4 Aprel 2015 11:27
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün İranla danışıqlara Avropa və Amerikanın xüsusi diqqət yetirməsi, hətta İsraildən yan keçərək buna getməsinin əsas səbəbi İranı Rusiyanın yanından uzaqlaşdırmaqdır. Çünki bu dəqiqə Qərb və ABŞ-ın bütün diqqəti Rusiyaya yönəlib. ABŞ Rusiyanın müttəfiqlərini onun yanından geri çəkmək, bu ölkəni təcrid etmək və təkləmək siyasəti yürüdür. Amerika-İran razılaşmasına da bu konteksdən baxmaq lazımdır”.

Bunu Teleqraf.com-a müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. Müsahibəni təqdim edirik:

- Fəzail bəy, İranla “altılıq” ölkələri arasında nüvə istiqamətində aparılan danışıqların nəticəsi olaraq anlaşma əldə edildi. İran-Qərb anlaşmasını necə qiymətləndirirsiniz?
- Güman etmirəm ki, bu anlaşma İranın tutmuş olduğu ümumi siyasi xəttdə hansısa dəyişikliyə səbəb olsun. İran fərqli bir rejimə malikdir, bu rejimin mahiyyətindən doğan daxili və xarici siyasəti var. Hər halda, bu xarici və daxili siyasətin köklü şəkildə dəyişəcəyini gözləmək sadəlöhvlük olardı.

- Yəni anlaşmanın əhəmiyyəti olmayacaq?
- İran hakimiyyət orqanları dünyada gedən proseslərin, eyni zamanda uzun illərdən bu yana məruz qaldıqları sanksiyaların, təcridin ağır nəticələrini etiraf etməsələr də, hiss etdilər. Başa düşürlər ki, İranın özünün yeniləşməyə ehtiyacı var. Yəni həm daxili, həm də xarici siyasətdə müəyyən dəyişikliklər labüddür. Çünki daxili siyasətdə insanların qapalı həyata məcbur edilməsi, xarici dünya ilə kontaktların yaradılmasına maneçilik törədilməsi ölkənin daxilində sosial gərginliyə, mövcud rejimə qarşı narazılığı artmasına geniş imkanlar açır. İran hakimiyyət dairələri də, şübhəsiz ki, bütün bunların fərqindədir. Odur ki, İran siyasi rəhbərliyi indiki rejimin siyasi mahiyyətini və ideologiyasını saxlamaqla müəyyən korreksiyalar edəcəklər. İndilikdə İranın xarici siyasətdə atmış olduğu bu addım qeyd olunan korreksiyaların bir əlamətidir. İranın atdığı bu addım əslində xarici siyasətdə özünə qarşı davamlı münasibətin aradan qaldırılması naminə edilən diplomatik gedişdir.

- Bu anlaşmanın Azərbaycana təsiri necə olacaq?
- İndi ən maraqlı cəhət İranın bundan sonra Azərbaycana qarşı münasibətinin necə olacağı ilə bağlıdır. Əvvəlki İran hakimiyyətindən fərqli olaraq Həsən Ruhani komandası iqtidara gəldikdən sonra Azərbaycan-İran münasibətləri nisbətən liberal müstəviyə daxil olub, Azərbaycanın maraqlarını Tehran nəzərə alır. İran rejimi gördü ki, Azərbaycan dövləti Qərbin İrana qarşı olan sanksiyalarında iştirak etmədi, hansısa avantüra proseslərində yer almadı, İranla səmimi və dost münasibətini açıq şəkildə ortaya qoydu. İran tərəfi də, bundan nəticə çıxararaq Azərbaycana qarşı münasibətində müəyyən dəyişikliklər etmək cəhdindədir. Lakin biz İran hakimiyyətindən o zaman müsbət dividentlər götürə bilərik ki, bu ölkə Ermənistana qarşı münasibətində sərt dönüşlər yaratsın və işğalçılıq siyasətinə son qoymağa, Azərbaycana qarşı konstruktiv mövqe sərgiləməyə məcbur etsin. İran tərəfindən bu addım atılarsa, əlbəttə ki, bizim münasibətlərimiz daha yüksək səviyyədə qurula bilər.

- İran-Amerika razılaşması regionda Azərbaycanın strateji və coğrafi əhəmiyyətini azalda bilərmi?
- Hesab etmirəm ki, bu anlaşma regionda Azərbaycanın əhəmiyyətinə mənfi təsir göstərə bilər. Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynamış olduğu xüsusi rol, ölkəmizin İrandan fərqli olaraq dünyəvi dövlət olması ciddi amildir. İranın mövqeyinin, Qərbin ona münasibətinin dəyişməsindən asılı olmayaraq Azərbaycanın dünya çapında mövqeyinin zəifləməsinə gətirib çıxara bilməz. Belə nəticəyə gəlmək səhv olardı. Azərbaycan bundan sonra da, regionun lider dövləti olaraq dünya çapında özünə məxsus olan funksiyanı oynayacaq, böyük oyunlar içərisində özünün yüksək səviyyəli oyunlarını qura biləcək və nüfuzunu getdikcə artıracaq. Bu gün İranla danışıqlara Avropa və Amerikanın xüsusi diqqət yetirməsi, hətta İsraildən yan keçərək buna getməsinin əsas səbəbi İranı Rusiyanın yanından uzaqlaşdırmaqdır. Çünki bu dəqiqə Qərb və ABŞ-ın bütün diqqəti Rusiyaya yönəlib. ABŞ Rusiyanın müttəfiqlərini onun yanından geri çəkmək, bu ölkəni təcrid etmək və təkləmək siyasəti yürüdür. Amerika-İran razılaşmasına da bu konteksdən baxmaq lazımdır.

- ABŞ dediyiniz məqsədinə nail oldu?
- Müəyyən dərəcədə nail oldu. Ancaq İran da hər zaman özünün mövqeyini nümayiş etdirən, aparmış olduğu danışıqlar prosesində öz maraqlarını güdən və buna sadiq olan dövlətlərdən biridir. Hər halda düşünmürəm ki, indiki zaman kəsiyində İran Rusiyaya görə, özünü daha çətin vəziyyətə salsın. Heç bir dövlət bunu istəməz. Çünki Rusiyanın indiki mövqeyi həm də İranı xeyli dərəcədə ehtiyatlandırır. Rusiyanın revanş götürməsi, onun yaxın qonşusu olaraq İranı qayğılandırmaya bilməz. Çünki bu revanş İrana üçün də ciddi təhlükələr yarada bilər.

- Milli Şura aprelin 5-nə mitinq təyin edib. Bu mitinqdən nə gözləyirsiniz?
- Hesab edirəm ki, gözləniləsi bir şey yoxdur. Milli Şuranın 15 martda keçirmiş olduğu mitinqin nəticələri bəllidir. Baxmayaraq ki, onlar bütün imkan və potensiallarından istifadə edərək Azərbaycan xalqını mitinqə dəvət etdilər, eləcə də, manatın devalvasiyasından sonra sual doğuran məqamlar var idi. Amma bu məqamlar keçdi, indi başqa zamandır. O zaman 1000-1500 nəfərdən artıq insanı ora toplaya bilməyən AXCP və onun çətiri altında olan Milli Şuranın 5 apreldə insanları kütləvi şəkildə öz ətrafına yığa biləcəyini güman etmirəm. Çünki əslində Milli Şura bir çətirdir və AXCP-nin törəməsidir. İndi onların cəmiyyətdə nüfuzu və sosial dayaqları olmadığına görə, fikrimcə, ola bilsin ki, cəmiyyətin müəyyən təbəqəsini düşündürən sosial şüarlarla belə insanları mitinqə cəlb etmələri mümkün olmayacaq. Nəzərə alın ki, cəmiyyətdə onların nüfuzu yoxdur, insanlar onlara inanmır.

- Niyə 1990-cı ildən bu yana müxalifət düşərgəsində qarşıdurma, bir-birini ittiham etmək kimi fəaliyyət mövcuddur?
- Dəyişikliklərə ehtiyac var. Çox təəssüf edirəm ki, Azərbaycan cəmiyyətində uzun illər siyasi müstəvidə yer tutan, möhkəmlənən və təəssüflər olsun ki, narazı təbəqənin dəstəyini qazanan radikal müxalifətin inhisarçılığı hökm sürdü. Bu proses dünənə qədər hökm sürdü və imkan vermədi ki, müxalifət qütbündə konstruktiv mövqedə dayanaraq müxalifət missiyasını üzərinə götürərək apara biləcək mühit formalaşsın, partiya önə çıxsın. Kim konstruktiv mövqe ilə önə çıxdısa, liberallaşmağa, köhnə dünyagörüşündən imtina edərək yeni yanaşmaları özündə ehtiva edən xətti tutdusa, bu şəxslər satqın, hakimiyyət tərəfindən ələ alınan insanlar kimi təqdim edildi. Bu da, sonda özünün ağır nəticələrini göstərdi. İndi radikal müxalifət ən zəif və nüfuzsuz dövrünü yaşayır. İkincisi, indi bu düşərgədə müxalifətin bütün qanadlarını, bu olmasa da, əsas qanadlarını birləşdirəcək vahid liderin olmadığı faktdır.

- Siz sosial şəbəkələri tənqid edirdiniz. Ancaq iki gün əvvəl sosial şəbəkələrdə qeydiyyatdan keçmisiniz. Bunu necə anlamaq olar?
- Mən sosial şəbəkələrin təhlükəli məqamlarını tənqid etmişəm və heç zaman deməmişəm ki, sosial şəbəkələrə qarşı çıxmaq, onları qapatmaq lazımdır. Bu gün də hesab edirəm ki, sosial şəbəkələrdə gedən təhlükəli meyllərin qarşısı alınmalıdır. Bunu ya maarifləndirmə, ya insanları anlatmaq və ya məhdudiyyətin hansısa şəkildə tətbiqi ilə bağlı etmək lazımdır ki, cəmiyyətdə kataklizmlər doğuracaq çağırışlar və qruplar olmasın. Sosial şəbəkələr vasitəsilə insanlar bir yerə yığılır, meydanlara yönəldilir. Lakin meydanlarda insanları sosial şəbəkələr idarə edə və geri qaytara bilmir. Beləliklə də, xaos üçün imkanlar yaranır. Bu təhlükəni nəzərə alaraq demişəm ki, bu cəhətlərə xüsusi diqqət etmək və onların qarşısını almaq lazımdır. Ancaq mən bütövlükdə sosial şəbəkələrə qarşı çıxmamışam və onun müsbət tendensiyaları var. Xoş məramlar davam etməlidir. Mənim özümün nəyə görə, sosial şəbəkələrə daxil olmağıma gəldikdə, sadəcə olaraq öz fikirlərimi, müsahibə və açıqlamalarımı hörmətli oxucularımın diqqətinə çatdırmaq istədim.

- Yəni bunu qarşıdan gələn parlament seçkilərinə hazırlığınız kimi də qiymətləndirmək olar...
- Bu həm də, sosial şəbəkələrin indiki zaman kəsiyində daha böyük auditoriya olması ilə bağlıdır. Əlbəttə, dedikləriniz də istisna deyil.

Nemət


Müəllif: