Aqil Abbas: "Onlar 10-15 insanın hüququnu 1 milyon insanın hüququndan üstün tuturlar"
"Mənim qəzetim var. Dəfələrlə Sosial Müdafiə Fondundan, Vergilər Nazirliyindən gəlib yoxlayıblar. Hətta cərimə də olunmuşam. Və cəriməmi də ödəmişəm. Necə olur, məni yoxlaya bilərlər, ancaq səni yoxlamamalıdırlar? Ona görə ki, sən Amerikadan maaş alırsan? Aldığın pulun vergisi var, prosedura şəffaf olmalıdır. Sən siyasi xadim, hüquq müdafiəçisi olduğuna görə sənə toxunmayacaqlar? Belə yanaşmamı olar? Dünyanın ən məşhur futbolçusu Messinin vergi məsələləri hələ də dartışılır. Hələ həbs məsələsi də ola bilər. Odur ki, mənim bu düşüncədə olan şəxslərə heç bir sözüm yoxdur".
Bunu Teleqraf.com-a müsahibəsində millət vəkili, yazıçı Aqil Abbas bildirib. Müsahibəni təqdim edirik.
- Aqil müəllim, artıq Avropa Yay Olimpiya Oyunlarının təqdimatı keçirilir. Siz bu haqda nə düşünürsünüz?
- Avropa Yay Olimpiya Oyunlarının ilk dəfə keçirilməsi və Bakıda təşkil edilməsi çox ciddi hadisədir. Bu, Azərbaycanın imicinə, reytinqinə, tanınmasına və nüfuzuna əhəmiyyətli təsir göstərəcək. Əslində, çox ölkə istəyərdi ki, bu yarış onların ərazisində keçirilsin. Bu yarışdan sonra nüfuzlu futbol yarışlarının, olimpiya oyunlarının paytaxtımızda keçirilməsi üçün stimul yaranacaq. Əlbəttə, bura çoxlu sayda yarış iştirakçısı, turistlər gələcək. Ölkəmizi, millətimizi, mədəniyyətimizi, mətbəximizi, reallıqları, inkişafı görəcəklər. Uzun illər dünyada bizi çox pis şəkildə təqdim ediblər. Guya geridə qalmış xalqıq. Bu cür təqdim olunmağımız, şübhəsiz, ermənilər və bizi sevməyən qüvvələrin fəaliyyəti səbəbindən olub. Ancaq getdikcə dünyada Azərbaycanın musiqisi, mədəniyyəti, elmi tanınır. Baxın, bu oyunlarla bağlı Azərbaycana 6 min idmançı gələcək, eləcə də, çoxlu sayda xarici tamaşaçı qəbul edəcəyik. Şübhəsiz ki, onlar burada tariximizlə, mövcud durumumuzla maraqlanacaqlar. Yəni, bu idman yarışı Azərbaycanın bir reklamıdır, ciddi bir məsələdir.
- Bu yarışın Dağlıq Qarabağ münaqişəsinə ciddi və pozitiv təsiri ola bilərmi?
- Təbii ki, var. Bu, şübhəsizdir.
- Təsir hansı formada olacaq?
- Bilirsinizmi, hamı qəzet oxumur, televiziya kanallarına baxmır. Məsələn, Kobani haqqında siz və mən nə bilirik? Əslində, heç nə. Sadəcə, televiziya vasitəsilə bilirik ki, orada müharibə olub, Kobani dağılıb. Ancaq ətraflı məlumatımız yoxdur. Lakin bu yarışlarda Azərbaycana 6 min idmançı, on minlərlə azarkeş gələcək. Təbii ki, onlar burada yerli əhali ilə kontaktda olacaq, məlumatlar əldə edəcəklər. Biləcəklər ki, kimin şəhərləri dağıdılıb, ərazisi işğal edilib, kimlər el-obasından qaçqın salınıb. Ermənistanın qaçqını varmı? Əlbəttə, yox! Əksinə, Ermənistanın əhalisi bu ölkənin özündən qaçır, İrəvan və digər şəhərlər boşalır. Təbii ki, bu mənada, gələn qonaqlar dəqiq informasiyalar alacaqlar. Həm də kimin obyektiv, kimin günahkar olduğu barədə özlərində rəy formalaşacaq.
- Bu yarışları televiziyalar vasitəsilə 700 milyon əhali izləyəcək. Necə düşünürsünüz, canlı yayım zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa çarxlar nümayiş etdirilə bilərmi?
- Bəli, yarışları haradasa 1 milyarda yaxın insan izləyəcək. Ancaq mənə elə gəlir ki, yarışlar zamanı nəzərdə tutduğunuz çarxların nümayişi elə də lazımlı deyil. İdman böyük bayramdır. Mən idmana siyasi məqamları qatmağı doğru hesab etmirəm. Gedək stadiona Qarabağ münaqişəsinə dair şüarlar qaldıraq, "Qarabağ" çağıraq və s. Bu, bir az şit olur və həm də özümüzü ermənilərə bənzətmək kimi çıxır. İdman vasitəsilə ölkənin tanınması ən yaxşı addımdır. Düşünün, Braziliyada 200-dən çox futbolçu adı çəkə bilərsiniz. Braziliyanı dünyaya tanıdan onun idmanıdır. Və ya Rusiyanın olimpiyaçıları, xokkeylə məşğul olan idmançıları daha çox tanınır. İdman özü əslində ölkəni dünyada tanıtdırmağın ən yaxşı formasıdır.
- Yarışlarda Ermənistan idmançılarının iştirakını necə qiymətləndirirsiniz?
- Buyurub gəlsinlər. Bu, idman yarışıdır. Erməni nümayəndə heyəti də gələ bilər. Düzdür, bu fikrimi oxuyandan sonra Akif Nağı məni söyəcək, deyəcək ki, Aqil Abbas özü ağdamlıdır, şəhidi var. Ancaq mən belə şeyləri anlamıram. Bu, idmandır. Mən Ermənistan vətəndaşlarının bura ayrı cür gəlməsini qəbul etmirəm. İndi biz böyük bir idman yarışına ev sahibliyi edirik. Qoy ermənilər də gəlsin, bizim şəhəri öz gözləri ilə görsünlər. Bilsinlər ki, necə yaşayırıq, onlar necə yaşayır.
- Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları artıq bu yarışlara kölgə salmaq üçün boykot çağırışları edir. Bunu necə şərh etmək olar?
- Beynəlxalq hüquq təşkilatları Azərbaycanda insan hüquqları pozulur deyə təbliğat aparır. Onlara bir sualım var, əgər cavab versələr, mən də dediklərinə qoşular, Milli Məclisdə də bayraq qaldıraram. Necə ola bilir ki, ölkədə 1 milyon 300 min məcburi köçkün var, amma onların pozulan hüquqlarını dünyada qaldırmırlar. Beynəlxalq hüquq müdafiə təşkilatları bir dəfə də bu məsələni qaldırsın, mən də gedib onlara qoşulum. Bəs niyə qaldırmırlar? Bilirsinizmi, onlar 10-15 insanın hüququnu 1 milyon insanın hüququndan üstün tuturlar. Onlar "Eurovision" öncəsi də belə fəaliyyətdə oldular. Təbii ki, içimizdə onlara dəstək verənlər var. "Eurovision" mahnı müsabiqəsi zamanı da küçədə aksiya etdilər. Düşündülər ki, bununla dünya görəcək ki, burada insan hüquqları tapdalanır. Belə şey olmaz. Onlar bir dəfə bunu etdilər. Nə oldu? Özlərini biabır etdilər. Boykot etmək nədir? Edirsənsə, yarışlara baxmağa getmə. Daha niyə küçəyə çıxıb yürüş edirsən? Həm də yürüş edirsənsə, Dağlıq Qarabağla əlaqədar elə, qoy gələn də görsün ki, torpağının məsələsini qaldırırsan, camaat Qarabağını istəyir. Odur ki, bu çağırışların heç bir nəticəsi olmayacaq. Dünyanın başına onda daş düşər ki, Almaniya kimi bir dövlət hansısa beynəlxalq hüquq müdafiə təşkilatının sözü ilə oturub dursun. İkincisi, dünyanın hər yerində həbslər var. Bir neçə gün əvvəl ABŞ-da polislər bir zəncini tutub döydülər, sonra isə bir polis zəncinin başına güllə vurdu. Bəs niyə bu məsələni qaldırmadılar? Dünyanın hər yerində insan hüquqları pozulur. Azərbaycanda da bu kimi hallar baş verə bilər. Ancaq bunun həlli yolu məhkəmələrdir. Həm də ictimaiyyətin də bu məsələyə mövqeyi var. Ancaq daha bunu şişirtməyə nə hacət? Ölkənin ən radikal qəzetləri Milli Məclisə gəlir, buradan reportajlar verir. Əgər insan hüquqları pozulsa, birinci onları bura buraxmazlar. Dövlət radikal və tənqidi qəzetlərə də yardım edir. Əgər insan haqları, söz azadlığı pozulsa, bu qəzetlərə də maliyyə yardımı verilməz. Belə xırda şeyləri əldə bayraq etmək olmaz. Kimin hüququ pozulub, Leyla Yunusun? Bəs Leyla Yunusun vurub başından papağını saldığı polisin hüququnu kim müdafiə edəcək? Leyla Yunus polisin papağını yerə atmadı, həmin papaqda olan dövlət atributunu ayaq altına atdı. Polis zabiti də soyuqqanlılıq göstərdi. O, polisi deyil, dövləti təhqir etdi. İndi durub onun hüquqlarını müdafiə edirlər? Mənim qəzetim var. Dəfələrlə Sosial Müdafiə Fondundan, Vergilər Nazirliyindən gəlib məni yoxlayıblar. Hətta cərimə də olunmuşam. Və cəriməmi də ödəmişəm. Necə olur, məni yoxlaya bilərlər, ancaq səni yoxlamamalıdırlar? Ona görə ki, sən Amerikadan maaş alırsan? Aldığın pulun vergisi var, prosedura şəffaf olmalıdır. Sən siyasi xadim, hüquq müdafiəçisi olduğuna görə sənə toxunmayacaqlar? Belə yanaşmamı olar? Dünyanın ən məşhur futbolçusu Messinin vergi məsələləri hələ də dartışılır. Hələ həbs məsələsi də ola bilər. Odur ki, mənim bu düşüncədə olan şəxslərə heç bir sözüm yoxdur. Milləti və dövləti sevmək lazımdır. Davamız varsa, bunu içəridə özümüz aparaq. Guya Ağdam yoxdur deyə amerikalının ürəyi yanır? Yoxsa almanı Azərbaycanın milyondan çox məcburi köçkünü olması ilgiləndirir? Sadəcə, onlar bizə təzyiq etmək üçün belə rıçaqlara sahib olmaq istəyirlər. Davamız varsa, bunu içəridə aparaq. Buyurun mitinq edin, qəzetlərdə sözünüzü deyin. Daha gedib bizi sevməyən qüvvələrin əlində vasitəçi olmayın. Onsuz da, Avropa Yay Olimpiya Oyunları möhtəşəm şəkildə keçiriləcək. Hazırda yarışla bağlı təqdimatlar keçirilir, dünyanın diqqətini bu məsələyə cəlb edirik.
- Avropa Yay Oyunları zamanı satılacaq biletlərin qiyməti 2-5 manat olacaq. Bunu normal qiymət hesab etmək olarmı?
- Bu, normal qiymətdir. İspaniyada normal futbol oyununa baxmaq üçün biletə 50 avro ödəməlisən. Bizdə də açılışda 100 manata bilet ola bilər. Əgər sən bəy yerində əyləşmək istəyirsənsə, bəy pulu verməlisən. Ancaq aydın məsələdir ki, 2-5 manata bilet çox normal qiymətdir və əhalinin bütün təbəqəsi ondan istifadə etmək imkanında olacaq. Sovet vaxtı futbolda 15-ci sektor var idi. "Neftçi" oynayanda hamı orada əyləşmək istəyirdi. Hər kəsin cibinə uyğun oturacağı yer olmalıdır. Odur ki, mən qiymətləri normal hesab edirəm.
- Siz stadiona gedib idman yarışına baxacaqsınız?
- Məni daha çox futbol maraqlandırır. Təbii ki, gedib futbol oyunlarına baxacağam.
Nemət Hüseynli