19 Sentyabr 2016 16:31
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Milli Şuranın və Müsavat Partiyasının sentyabrın 17-18-də keçirdikləri mitinqlərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Hikmət müəllim, Milli Şuranın sentyabrın 17-də keçirdiyi mitinqlə bağlı fikirlərinizi bilmək istərdik…

Ümumiyətlə, siyasi sistemimizə yamaq olmağa çalışan hansısa mariginal qrupun “Milli Şura” kimi xarakterizə edilməsini doğru hesab etmirəm. Sentyabr ayının 17-də xarici sifarişlə həyata keçirilməyə çalışılan mitinq cədinə gəldikdə isə düşünürəm ki, bunu baş tutmuş hesab etmək olmaz. Azərbaycanda hamıya bəllidir ki, müsəlman Şərqində sabitliyi pozmaq, bütövlukdə bu siyasi-mədəni coğrafiyada idarəolunan xaos nəzəriyyəsinə əsaslanan konflikt ocaqları yaratmaq və nəticədə milli dövlətləri dağıtmaq Qərb imperializminin bir layihəsidir. Mitinqi təşkil etmək istəyənlər də bu layihəni icra etmək üçün müəyyənləşdirilmiş şəbəkə üzvləridir. Yəni baş verənlərin Azərbaycanın siyasi sistemi ilə heç bir əlaqəsi yoxdur. Ölkəmizdə belə mitinqləri zəruri edən sosial-siyasi şərtlər də yoxdur. Ona görə də mitinqə insanlar gəlmirlər. Bir neçə yüz nəfərin iştirakı isə müvafiq maraqlandırma nəticiəsində mümkün olur.

– Aksiyanın mediada və sosial şəbəkələrdə bu qədər təbliğatının aparılmasına rəğmən ona qatılanların sayının az olmasını nə ilə izah etmək mümkündür?

– İştirakçıların sayının az olmasının başlıca səbəbi vətəndaşlarımızın ölkəmizdə mövcud olan sabitlik və inkişafın davam etməsində maraqlı olması ilə bağlıdır. İkinci əsas səbəb kimi isə Azərbaycan cəmiyyətinin yüksək intellektual səviyyəyə sahib olmasını göstərmək olar. Hər bir orta statistik azərbaycanlının kfayət qədər obyektiv siyasi məntiqi var və bu əsas yaradır ki, sıradan azərbaycanlı regionda və dünyada baş verən hadisələri doğru və real şəkildə qiymətləndirsin. Yəni, adi vətəndaş görür və dərk edir ki, avqust ayının 15-dən 30-dək hansı xarici ölkələrin rəsmi statuslu şəxsləri kimlərə necə ideoloji təlimat və bunu reallaşdırmaq üçün nə qədər maddi vəsait verdi. Ona görə də heç bir azərbaycanlı öz əli ilə öz ölkəsini yıxmaq üçün istifadə edilən alətə çevrilmək istəmir. Yaxın Şərqdə demokratiya, insan hüquqları adı altında nələr baş verdiyini yaxşı dərk edir. Öz övladlarına suriyalı, liviyalı, iraqlı həmyaşıdlarının gələcəyini arzu etmir. Bax, biz azərbaycanlıların fərqli və çox müsbət fərqli cəhəti də budur. Ona görə də imperializm Azərbaycan adı gələndə od püskürür. Çünki ölkəmizi dağıdıb sərvətlərimizi oğurlaya bilmirlər. Sabunçu rayonunda 311 saylı məktəbin açılışında çıxış edən Prezident İlham Əliyev dedi ki, bizə təzyiqlər artır, çünki biz heç kimə baş əymirik. Bax, əsas məsələ budur. Baş əymək Qarabağı da, müstəqilliyimizi də, dövlətçiliyimizi də birdəfəlik itirmək deməkdir. Ona görə də dövlət başçımız bəzən belə kiçik həyəcan təbilləri ilə cəmiyyətimizi ayıq olmağa çağırır və düşünürəm ki, çox da effektiv nəticə əldə edilir.

– Aksiyadan sonra bəzi iştirakçıların insident yaratmaq, asayişi pozmaq istəyini necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, bu da xüsusi sifarişdir. Bir xoşagəlməz fakt yaradıb onun ətrafında emosiyaları qızışdırmaq istəyirlər. İmperialist mərkəzlər şərqlini necə psixi-emosional vəziyyətə gətirəcəklərini yaxşı bilirlər. Bunun üçün illərlə xüsusi institutlar araşdırmalar aparır. Amma qeyd etdiyimiz kimi, cəmiyyətimiz bunun fərqindədir və antiazərbaycançı mərkəzlərə ölkəmizi dağıtmağa icazə verməyəcək.

– Müsavat Partiyasının mitinqi ilə bağlı fikirləriniz də cəmiyyət üçün maraqlıdır. İsa Qəmbər mitinqdə çıxışı zamanı “əgər hər ailədə orta hesabla 5 nəfər olsa, 10 milyonluq Azərbaycanda orta hesabla 5 milyon ailə var” deyə bildirdi. Halbuki, bu rəqəm 2 milyon edir. Bu, sabiq başqanın riyazi biliklərinin bərbad olduğunun göstəricisi deyilmi?

– Bilirsinizmi, İsa Qəmbər Azərbaycan siyasətinin bulanıq keçmişidir. İnanmıram ki, onun nə deməsi, yaxud nəyi necə deməsi kimisə maraqlandırsın. Ona görə də bunu xüsusi şərh etməyə dəyməz. Müsavatın mitinqinə gəldikdə isə bu da elə növbəti siyasi fiasko idi. Ölkəmizdə referendumla bağlı ciddi siyasi aktivlik nümayiş edildiyi bir vaxtda cəmisi 300, yaxud 500 nəfər cəlb edə bilmək o deməkdir ki Azərbaycanın siyasi sistemini təşkil edən aktiv fərdlər bu təşkilatla dialoqa girmir, onu qəbul etmir. Bax, Müsavatın baş tutmayan mitinqinin müsavatçılar üçün əsas dərsi məncə bu olmalıdır. O da əgər hələ də ölkəmizdə doğrudan da həqiqi müsavatçı qalıbsa.

– Mitinqdə Fərəc Kərimlinin “Müsavatın başqanı” kimi təqdim edilməsi birmənalı qarşılanmır. Bir çox müşahidəçilər hesab edirlər ki, İ.Qəmbər bununla başqan Arif Hacılıya aşkar mesaj verir…

– Mən az öncə təsadüfən demədim ki, əgər doğrudan da ölkəmizdə hələ də müsavatçı, yaxud da Müsavat adında təşkilat varsa... Deməli, olmayan təşkilatın başqanı da olmur. İsa Qəmbərin kimisə fərqli statusda təqdim etməsi isə Müsavatdaxili xırda intiriqalar üçün əhəmiyyətli hesab oluna bilər. Cəmiyyətimizin siyasi sistemi üçün heç bir əhəmiyyət kəsb etmədiyi üçün buna xüsusi diqqət ayırmağa dəyməz.

– Milli Şuranın və Müsavat Partiyasının mitinq keçirməsi nə dərəcədə qanuna uyğundur? Çünki referendum dövründə anti-referendum təbliğatı aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək lazımdır. Ancaq bu qüvvələr imza toplaya və qeydiyyatdan keçə bilməyiblər. Buna baxmayaraq referendum əleyhinə çıxışlar edirlər. Bunu nə ilə izah etmək olar? Ümumiyyətlə, bu mitinqlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və Seçki Məcəlləsinə nə dərəcədə uyğundur?

– Əslində, sualınızın cavabı elə sualınızda var. Əgər Müsavat Partiyası, yaxud Milli Şura adlandırılan qruplaşma doğrudan da referendum prosesində təmiz siyasi məqsədlə iştirak etmək istəyirdilərsə, o zaman MSK-nın müəyyən etdiyi müvafiq prosedurlardan keçməklə, hüqüq çərçivəsində öz siyasi məqsədlərini realizə edə bilərdilər. Onlar bunu etmədilər, yalnız xaricdən direktiv aldıqdan sonra fəallaşmağa başladılar və beləliklə, bir daha özlərini ifşa etdilər.

– Hər iki mitinqdə dövlətçilik əleyhinə aşkar çıxışlar edilməsinə, radikal-dini ekstremist insanlarla bağlı çağırışlara münasibətinizi bilmək istərdik…

– Azərbaycanda radikal dini-ekstremistlərin də, radikal müxalifətin də arxasında eyni mərkəzlər durur. Elə onların məqsədləri də eynidir. Azərbaycana maksimum çox zərbə vurmaq, bu xalqın dövlətçiliyini əlindən almaq. Ona görə də islamafob və antiazərbaycançı mərkəzlər ölkəmizdə xaos yaratmaq üçün əllərində olan imkanları maksimum səfərbər etməyə çalışırlar. Nəticədə də şahidi olduğumuz paradoksal, yaxud hibrid ekstremist marginal qruplaşma ortaya çıxır. Ancaq əlbəttə ki, bu cür eybəcər təşkilatlanmalar xalqımız tərəfindən açıqca rədd edilir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər