19 May 2015 20:58
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Oyunlarının biletlərinin qiyməti münasibdir”

“Nəzərə alın ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsi var, biz bu problemi həll etmək niyyətindəyik. Həmçinin ölkəmizdə milyondan çox məcburi köçkün var. Təbii ki, bunları görmək və bilmək üçün Azərbaycana gəlib-getmək lazımdır. Bu məsələləri və problemləri də gələnlərə demək lazımdır. Mən vəzifədə olarkən Sankt-Peterburqa getmişdim. Bu məşhur şəhərdə Azərbaycanı, xüsusilə Dağlıq Qarabağ problemini heç kəs bilmirdi. Ancaq indi Azərbaycanı hamı tanıyır. Odur ki, belə tədbirlərin böyük əhəmiyyəti var. Çünki belə mühüm beynəlxalq tədbirlər vasitəsilə Azərbaycanı dünyaya təqdim edirik”.

Bunu qəzetimizə müsahibəsində sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev bildirib. Müsahibəni təqdim edirik:

- Əli müəllim, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizə hansı dividendlər verir?
- Beynəlxalq tədbirlərin keçirilməsinin müsbət tərəfləri var. Bu, dünya iqtisadiyyatında, siyasətində, Azərbaycanın rolunu və dinamikasını inkişaf etdirir. Belə tədbirlərə çoxlu sayda insan qatılır, onların maraqlarını Azərbaycanın maraqlar ilə uzlaşdırmaq lazım gəlir. Bu, ölkənin təbliği üçün zəruridir. Əlbəttə, beynəlxalq tədbirlərdə yerli maraq daha üstün olur. Biz göstərməliyik ki, bu sahədə hegemon, aparıcı həlqəyik, çox şey edə bilirik. Əldə etdiyimiz nəticələri bu cür tədbirlərdə ortaya qoyur, yeni mənbələr axtarırıq. Yəni, mənfi və müsbət tərəfləri tərəziyə qoyanda Azərbaycanı təqdim etmək daha münasibdir.

- I Avropa Oyunlarına münasibətiniz necədir?
- I Avropa Oyunlarının siyasi, iqtisadi, inteqrasiya tərəfləri var. İlk dəfədir ki, Azərbaycanın yerli imkan və potensialı dəyişilir. Vaxtilə böyük stadionun ətrafı bataqlıq idi, ancaq indi gözəl düzəldilib, kompleksə çevrilib. Ziya Bünyadov prospekti gözəl qurulub, şəhərdə bir çox yollara ciddi diqqət edilib. İstənilən beynəlxalq tədbir, bayramı qəbul edəndə respublika səviyyəsində yeniləşmə gedir. Odur ki, bunun böyük əhəmiyyəti var. İnfrastruktur dəyişilir, yeni komplekslər qurulur, ekoloji mühit yaxşılaşdırılır, yollar çəkilir, təyyarə reyslərinin sayı artır. Bütün bunlar müsbət cəhətlərdir və buna sevinmək lazımdır.

- Oyunların siyasi baxımdan gətirəcəyi qazanclar varmı?
- Təbii, Oyunların siyasi cəhətləri də var. İlk öncə nəzərə almaq lazımdır ki, bu Oyunlarda əksər Avropa ölkələri iştirak edəcək. Başqa sözlə, insanlar bura axışıb gələcək. Biz bu müddətdə çoxlu sayda otellər tikmişik və bura gələn turistlər ondan istifadə edəcəklər. Otellərdə qalan turistdə pul ödəməlidir. Bu zaman otellər işlək olur, müştərisi çoxalır. Bu zaman əlavə işçilər tələb olunur. Məsələn, tələbələri dəvət ediblər ki, könüllülər dəstəsində təmsil olunsunlar. Tələbələr 2-3 ay müddətində bu prosesdə iştirak edəcək, onların yeməyi, istirahəti olacaq. Bütün bunlar əhəmiyyətli cəhətdir. Yeri gəlmişkən, Oyunlarla bağlı biletlər satılacaq və bu da iqtisadiyyata dəstək olacaq. Bu da maliyyə mənbəyidir. Bütövlükdə götürəndə bu prosesin iqtisadi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan tanınacaq. Bizi sevməyən, düşmən olan ölkələr var. Onlar da görəcəklər ki, Azərbaycan inkişaf edir, belə gözəl şərait qurulub, ölkənin potensialı, milli sərvətləri var. Elə ölkələr var ki, onlarda heç dəniz də yoxdur. Əlbəttə, bütün bunları görəndə istər-istəməz Azərbaycana bir məhəbbət yaranacaq. Nəzərə alın ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsi var, biz bu problemi həll etmək niyyətindəyik. Həmçinin ölkəmizdə milyondan çox məcburi köçkün var. Təbii ki, bunları görmək və bilmək üçün Azərbaycana gəlib-getmək lazımdır. Bu məsələləri və problemləri də gələnlərə demək lazımdır. Mən vəzifədə olarkən Sankt-Peterburqa getmişdim. Bu məşhur şəhərdə Azərbaycanı, xüsusilə Dağlıq Qarabağ problemini heç kəs bilmirdi. Ancaq indi Azərbaycanı hamı tanıyır. Odur ki, belə tədbirlərin böyük əhəmiyyəti var. Çünki belə mühüm beynəlxalq tədbirlər vasitəsilə Azərbaycanı dünyaya təqdim edirik.

- I Avropa Oyunlarının biletləri 2-10 manat arasında satılır. İqtisadçı kimi biletlərin qiyməti haqda nə deyə bilərsiniz, bu insanların Oyunlarda iştirakı baxımından nə dərəcədə münasibdir?
- Biletlərin qiyməti daha çox yerlərin harada olmasından asılıdır. Mən ötən gün Dövlət Dram Teatrına getmişdim və bileti 6 manata aldım. Hesab edirəm ki, 2 manata bilet normaldır. Ancaq biz bilməliyik ki, biletlərin hamısı eyni qiymətə satıla bilməz. Burada oturacağın hansı sektorda olması, komfortu məsələsi var. Hesab edirəm ki, 2 manata bilet o qədər də baha deyil. Tələbələrimiz bu qiymətə bilet alıb Oyunları seyr edə bilər. Eləcə də, istənilən ailə 10 manat ödəyib 5 bilet ala bilər. Təbii ki, on manata da bilet almaq olar. Bir var ailə 50 manat verib 5 bilet alsın, bir də var 10 manat verib alsın. Təbii ki, 5-6 manata da biletlər var. Ancaq qeyd edim ki, bu pulun müqabilində təqdim edilən idman yarışı, mənzərə məsələsi də var. Bu da, istirahət və zövqdür.

- I Avropa Oyunları Azərbaycanda turizmin inkişafına töhfə verə bilərmi?
- Əslində, bu tədbirin özü turizm, onun inkişafı deməkdir. Turizmi inkişaf etdirmək, turistləri cəlb etmək, onun motivini artırmaq üçün I Avropa Oyunları faktordur. Turistlər gəlib şəhəri gəzəcək, rayonlara gedəcək, muzeylərə, tarixi yerlərə baxacaqlar. Əlbəttə, bu, gələcəkdə turizmin inkişafına səbəb olacaq. İndi turistlərin axını daha çox I Avropa Oyunlarına görədir. Həmin turistlərin qohumlarının, iş yoldaşlarının gələcəkdə turist qismində bura gəlməsinə səbəb olacaq. Yəni bu, zəncirvari prosesdir. Bir daha qeyd edim ki, Oyunların özü idman tədbiri olmaqla yanaşı turizm tədbiridir. Tikilən komplekslər gələcəkdə turistlər üçün əhəmiyyət kəsb edəcək. İndi dünya tarixində ilk Avropa Oyunlarının məkanı Azərbaycandır. Təbii ki, illər keçəcək və turistlər üçün ilk Avropa Oyunlarının keçirildiyi məkanlar da maraqlı gələcək. Biz də bu tarixi onlara göstərəcək, maraqlı anları nümayiş etdirəcəyik. Bütün bunlar tarix olacaq və turistlərə nümayiş etdirmək üçün maddi əşya hesab olunacaq.

- I Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunları da Bakıda keçiriləcək. Artıq böyük xərc çəkilib, infrastruktur, müasir idman kompleksləri yaradılıb. Bu infrastrukturlar ölkəyə qazanc gətirəcəkmi?
- Təbii ki, istənilən başlanğıcda xərclər sonrakından daha çox olur. Sonrakı illərdə bu komplekslərin təmiri 10 ildən bir olacaq və bu, böyük maliyyə tələb etməyəcək. İndi bu obyektlər tikilib. Nəzərə almaq lazımdır ki, dünyada böhran 2015-ci ildə başlayıb. Başqa sözlə, böhran Azərbaycan iqtisadiyyatının inkişafının ən çiçəklənən mərhələsində baş verib. Neft 100 dollara qədər qalxmışdı. Azərbaycanın gəlirləri yüksək idi, ölkədə bu qədər binalar, infrastrukturlar tikilib. Ola bilsin ki, 5 ildən sonra qaz satanda pul yenə çoxalacaq. Proses belə getməlidir. Yaradılanlar ölkənin ehtiyatı, sərvətidir. Tikilənlər, yaradılan sistem gələcək üçündür. Təbii ki, gələcəkdə istifadə olunduqca qazanc gətirəcək. Kapital yığılmışdı, biz bunu necə xərcləməli idik? Əlbəttə, başqa sahələrə də qoymaq olardı, amma biz infrastruktura qoyduq. Böyük zavodlar tikə də bilərdik. Amma bu bir qədər risklidir. Biz pulumuzu başqa sahəyə də qoya bilərdik, amma bu hədəfləri seçdik. Azərbaycanın geosiyasi durumu, yerləşdiyi coğrafiya, Qərb-Şərq yolunun üzərində yerləşməsi məsələsi var. Biz işğal olunan torpaqları qaytarmaq istəyirik, bəlkə də, bu hədəf məqsədilə bu yolu seçmişik. Vaxtilə neft sənayesi yaradıldı və bu, bizim durumumuzu yaxşılaşdırdı. Ola bilər ki, indi yaradılan infrastruktur da gələcəkdə bizə xeyli qazanc gətirsin. Bu komplekslər başqa ölkələrə icarəyə verilə bilər, müxtəlif Oyunlar burada keçirilə bilər. Üstəlik, bizdə yaxşı işçi qüvvəsi var. Gələcəkdə bu şəraitdən istifadə ediləcək və həm də kommersiya məqsədi də güdüləcək. Qəbələdə, Şəkidə yaradılan infrastrukturu da buna əlavə etmək olar. Hesab edirəm ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi bir sıra istiqamətlər baxımından uğurludur, lazımlıdır. Bu həm də Azərbaycanın bir təcrübə toplaması anlamını verir.

Nemət


Müəllif:

Oxşar xəbərlər