“Gündəlik Teleqraf” Laçın rayon İcra Hakimiyyətinin başçısı, keçmiş döyüşçü Akif Səlimovla müsahibəni təqdim edir:
- Akif müəllim, Laçınsız yaşamaq laçınlılar üçün nə deməkdir?
- Laçınsız yaşamaq simvolik bir haldır, Laçın bütün laçınlıların qəlbindədir. Bu gün heç bir laçınlı Laçından kənarda yaşamır. Biz bu gün cismani olaraq Laçından uzaqdayıq və bu da 23 illik bir zaman kəsiyidir. Amma çox şükür ki, bu 23 il ərzində laçınlıların heç biri mənən Laçınsız olmadı. Ən əsası odur ki, laçınlılar necə idi, elə də qaldı və öz dədə-baba yurduna sadiqliyini bir daha sübut etmiş oldu. Təbii ki, bizlər Laçından 150-300 kilometr uzaqdayıq, amma yenə də öz Vətənimizdəyik. Sadəcə olaraq, bilirik ki, bu müvəqqəti haldır və yerimizə, yurdumuza qayıdacağıq. Özü də döyüşlə qayıdacağıq. Biz cənab Prezidentin təşkilatçılığı, qüdrətli ordumuzun zəfəri ilə Laçına qayıdacağıq. Bütün laçınlılar belə düşünür.
- Laçının tarixi, mədəniyyəti və digər sahələrin qorunması, təbliği baxımından rayon icra hakimiyyəti tərəfindən hansı addımlar atılır?
- Dünya təcrübəsində belə bir hal var, bu istər İslam, istərsə də digər dünyəvi dinlərdə olsun, ucqar, dağlıq bölgələrdə din hər zaman zəif olub. Amma əksinə adət-ənənələrə bağlılıq daha qabarıq şəkildə özünü göstərib. Laçın rayonunda da bu belədir. Ötən 23 il ərzində Laçında dədə-babadan, əcdadlardan qalan, genetik olaraq keçən nələr vardısa, hamısı bizdə qalıb. İcra başçısı olaraq, qanunla müəyyən olunmuş vəzifələrim var. Ancaq müqəddəs olan şeylərin qorunması, saxlanması, nəsildən nəslə ötürülməsi üçün lazım olan tədbirləri görürük. Bu məsələlərlə bağlı ciddi işlər həyata keçirilir.
- Laçınlı gənclərin ali hərbi məktəblərə həvəs göstərmələri üçün irəli sürdüyünüz təklifdən sonra hansı müsbət nəticələr oldu?
- Həmin təklifi ölkə səviyyəsində 2013-cü ildə irəli sürdük və bu, respublika rəhbərliyi tərəfindən bəyənildi, proses durmadan davam edir. Məhz birinci il Laçın rayonundan 4 nəfər Ali Hərbi Akademiyaya daxil oldu. Bundan sonra isə 12 laçınlı ali hərbi təhsil ocaqlarının tələbələri oldu. Hər bir tədbirimizdə “Hər laçınlı ailəsindən orduya bir zabit” devizi ilə işlər həyata keçiririk. Təbii ki, hər ailədən bir zabit mümkün deyil, amma bu şüar laçınlıların ürəyindədir. Laçının işğal günü ilə bağlı keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi vurğuladı ki, bu təklif irəli sürüləndən indiyədək bir nəfərin belə hərbi xidmətdən yayınma halı qeydə alınmayıb. Əksinə xəstələr, misal üçün, ayağının altı düz olan, burnunda çəpər əyriliyi və digər xəstəlikləri olanlar özləri könüllü şəkildə hərbi xidmətdə olmaq üçün müraciət edirlər. Belə gənclər deyirlər ki, laçınlıyamsa, o nakişiliyi boynuma götürə bilmərəm. Mübaliğəsiz şəkildə deyərdim ki, hərbi vətənpərvərlik Laçın camaatının hamısına hakim olub. Taxtakörpü ərazisində bir o qədər laçınlı yaşamır, lakin keçirilən tədbirə 4 min insan qatıldı. Artıq ağlamaq, sızlamaq yoxdur. Hər kəs başa düşür ki, müharibə hər bir böyük xalqın taleyində olub. Lakin döyüşü uduzan xalqlar yenidən toparlanıb yenidən qələbə əldə ediblər. Qisas qiyamətə qalmaz.
- Rayonla bağlı hansı yeni işlər həyata keçirirsiniz?
- Laçın əhalisinin çoxu məcburi köçkün həyatı yaşayır və onların xeyli hissəsi qazmalarda, sosial şəraiti yararsız olan torpaq, kərpic evlərdə məskunlaşıblar. İndiyə qədər Laçın camaatı üçün ciddi qayğı göstərilib. Bu yaxınlarda 1500 evin tikintisinə başlanacaq və bu tikililər fərdi evlər olacaq. O cümlədən əhalinin məskunlaşdığı bu ərazilərdə su problemi var. Bunu aradan qaldırmaq üçün Kür qırağı 3 obada alman texnologiyası ilə su təmizləyici qurğuları quraşdırılır. Eləcə də, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 4 obanın yollarına çınqıl tökülərək təmir edilir. Əlavə 3 obaya qeyri-hökumət təşkilatının xətti ilə layihə hazırlanıb və su xətləri çəkiləcək. O cümlədən obaların hər birində qəbiristanlıqlar var və təklif etdim ki, bu məzarlıqların bütün ətrafını hasara alaq. Çünki biz tezliklə Laçına qayıtdıqdan sonra buradakı qəbiristanlıqlar dağılmasın. Bu təklifim əhali də başqa bir əhval-ruhiyyə yaradır və onlar Laçına qayıdacaqlarından əmin olurlar.
- Necə düşünürsüz, Minsk qrupu vasitəsilə torpaqlar işğaldan azad ediləcəkmi?
- Minsk qrupunu üzərinə birini də əlavə etsən və üzərindən 23 ildə keçsə, bizim torpaqlar qaytarılmayacaq. Onda sual oluna bilər ki, danışıqları niyə aparırıq? Bu danışıqların hansı zərurətdən aparılmasını hamıdan yaxşı Prezident İlham Əliyev bilir. Zənnimcə, bu danışıqlar aparılmalıdır ki, biz düşmənə fürsət verməyək. Onlar deməsinlər ki, Azərbaycan tərəfi sülh istəmir. Amma bu məsələnin bircə yolu var, xalq yurduna qayıtmalıdır. Bunun üçün də ölkəmizin kifayət qədər imkanları var. Azərbaycan bir çox dövlətlərin gözünə bir ox kimi batır. Onlar istəyərmi ki, Azərbaycan möhtəşəm, qüdrətli dövlət olsun? Birinci Avropa Oyunlarına az vaxt qalır. Ancaq bir müstəqil, müsəlman və türk dövləti olan Azərbaycanın bu uğura imza atmasını istəmirlər. Minsk qrupuna gəlincə, şəxsən onların hansısa müsbət addımlar atacağına inanmıram.
BƏXTİYAR