16 Aprel 2015 14:27
2 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Tarixi nadir” layihəsində Güntay Gəncalpla növbəti müsahibəni təqdim edir.

– Güntay bəy, ilk sualım belə olsun: siz Rəsulzadənin adı ilə nə zaman tanış oldunuz və necə tanıdınız?
– İran ölkəsi həm şah zamanında, həm də Şiə dövləti zamanında dünyadan təcrid edilmiş məmləkət şəklində olmuşdur. Sadəcə xarici radiolar vasitəsi ilə ölkənin sınırları dışında olub bitənlərdən xəbərdar olurduq. Bu yabancı media da öz dövlət mənafeyi əsasında bilgi paylaşırdı. Bakı və Moskva radiosunun farsca proqramlarını çox gənc yaşımda dinlərdim. Orada bütün Müsavatçılar ən əxlaqsız adamlar kimi təqdim edilirdi. Sonra İran kommunistlərinin farscaya tərcümə etdikləri iki roman əldə etdim. Bunlardan biri Mehdi Hüseynin “Komiser” və digəri də Sabit Rəhmanın “Nina” adlı əsərləri idi. Bu romanların bizim dildə ədəbi dəyərinin necə olduğu haqda bilgim yox idi, ancaq fars dilinə çox yaxşı tərcümə edilmişdi. Bu iki roman Rəsulzadəni və o dövür milli şəxsiyyətləri ingilis casusu kimi tanıtmışdı.

– Aha...
– Mən də 17-18 yaşlarımda bu romanların bucağından o dönəm tarixinə baxmağa alışdım və kimliyini tanımadığım, nə işlə məşğul olduğunu bilmədiyim Rəsulzadəyə qarşı içimdə bir nifrət oyanmışdı. Üstəgəl ”Qatır Məmməd” kimi filmlər və evimizdə dinlədiyimiz Bakı radiosunun proqramları şanlı sosialist dövranını təsvir etdiyindən məndə bu şanlı dövrana qarşı olan Rəsulzadə adlı şəxsə antipatiya meydana gəlirdi. İrandakı yaşlı və təcrübəli səfəvizədə türk kommunistlərin o zaman Rəsulzadə və Atatürk adında iki düşmənləri var idi. Mən də yeniyetmə gənc olaraq bu sosial bilgi dalğalarından etkilənirdim

– Bəs o zaman bu dediyiniz bilgilərdən imtina etmək üçün həyatınızda nə baş verdi ki?
– 1985-ci ildə 19 yaşım var idi. Təbrizdə diş doktorluğu fakültəsində oxuyurdum. Məni universitetdən kənarlaşdırdılar. Nə edəcəyimi bilmirdim. Öncə intihar etmək fikrinə qapıldım. Sonra düşündüm ki, nədən düşüncələrimin qibləgahı olan sovetlərə sığınmayım ki? Bir gecə sərhəddə gəlib gecə yarısına qədər gözlədim. Sonra Bilasuvar tərəfindən keçdim sovet ölkəsinə.

– Axı deyirlər, o vaxt sərhədlərə heç quş da qona bilməzdi. Maraqlıdır, məftilləri necə keçdiniz ?
– Mən məftillərə toxunurdum və kimsə gəlib məni aparmırdı. Sonra postdan qorxunc köpək səsləri gəldi. Mənə elə gəldi ki, içəridə adam yoxdur və sadəcə, köpəklər var. Köpəklər gəlib məni yeyə bilər qorxusuyla boğazım qurumuş və səsimi çıxara bilmirdim. Geri dönmək istərkən, bir əsgərin 20 metr uzaqlığımda başını aşağı salıb postda addımladığını gördüm. Səsim çıxmırdı, ona yaxınlaşdım və birdən öskürdüyümdə rus əsgər qorxusundan bağırmağa başladı. Əlindəki işığı üzümə tutub tüfəngi ilə əllərimi qaldırmamı işarə etdi. Məni yaxalayıb gözlərimi bağlayaraq Lənkərana apardılar. Lənkəranda üç ay zindanda qaldım. Bu üç ay düşüncəmi alt-üst etdi. Təmizlik yox idi, tualetdə su yox idi. Tualetin qoxusu zindanı bürümüşdü. Paslı dəmir qapılar idi və sağlığa aid heç nə yoxdu.

– Sonra nə oldu ?
– Bütün təbliğatların yalan olduğunu burada anladım. Qorbaçov yeni gəlmiş və artıq İrandan kommunist mühacir qəbul etmirdilər. Üç ay sonra məni geri qaytardılar. Geri döndükdən sonra bir sovet əleyhdarı olmuşdum. Sovet mətnlərindən ibarət bütün oxuduqlarımın yalan olduğunu düşündüyüm üçün istər-istəməz Rəsulzadə haqqında da fikirlərim dəyişdi.

– Və bundan sonra başladınız Rəsulzadənin əsərlərini oxumağa…
– İran mühitində Rəsulzadənin və ya digər milli şəxslərin əsərlərini tapmaq mümkün deyildi. Bunun üçün bir az zaman gərəkəcəkdi. Mən İran-İraq savaşına əsgər olaraq aparıldım, geri dönüb Təbrizdə bir şirkətdə də çalışdım, 1991-ci ildə Türkiyəyə gedib BMT ofisindən Kanadaya getmək üçün status almışdım. Lakin sovetlər dağılmağa başladı və mənim də içimdə güclü vətən duyğusu var idi. Bu vətən üçün bir işlər görə bilərəm deyə düşünürdüm. Bu üzdən Kanadanı buraxıb Bakıya gəldim.

– Kanadanı buraxıb Bakıya gəlmək dəhşətdir.
– Bu zaman yenicə yayılan Rəsulzadənin əsərlərini çətinliklə kiril əlfbasında oxuya bildim. Rəsulzadənin gerçək dünyagörüşü ilə bu zamandan sonra tanış olmağa başladım. Mən kitab oxuyarkən əlimdə qələm və yaddaş dəftərim olmalıdır. Rəsulzadəni də belə oxudum. Oxuyaraq dəftərlərimə yaddaşlar yazırdım, bu yaddaş dəftərlərim hələ də durmaqda. Beləcə Rəsulzadə mənim tarixi və milli dünyagörüşümü aydınlığa qovuşduran rəhbərim oldu. Bir zamanlar oxuduğum saxta romanlar üzündən onu casus olaraq gördüyüm üçün utanırdım, neçə kərə göz yaşlarım axaraq “məni bağışla” deyə hər əsərini oxuduqdan sonra öz-özümə pıçıldamışdım.

– İntellektual həyatınıza baxanda aydın olur ki, Rəsulzadəni sadə oxucu kimi oxumamısınız.
– Çox doğrudur. Rəsulzadəni sadə oxucu kimi oxumadım. Mən ölkəmin qaranlığa gömülmüş tarixini xilas etmək niyyəti ilə yaşayırdım. Bu üzdən öz tarix konsepti ilə ölkəmizin və bölgəmizin qaranlıq tarixini aydınladan Rəsulzadə əsərlərinin bu niyyətimi aydınlığa qovuşdurduğunu sezdim. O, tarix, milli və hətta dini həyat üçün yeni və modern bir vizion gətirmişdir.

– Məsələn, nə gətirmişdir, Rəsulzadənin gətirdiyi vizion haqqında nələr deyə bilərsiniz ?
– Rəsulzadə kimi qurtarıcı öndərlərin kimliklərini böyük filosof Nitşe´nin “üstinsan” qavramı ilə açıqlamağa çalışıram.

– Nə deməkdir bu?
– Nitşeyə görə toplumdakı insanlar üç qismə ayrılarlar.

– Bir...
– Sürü insanı. Çoxluqda olan sürü insan əxlaqi toplumdur. Fərdi əxlaqları olmaz, yüzillər öncədən miras qalan ənənələrin əxlaq anlayışı ilə yaşar, yenilik düşməni, mühafizəkar olar və hər növ dəyişimə qarşı çıxar. Heç bir ideyanı yaxın buraxmaz.

– İki...
– Azad insan. Azadlıq istəyən qrup. Azlıqda olan azad insan qrupunun azadlıq anlayışının önündəki əngəl sürü insandır. Çünki sürü insan istibdadın, diktatorluğun xidmətində olan çoxluqdur. Bütün tarix bu iki qrupunun mücadiləsindən ibarətdir və əsasəən də sürü insanlar diktator rejimlərlə bir yerdə azlıqda olan və ideya yaradan bu azad insanları öldürmüş, zindanlarda çürütmüşlər. Lakin burada da bir problem var, azad insanlar azadlıq nədir sualına cavab verə bilməz...

– Yəni...
– Yəni sadəcə, azadlıq istərlər. Azadlıq üçün yeni dəyər törədə bilməzlər. Bu sırada üçüncü insan növü ortaya girər.

– Nədir üçüncü insan növü?
– Üçüncü insan növünü Nitşe üstinsan olaraq tərif edər. Üstinsan bilgi, niyyət və davranışları ilə azad insan qrupunun ”azadlıq nədir?” sualına cavab verər, yeni dəyər törədir və sürü insanı da dəyişimə zorlar. Böyük tarixi aydınlanmalar üstinsan olaraq bilinən şəxsiyyətlərin ideyaları nəticəsində ortaya çıxar. Sadəcə ideya deyil, ideyanın tətbiq edilməsi və yeni tarixi mərhələnin başlaması da üstinsanın iradəsi ilə şəkillənər.

– Bu dediklərinizin Rəsulzadəyə nə aidiyyatı var?
– Mənə görə Rəsulzadə üçüncü qrupa aid olan aydınladıcı, qurtarıcı və qurucu insandır. Bu insanların sayı tarixdə çox az, hətta barmaq sayı qədərdir. Rəsulzadə timsalında olduğu kimi üstinsan tarixin əsarətində deyildir, o, həm də tarixin azad edicisidir.

– Maraqlıdır, tarixi necə azad etmək olar ki?
– Tarix sadəcə gəldiyi yolu deyil, gedəcəyi yolu və istiqaməti də bəlli edər. Tarixə müdaxilə edilməzsə, o, gəldiyi kimi də qaranlıq yolçuluğuna davam edər. Rəsulzadə tarixə müdaxilə edərək modern tarixin başlama nöqtəsini bəlli etdi. Rəsulzadə öncəsi və sonrası tariximiz fərqli mahiyyətə sahibdir. Tarixdəki sosial qanunları ararkən, qanunsuzluq, kuralsızlıq və xaosla qarşılamış və bu xaosu ifşa edərək sosial qanuna uyğunluq şəklində tarix zehniyyətini oluşdurmağa çalışmışdı.

– Bəs Rəsulzadə bunu necə bacarıb?
– Əsas məsələ də budur. Rəsulzadə gerçəkdən də bunu necə başarmışdır? Məncə, hər şeydən öncə Rəsulzadə böyük bir axtarış içində olmuşdur. Axtarışlarında da indi dəbdə olan önyarqılı tarix anlayışından uzaq durmuşdur. Aydınladıcı Rəsulzadə, düşüncəsini və dünyagörüşünü tarixin əsartəindən və tarix heyranlığından azad edə bildiyindən bizlərə yeni aydın tarix üfüqünü aça bilmişdir. İndi bir şeyə şahid olmaqdayıq. Rəsulzadənin açdığı tarix üfüqü dışında bütün üfüqlər qaranlıqdır. Rəsuzadə bu baxımdan bir neçə sahənin uzmanı olmuşdur. Tarix fəlsəfəsini və modern tarix metodologiyasını mənimsəmişdi. Toplumun sosial gerçəkliyini tarixi kökləri ilə dərindən bilirdi. Özəlliklə bölgə dillərini dərindən bildiyi üçün geniş araşdırma imkanına sahib olmuşdur.

– Siz Rəsulzadənin intellektual tərəfini daha çox önə çəkirsiniz. Necə düşünürsünüz, onun dövlət adamı olması sizcə, hansı keyfiyyətləri daşımışdır?
– Dövlət, özəlliklə milli dövlət bəlli intellekt üzərinə qurulmalıdır. Bu baxımdan milli dövlət qurma xəyalı Rəsulzadənin dərin mütaliəyə dayanan axtarışına söykənməkdədir. Millət olmanın şərti dövlət olmağa bağlıdır. Dövlət bir millətin həndəsi şəklidir. Bir maddə varsa, mütləqa onun həndəsi bir forması da olmalıdır. Milliyət də maddi bir varlıq olaraq bir həndəsi biçimə sahib olmalıdır. Bu həndəsi biçimin adına dövlət deyilir. Rəsulzadə bunu özü bilgiləri ilə daha gözəl tamamlamışdır. Rəsulzadəyə görə milliyət təbiətin və tarixin yaratdığı bir durumdur, lakin millət isə milliyətin şüurlu var oluşunun göstərgəsidir, yəni ağlını, şüurunu hərəkətə keçirə bilməyən toplumlar millət ola bilmirlər. Millət olmanın başlıca xüsusiyyəti Rəsulzadəyə görə milli dövlətə sahib olmaqdır.

– Burda sual yaranır: Rəsulzadənin tarixə və dünyaya baxışı milli dövlət olmaq üçünmü idi?

– Rəsulzadənin bütün əsərlərini, müsahibələrini, davranışlarını incələdiyimizdə bu məsələyə şahid oluruq. Rəsulzadə deyir ki, ümmətçilik dövrünə aid olan tarix bir tək ərəbə, farsa və türkə məxsus deyildir. O dönəm bu millətlərin ortaq tarixidir, lakin millətçilik dövründə yollar ayrılır və hər millət ümmətçilik dönəmindəki tarixə öz milli ölçüləri ilə yanaşır.

(ardı var)

Kəramət Böyükçöl


Müəllif:

Oxşar xəbərlər