17 İyul 2015 15:27
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq Türkiyə böhranlar girdabına yuvarlanmaqdadır. Məsələn, Türkiyədə baş verənlər İranda ola bilməzdi. Diqqət edirsinizsə, İranda hakimiyyətdə 10 il mühafizəkarlar, 10 il də liberallar olur. İndi Prezident Həsən Ruhanidir və yəqin ki, onun daha bir müddət Prezident olmasına imkan yaradılacaq. Bu yolla rejimin maraqlarını qoruyur və ömrünü uzada bilirlər. Hazırda bölgədə elə proseslər gedir ki, siyasətçilər məsuliyyətli davranaraq güclü hökumət formalaşdırılmasına getməlidirlər. Əgər buna getməyəcəklərsə, böyük itki olacaq”.

Bunu Teleqraf.com-a müsahibəsində Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. Müsahibəni təqdim edirik.

- Fazil bəy, İranla-Qərb arasında nüvə silahına dair aparılan danışıqlarda razılıq əldə edilib və bu, hazırda dünyada əsas müzakirə mövzusudur. Sizcə, bu razılaşma regiona və Azərbaycana hansı vədlər verir?
- Anlaşmanın əldə edilməsini region üçün müsbət hadisə kimi qiymətləndirirəm. Çünki bölgədə müharibə riskinin götürülməsi, təhlükənin aradan qaldırılması Azərbaycanın maraqlarına uyğundur. İkinci tərəfdən, İrana qarşı iqtisadi məhdudiyyətlərin götürülməsi Azərbaycan üçün yaxşı perspektiv açır. Ən azı İran iri ölkədir. Bu dövlətdən daha çox quru sərhədi olan ölkələrin faydalanması mümkündür. Buna da daha çox Azərbaycan və Türkiyə uyğun gəlir. Hər halda bunu doğru dəyərləndirsək, müsbət nəticə əldə edə bilərik. Bu proses Azərbaycan iqtisadiyyatının da inkişafına təkan verə bilər. Əlbəttə, neftlə bağlı Azərbaycanın ikinci bir rəqibi ortaya çıxır. Amma bizimlə İranın dəyəri bir qədər fərqlidir. Azərbaycan ideoloji dövlət olmadığı üçün investisiya riski o qədər də böyük deyil. İslam inqilabından sonra İranda baş verən hadisələr isə dünyanı qorxudub. Odur ki, İran ideoloji dövlətdir və ora investisiya axını həm də risklidir. İstənilən halda bölgədə gərginliyin olması iqtisadi və siyasi baxımdan heç bir tərəfə fayda vermirdi.

- Azərbaycan-İran münasibətlərini necə qiymətləndirirsiniz?
- İranda elə sahələr var ki, Azərbaycan ora investisiya qoya bilər. Eləcə də, Azərbaycanda elə sahələr var ki, İran bura geniş investisiyalar yatıra bilər. Əvvəl iqtisadi məhdudiyyətlərin olması bir sıra maneələr yaradırdı. İndi bu əlaqələri daha rahat inkişaf etdirmək olar. Əslində, bizim İranla problemimiz yoxdur. Qonşu ölkə olaraq İranla normal münasibətlərin tərəfdarıyıq. Əsas problemimiz İranın Ermənistana dəstək verməsi faktıdır. Bu, İslam prinsiplərinə uyğun deyil, Azərbaycanın düşməninə dəstək vermək fəaliyyətidir. Çox güman ki, İranın da Azərbaycanın maraqlarını nəzərə alaraq müəyyən addımlar atması gözlənilən ola bilər. Çünki qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsindən söhbət gedirsə, İran Azərbaycanın həssas yanaşdığı mövzuda siyasət dəyişikliyi etməyə müəyyən mənada razılaşa bilər. Bu, olarsa, münasibətlərdəki bütün problemlər ortadan qalxa bilər.

- İranın beynəlxalq təcriddən çıxması Tehran-İrəvan münasibətlərinə hansı təsir göstərə bilər?
- İran-Ermənistan münasibətləri mövcuddur. Artıq neçə ildir ki, bu münasibətlər var. Ancaq bəllidir ki, Azərbaycanla müqayisədə Ermənistan böyük bazar deyil. Bu mənada İranı daha çox Türkiyə bazarı maraqlandırır. Çünki Türkiyə daha sabit ölkədir. Həm də İraq üzərində müəyyən əlaqələri genişləndirmək də risklidir. Odur ki, burada daha çox Azərbaycan və Türkiyə üzərindən müəyyən addımların atılması İranın maraqlarına daha çox uyğundur. Zamanla İran üçün Ermənistanın əhəmiyyəti daha da azalacaq. Çünki İranın Qərblə münasibətləri gücləndikcə, Tehranın Moskvadan asılılığı azalacaq. Əslində, İranın Rusiyadan asılılığının azalması Ermənistana da müəyyən qədər təsir göstərəcək. İranın Ermənistana yaxınlaşmasının əsas səbəblərindən biri də Rusiya faktoru idi. İndi İranın Ermənistana marağı bir qədər azala bilər. Ona görə də, bizim bu fürsəti dəyərləndirməyə ehtiyac var. Biz müəyyən dərəcədə düşmənimizin gücləndirilməməsi üçün elə addımlar atmalıyıq ki, bu prosesdən Ermənistana fayda verə biləcək nəticələr çıxmasın.

- İranla Qərb arasında razılığın əldə edilməsi Tehranın ərəb coğrafiyasında möhkəmlənməsinə səbəb ola bilərmi?
- İranda olan neft potensialı ərəb coğrafiyasında da var və kifayət qədər güclüdür. Digər tərəfdən, ərəb ölkələri bölgədə İranın geniş fəaliyyət aparmasına maraq göstərmirlər. Burada bir məqama da diqqət etmək lazımdır. Azərbaycanın durumu ərəb ölkələrindən bir qədər fərqlidir. İrana İsrailin xüsusilə maneə yaradacağı ehtimalı daha böyükdür. Çünki İsrail İranın ərəb ölkələri ilə münasibətlərinin yaxşılaşmasında maraqlı deyil. Odur ki, İsrail bu istiqamətdə əks tədbirlər görəcək. Ona görə də, perspektiv daha çox bizim bölgə ilə bağlıdır. Çünki İranla ərəb coğrafiyasının iqtisadiyyatı neft üzərində qurulub. Azərbaycan isə İranla neft rəqabəti aparmaq niyyətində deyil. Amma ərəb coğrafiyasının neft ehtiyatları daha zəngindir. Odur ki, bu istiqamətdə İranla ərəb coğrafiyasının yaxınlaşması perspektivi Azərbaycan və Türkiyə qədər deyil.

- Ancaq İran Yəməndə, Suriyada nüfuz uğrunda mübarizə aparır, hətta Mosul və Kərkükdə Tehran türkmənlərlə daha aktiv işləyir...
- Bu, daha çox ideoloji zəmində yayılmadır. Ancaq nəzərə alın ki, belə bir yayılma həm də ərəb ölkələrinin müqaviməti ilə qarşılanır. Belə ideoloji yayılma həm də Türkiyənin maraqlarına uyğun deyil. Yeri gəlmişkən, bu durumun yaranması həm də Türkiyənin çevik siyasət həyata keçirə bilməməsi faktı ilə bağlıdır. Bu fakt İrana imkan verdi ki, bölgədə əl-qolunu bir qədər də açsın. Amma vəziyyət dəyişə, İran da fərqli siyasət yürüdə bilər. Bildiyiniz kimi, ərəb coğrafiyasında Amerikanın təsiri daha böyükdür. İran-Amerika arasında razılaşma sənədinin əldə olunmasında Vaşinqtonun rolu böyükdür. Odur ki, İranın hər hansı bir şəkildə bölgədə qarışdırıcılıq funksiyasını yerinə yetirilməsinə Amerika tərəfindən mənfi reaksiya gələ bilər. Ona görə də, Tehran əvvəlki kimi bölgə üzərində ideoloji yayılma siyasətinə çox da maraq göstərməyəcək. Çünki bunun bədəlini münasibətlərin pozulması, yenidən sanksiyaların tətbiq edilməsi ilə ödəyə bilər. Ona görə də, İranda siyasi sistem öz gələcəyi ilə bağlı ağıllı qərarlar verə biləcək quruluşdur, manevr etmək imkanları var. Artıq İran üçün ehtiyac qalmır ki, Yəmənə görə Amerika ilə münasibətlərini korlasın. Və ya İraqla bağlı yenidən Qərblə qarşıdurmaya getsin. İran öz ərazisinə bu hadisələri sıçramasın deyə tampon bölgələrdə-Suriyada siyasi fəaliyyətini gücləndirir. Hələ ola bilsin ki, Suriyada da İranın aktivliyi xeyli azalacaq və Rusiya ilə iş birliyi mövzusunda siyasət dəyişikliyi müşahidə ediləcək.

- Bir çox mütəxəssislər iddia edirlər ki, nüvə silahının yaradılmasını dayandırmaq üçün əldə olunan razılaşmadan sonra İran dəyişəcək. Siz, bu haqda nə düşünürsünüz?
- İran dəyişməyəcək. İranda dərin dövlət anlayışı var ki, bu dövlət özü ideoloji mahiyyətini itirməyə maraqlı deyil. İran, əslində, bununla islahata getmədi. Sadəcə olaraq, bu siyasət İran üçün maraqlı perspektiv açdı. Rusiya ilə ziddiyyət içində olan, Rusiyanın Ukrayna siyasətindən narazı olan Qərb, sadəcə olaraq, bir neçə düşmənlə eyni vaxtda vuruşmaq siyasətindən əl çəkdi. Əksinə, düşmənləri konkretləşdirərək və təkləyərək problemləri çözmək xəttini seçdi. Ona görə də, daha az təhlükəli İranla əlaqələri qaydaya saldı. İranla münasibətləri normallaşdırmaqla Tehranın Rusiya ilə yaxınlaşma riskini azaltdı. Odur ki, İranda rejimi dəyişmək və islahatlar xəttini seçmək prosesinə getməyəcək. Çünki İran bu sövdələşməyə gedərkən insan hüquqları məsələsini nəzərdə tutmayıb. Əldə olunan razılaşmada bu haqda müddəa yoxdur. Bu razılıq, əsasən, nüvə silahının istehsalı ilə əlaqədardır. Odur ki, İranda islahatlar aparılacağını gözləmək sadəlöhvlük olar.

- Qardaş Türkiyədə koalisiya hökuməti alınmır, sanki Ankarada siyasi böhran getdikcə dərinləşir. Türkiyə siyasi böhranlar girdabına daxil olub zəifləyə bilərmi?
- Artıq Türkiyə böhranlar girdabına yuvarlanmaqdadır. Məsələn, Türkiyədə baş verənlər İranda ola bilməzdi. Diqqət edirsinizsə, İranda hakimiyyətdə 10 il mühafizəkarlar, 10 il də liberallar olur. İndi Prezident Həsən Ruhanidir və yəqin ki, onun daha bir müddət Prezident olmasına imkan yaradılacaq. Bu yolla rejimin maraqlarını qoruyur və ömrünü uzada bilirlər. Hazırda bölgədə elə proseslər gedir ki, siyasətçilər məsuliyyətli davranaraq güclü hökumət formalaşdırılmasına getməlidirlər. Əgər buna getməyəcəklərsə, böyük itki olacaq. Çünki yenidən seçkilərə getmək səs faizlərində fərqlilik yaratmayacaq. Amma Türkiyə üçün faydalı olmayan gecikməni ortaya qoyacaq.

- Hazırda Türkiyə hökuməti Suriya ilə sərhədə əsgəri qüvvə cəmləşdirib, Kobaniyə mümkün müdaxilə məsələsi gündəmdədir. İndiki situasiyada türk ordusunun Suriya ərazilərinə daxil olması realdırmı?
- Türkiyə fərdi qaydada Suriya ərazisinə daxil olmayacaq. Türkiyə NATO ölkəsidir və NATO-dakı müttəfiqləri ilə birlikdə addımlar atacaq. Çünki indiki şərtlər daxilində Türkiyənin bunu təkbaşına etməsi real görünmür. Türkiyə təklənərək Suriya bataqlığına girmək istəməz. Amma Amerikanın da bu prosesə qoşulması ilə addımlar atıla bilər.

Nemət


Müəllif:

Oxşar xəbərlər