən üçüncü variantı tamamilə istisna edirəm. Çünki hansısa avstriyalı baronessa Bakının küçələri barədə necə yaza bilər? Yerdə qalır iki nəfər. Mənimçün Qurban Səidin kim olmasının fərqi yoxdur. Sadəcə istəyib ki, adı Qurban Səid olsun. Həyatımı dəyişdiyinə görə Qurban Səidə minnətdaram. Bu torpağa bağlı azərbaycanlı olmağımı, evimin yerini, uşaqlığımı keçirdiyim Kubinka məhəlləsini o mənə aşıladı, sevdirdi. Mənə dedi ki, müharibə necə dəhşətli şeydir. Müharibəni istəmək çox böyük günahdır. O, mənə dedi ki, müharibə olsa da evini qoyub getmək böyük qəbahətdir. Bunların hamısını o mənə öyrətdi, ona necə minnətdaram olmaya bilərəm.

Nino ikinci dəfə Əlixan Şirvanşirə Avropaya getməyi təklif edəndə o, razılaşmır, xəyanət etmək istəmir. Ailəsini yola salır, özü isə burda ölməyə qərar verir. Bundan böyük vətənpərvərlik ola bilməz. O səbəbdən fikirləşirəm ki, “Əli və Nino” İngiltərədə 1 milyon tirajla satılır, inanmazsınız, amma açıq deyəcəm, Moskvada bizim tamaşaya biletlər bir ay öncədən satılmışdı.

Bu, mənə görə deyil, – orda məni kim tanıyırdı ki – bu, Qurban Səidə görə idi. Kitab isə Moskvada 8 ay ərzində ən çox satılan kitablar sırasındaydı. Sadaladığım bu kimi səbəblərdən dolayı “Əli və Nino”nun filmini çəkmək istəyirdim.

Bu film ərsəyə gələnə qədər çox əziyyətlər çəkdik. Bu iki il ərzində həyatım boyu yaşamadığım sarsıntılardan keçdim. Amma Allaha şükür, biz yaxşı insanlar sayəsində işi başa çatdırdıq. Onlar olmasaydı “Əli və Nino”nu heç vaxt tamamlaya bilməzdim.

-Öncə çoxseriyalı televiziya layihəsi kimi başlamışdız. Özü də dövlət vəsaiti hesabına...

-Bəli, Milli Televiziya və Radio Şurasının ayırdığı maliyyə dəstəyi ilə işə başlanıldı. Sonra maliyyə dayandı, filmin qalan hissəsini öz hesabımıza çəkdik. Burda günahkar axtarmaq gülməli olar. Sadəcə belə vəziyyət gətirdi. Düşündüyüm büdcəni əldə edə bilmədik.

-Büdcə nə qədər idi?

-668 min 790 manat. Bizsə filmi ondan üç qat az maliyyə hesabına çəkdik. Dəfələrlə dəvələri, müəyyən məkanları bizə pulsuz vermələrini xahiş etmişəm. Heç Tarix Muzeyini də çəkilişə pulsuz vermədilər.

Kinoda maliyyə çox şeyi həll edir. Doğrudur, mənim işimə sevgimi həll etmir, amma ekranda yaratmaq istədiyim keyfiyyəti almağıma yardımçı olur.

Filmin quruluşçu operatoru Həmid Mehrəfuz və filmin qrafik ustası Əmir Etminan və Cəfər Nadiri olmasaydı, bəlkə də film başa çatmazdı.

-Maliyyə dayanandan sonra filmə sponsor da tapa bilmədiniz?

-Bütün şirkətlərə 400-dən çox məktub yazmışam, xahiş etmişəm. Amma nəticəsi olmadı. Ona görə filmi öz hesabıma çəkdim. Böyük məbləğdə borca girdim. Axı, bu, bitməliydi.

“Cavanşir Quliyevə borclu qaldım”

-Borcunuzu qaytara bildinizmi?

-Hələ ödəyib qurtarmamışam.

-Bəs yaradıcı heyətə qonorar verə bildinizmi?

-Əksəriyyətinə verdim. Amma bəzilərinə borclu qaldım. Məsələn, filmin musiqilərini yazan bəstəkar Cavanşir Quliyevə hələ də borcluyam. O, böyük bəstəkar olmaqla yanaşı həm də böyük insandı. Bilirsiniz, “Əli və Nino” sanki bir tilsim idi. O məngənədən üzüağ, alnıaçıq çıxmaq lazım idi.

-O iki ildə hansı həqiqətləri dərk etdiniz?

-Heç bir vəziyyətdə xəyanət etmək olmaz. Xəyanət yalnız real anlayış deyil. Onu zehnində belə düşünmək olmaz. Əsərdə Əlixanın başına gələnləri mən həyatda başqa formada yaşadım. Qurban Səid məni burulğana saldı və özü də çıxardı.

Sizə bir şey danışım... Bəzi rolları oynayan aktyorlar sonradan dəyişdilər. Buna görə çox sarsıntı keçirdim. Sonra hər şey möcuzəli şəkildə yoluna düşdü.

-Deməli, filmin əvvəlində razılıq verib, yarısında imtina edənlər oldu?

-Bəli, oldu. Amma hər çətinlik axırda pozitiv sonluqla bitirdi. Elə bil hansısa bir qüvvə olub-bitənləri yuxarıdan idarə edirdi və hər şeyi yoluna qoyurdu.

İki il boyunca anladım ki, bu dünya haqsız dünya deyil, hər şey ədalətlə idarə olunur. Ola bilər, biz səhv düşünürük. Bilirəm, buna etiraz edənlər tapılacaq. Amma mən arxayınam. Sınmadım və bundan sonra daha yaxşı işlər görmək istəyirəm.

-Həm serial, həm də film versiyanız var?

-Bəli. Filmi kim nümayiş etdirmək istəsə verə bilərəm. Serial versiyamız isə yeni mövsümdə “Xəzər” telekanalında yayımlanacaq.

“Yaxşı da maliyyə lazımdır”

-Bəzi görüntülərinə baxdım, mənə elə gəldi ki, film daha çox xromokey üzərində qurulub.

-Qətiyyən. Siz sayta yerləşdirilən görüntüləri deyirsiniz, əslində “Əli və Nino” o deyil. O filmin sadəcə 30-40 faizidir. Filmdə çox gözəl təbiət mənzərələri var. Tiflis səhnələrini yaratmaq üçün biz İrana getdik. Təbiət qoynunda Dağıstan səhnəsini İsmayıllıda çəkdik. Bakının küçələrində də çəkilişlər apardıq.

-Maliyyə qıtlığına görə hansı səhnələri çəkmədiniz?

-Bakıda mart qırğınlarını çəkmək istəyərdim. Amma çəkə bilmədik. Son döyüşü də çox qısa versiyada çəkə bildik. Yaxşı müharibə səhnəsini çəkmək üçün yaxşı maliyyə lazımdır.

“Azərbaycanlı kişinin xristian qadınına aşiq olması...”

-Əlixanı siz, Ninonu isə həyat yoldaşınız oynayıb. Siz əsərin tamaşa variantında da tərəf-müqabili olmuşdunuz. Bu, təsadüf, yoxsa planlaşdırılan bir addım idi?

-Açığını deyim ki, nə tamaşada, nə də filmdə Əlixanı özüm oynamaq barədə düşünürdüm. Halbuki ssenarini təsdiq olunanda, deyilmişdi ki, artıq Əli və Nino var. Amma mən obyektiv yanaşmaq istəyirdim. Biz 600-dan çox insanı sınaqdan keçirdik. Əlini Gürcüstanda tapdım, elə Azərbaycanda da bu rolu oynaya biləcək aktyorlar vardı. Romanda Əlinin 27-28 yaşı var, amma o ruhən daha böyükdür. Filmimizdə Arslan ağanı oynayan oğlanı öncə Əlixana sınamışdım. Çox istedadlı aktyordur, amma yaşı azdır. Monoloqları o deyəndə mən inanmırdım, gürcünün də baş rolu oynaması bir azərbaycanlı kimi qüruruma toxunurdu. Ona görə məsləhət olundu ki, Əlixanı mən oynayım.

Yoldaşım Nigar Ninonu çox sevir. Nino gürcüstanlı olsa da gürcü deyil. Tiflisli Nino bakılı Ninonu heç vaxt oynaya bilməz. Bilirsiz, bu, beynəlmiləl roman deyil. Bizim filmimiz də beynəlmiləl film sayılmır. Gözləməsinlər ki, bu film azərbaycanlı kişinin xristian qadınına aşiq olması haqqındadır. Yox, elə deyil...

Nərmin Muradova

Fotolar Samir İsayev


Müəllif: