24 Aprel 2015 12:36
2 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarının badminton idman növü üzrə Ulduz Elçisi Nigar Camal Teleqraf.com-un suallarını cavablandırıb.

O, bütün azərbaycanlıları bilet alıb Avropa Oyunlarına gəlməyə səsləyib, bu mötəbər yarışlarda ulduz səfir seçildiyinə görə xoşbəxt olduğunu söyləyib.

- Nigar xanım, Bakı 2015 Avropa Oyunlarında Ulduz Elçilərdən birisiniz. I Avropa Oyunlarından gözləntiləriniz nədir?
- Çox həyəcanla ölkəmizdə keçiriləcək I Avropa oyunlarını gözləyirəm. Hər şey çox yüksək səviyyədə hazırlanıb. İnsanlar bu Oyunları gülər üzlə qarşılayır. Məncə, hamı bilet almağa tələsməlidir. Çünki Oyunlar möhtəşəm keçəcək. Bu işdə hər kəsə uğurlar arzu edirəm. İstəyirəm ki, hamı bizə qoşulsun. Hamımız birlikdə bu işin öhdəsindən gələcəyik. Bizim Ulduz Elçilər olaraq görəcəyimiz iş təbliğat aparmaqdır. Bu, bizim əsas məqsədimizdir. Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir və bir çox azərbaycanlı gəncin Bakı 2015 Avropa Oyunlarında bu cür imkan əldə etmələri mənim üçün xoşdur. Ulduz Elçi olaraq çox sayda insanı Bakı 2015 Avropa Oyunlarına cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin yazılmasında iştirak etmək mənim vəzifəmdir.

- Hansı idman növü marağınızdadır? Oyunlarda hansı idman yarışını xüsusi olaraq gözləyirsiniz?
- Əlbəttə, badminton yarışlarını. Özüm məhz bu idman növü üzrə Ulduz Elçiyəm. Artıq özüm də badminton oynamağa başlamışam. Uduza-uduza öyrənirəm.

- Yaradıcılığınızda nə yeniliklər var?
- May ayının ilk həftəsində Türkiyədə yeni klipim işıq üzü görəcək. Klipi tanınmış rejissor Nihat Odabaşı çəkib. Veb-saytımın, klipimin təqdimatı olacaq. Eyni zamanda ikinci mahnı üzərində də işləyirik. Həmin mahnı haqqında məlumatlar təxminən 2 ay sonra ictimaiyyətə açıqlanacaq. Həm də həmin mahnıya klip də çəkilməlidir.

- Mahnının adı nədir?
- Yeni mahnım “Hər halda” adlanır.

- Bir çox məşhurların duet ortağı olmusunuz. Yeni duetlər gözlənilir?
- Bakıda Miri Yusiflə duetimiz olacaq. Başqa bir şəxslə duet barədə düşünmürəm. Hazırda Türkiyədə yeni mahnılar üzərində işləyirik. İşimin böyük əksəriyyətini Türkiyədə reallaşdırırıq.

- Azərbaycan mahnıları ifa etmək istəmirsiniz? Hansısa azərbaycanlı bəstəkarla iş birliyiniz var?
- Azərbaycanda İsa Məlikovla bərabər işləyirdik. O, həm də mənim buradakı menecerimdir.

- Sizi Cennifer Lopezə çox bənzədirlər. Özünüz ona bənzəmək istəyirsinizmi?
- Mən kiməsə oxşamağa çalışmıram. Sosial şəbəkələrdə yeni fotolar paylaşanda çoxları yazır ki, özünü Cenniferə oxşadırsan. Əgər bir az bənzərliyimiz varsa, buna nə edə bilərəm? Deyəndə ki, Cenniferə yaxud başqa gözəl insana oxşayırsan, bunu eşitmək mənim üçün xoş olur.

- Geyimlərinizi kimə etibar edirsiniz? Hansısa modelyerlə çalışırsınız, yoxsa öz zövqünüzə güvənirsiniz?
- Geyimlərdə öz zövqümə etibar edirəm. Klip çəkilişi, yaxud fotossesiya zamanı modelyerə müraciət edirəm. Məsələn, Türkiyədə Red Beard – “Qırmızı saqqal” deyilən modelyer var, onunla işləyirik.

- Qızlarınız Bakıda yaşayır?
- Yox, qızlarım İngiltərədə yaşayırlar. Londonda oxuyurlar. Mən özüm işlərimlə əlaqədar Bakıdayam.

- Şəxsi həyatınızda nə yenilik var?
- Həyatımda kimsə yoxdur, olsa, mütləq deyərəm.

- Azərbaycanca artıq çox səlis danışırsınız. Mühit Sizə təsir elədi, yoxsa bu irəliləyiş öz üzərinizdə çalışmanızın nəticəsidir?
- “Eurovision”dan sonra Bakıya tez-tez gəlməyə başladım. Dostlarımla azərbaycanca danışmağa çalışıram. Məktəbdə rus bölməsində oxumuşam, 10 ildir İngiltərədə yaşayıram, amma Azərbaycan dili mənim dilimdir, canımdır, hər şeyimdir. Düşünürəm ki, öz dilimdə səlis danışmağı bacarmalıyam. Bu, mənim arzum olub, indi də şükürlər olsun, daha aydın danışmağa çalışıram.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər