Teleqraf.com müğənni İzzət Bağırovla müsahibəni təqdim edir.
- İzzət bəy, Yaşıl Teatrda konsert verəcəksiniz. Konsertinizdə hansı yeniliklər gözlənilir?
- Bəli, sentyabrın 18-də Yaşıl Teatrda orkestrlə canlı konsertim olacaq və çox böyük səhnə qurulacaq. Konsertdə müğənni qonağım olmayacaq, səhnədə isə bir müğənni ilə maraqlı və fərqli performansımız olacaq. Sürpriz olsun deyə o müğənninin adını açıqlamıram. Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və musiqi günü olduğu üçün onun repertuarından da mahnı ifa edəcəm. Bununla yanaşı köhnə və yeni mahnılarımı da səsləndirəcəm.
- Əvvəllər bir neçə filmə çəkilmisiniz və hazırda Azərbaycanda filmlər çəkilməyə başlayıb. Siz də film çəkməyi düşünürsünüzmü?
- Bəli. Oktyabrda ssenarisi mənə məxsus olan yeni film çəkəcəm. Dramatik film olacaq və ekran əsərinə Akademik Milli Dram Teatrının aktyorlarını dəvət edəcəm.
Hələ ki, onu deyə bilərəm ki, filmdə ata obrazını Nurəddin Mehdixanlı canlandıracaq. Tərəf-müqabilim isə tanınmış bir xanım olacaq, amma əvvəlcədən adını açıqlamaq istəmirəm. Yalnız müğənni və aparıcı olmadığını deyə bilərəm.
- Hər zaman sadəliyiniz ilə fərqlənmisiniz. Bir çox müğənnilər tanınan kimi dəyişirlər. Sadəliyinizi necə qoruyub saxlaya bildiniz?
- Çünki, tanınmağa başlayanda uşaq idim və insanlar tərəfindən 14-15 yaşımdan tanınmağa başladım. Bəlkə də 25-28 yaşımda populyar olmağa başlasaydım, mən də dəyişərdim. Tanınmağa başlayan zaman uşaq idim və yaradıcılığa çox həvəsli idim.
Hər kəs məni barmaqla göstərirdi ki, İzzət Bağırov… Tanınmaq məni çox sevindirdi, amma başımı dumanlandırmadı. Bu gün də sadəliyimi qoruyub saxlamağa çalışıram. 26 ildir ki, sənətdəyəm və bu vaxt ərzində həmişə üzərimdə işləmişəm.
- İbrahim Tatlısəsin fanatı olaraq, Türkiyə şou-biznesinə qatılmaq istəmirsiniz?
- Xeyr, Türkiyə şou-biznesinə qatılmaq istəmirəm. Başda İbrahim olmaqla bir neçə müğənninin pərəstişkarıyam. Eləcə də bir neçə müğənni ilə dostluq edir və telefon vasitəsilə əlaqə saxlayıram. Türkiyədə “Kral TV”, “ATV”, “Fox TV”də yayımlanan verilişlərdə iştirak etmişəm. Türkiyəyə isə verilişlərə dəvət etdiklərinə görə getmişdim, şou-biznesə qatılmaq üçün deyil. Orada iş görmək planım yoxdur. Nə işim varsa, öz xalqım üçün edirəm və mənə Bakıda fəaliyyət göstərmək daha rahatdır.
- Bir müğənni və ailə başçısı olaraq özünüzü necə xarakterizə edərdiniz?
- Çox ciddi insanam və ətrafımdakı insanlardan heç kimin sözünü qəbul etmirəm. Hər kəsə qulaq asıram, amma sonda öz bildiyimi edirəm. İndiyə qədər heç kimin göstərişi ilə iş görməmişəm. Ancaq öz planım əsasında işimi görürəm. Heç vaxt kiminsə mənə yardım etməsini də sevmirəm. Konsertimi belə öz hesabıma edirəm ki, sabah sponsorluq edənlər “onun konsertini mən təşkil etdim” deməsinlər. Özümdən asılı deyil, elə halları həzm edə bilmirəm. Bütün işlərimə nəzarət edirəm, hətta telefonlara belə özüm cavab verirəm. Mən oğlanlarıma da ciddi davranıram. Düzdür, hərdən onlarla uşaq kimi də oynayıram(gülür). Ailə başçısı kimi orada-burada boş vaxt keçirməyi sevmirəm. İşim qurtaran kimi evə gedirəm. Dostlarla görüşüm, harasa gedim, yox…
Boş vaxt olan kimi kitab oxuyuram, namaz qılıram, ibadətlə məşğul oluram. Gecə yata bilməyəndə də səhərə qədər namaz qılıram. 13 yaşından ibadətlə məşğul oluram.
- Dindar bir insan olmağınız sənətinizə hər hansı maneə yaratmır ki?
- Xeyr. Bəlkə də, xanım müğənni olsaydım, problem yaşaya bilərdim. Geyimlər və s. Kişi müğənni olduğuma görə, normal geyinirəm. Müğənni olaraq elə geyinməmişəm ki, düşünsünlər ki, belə dindar adam olar? Bu sənət dindar olmağıma mane olmur, çünki sənəti Allah verib və onunla pul qazanıram. Bu sənətlə populyar olub, insanlar tərəfindən sevildim. İman da borcumuzdur və bütün islami qaydalara əməl edirəm.
- Müğənnilərdən kimlərlə dostluq edirsiniz?
- Bütün müğənnillərlə münasibətim yaxşıdır. Amma ailəvi bir-birimizin məclislərinə, ailələrinə gedən müğənnilərdən Nadir Qafarzadə, Vasif Məhərrəmli, Rüfət Axundov, Hacı Nazim, Emin Bədəlovun adını çəkə bilərəm. Xanım müğənnilərdən isə Xatunla dostluq edirəm. Onunla saatlarla telefonda danışırıq və dərdlərimizi bölüşürük.
- Cəmiyyətdə müğənnilərə imkanlı insan kimi baxırlar, çünki hər zaman evləri və bahalı maşınları ilə gündəmdə olurlar. Siz necə özünüzü varlı müğənni hesab edirsiniz?
- Xeyr, filan müğənni bahalı maşın idarə edir, evi filan yerdədir və s. kimi halları sevmirəm. Çünki nələrisə qazanmaq üçün illərlə işləyib, əziyyət çəkmişəm. Özümə maşın alıb, ev tikə bilmişəmsə, bu o demək deyil ki, onunla öyünüm. Ay mən imkanlılar sırasındayam, ya da imkansızlar sırasındayam kimi düşünməyi sevmirəm. Adi insanlar kimi yaşayıram.
- 12 yaşınızdan səhnədəsiniz, amma fəxri ada layiq görülməmisiniz. Bu nə ilə bağlıdır?
- Kimdənsə nə isə istəməyi sevmirəm. Bilmirəm, mənfi cəhətimdir, yoxsa müsbət, amma xarakterim belədir. Çoxdandır ki, sənət meydanındayam, çoxlu konsertlər vermişəm. Avropa və şərq ölkələrində diaspora ilə dəfələrlə konsert proqramı ilə çıxış etmişəm, eləcə də rayonlarımızda, kəndlərimizdə. Elə kənd olub ki, Mədəniyyət Evi olmadığına görə, traktor “lapedi”nin üstündə səhnə qurublar və mən konsert vermişəm. Amma elə müğənnilər var ki, heç rayonda belə olmayıblar. Düzdür, sağ olsunlar, dövlət tədbirlərinə dəvət edirlər, Azərbaycan Dövlət Televiziyasında lent yazılarım var. Mədəniyyət və Turizm Nazirliyinin, Gənclər və İdman Nazirliyinin tədbirlərində çıxış edirəm. Bu tərəfdən heç bir problemim yoxdur, fəxri ad məsələsinə gəlincə, 80-dən çox klipim, 30-dan çox albomum var və filmlərə çəkilmişəm. Bir müğənni üçün nə lazımdırsa, etmişəm. Növbəti dəfə konsert verəcəm. Bu gün konsert vermək çox əziyyətli və məsuliyyətli işdir. Gedim kiməsə deyim ki, niyə ad vermirsiniz? O, mənim xarakterimə uyğun deyil. İnşallah, nə vaxt lazım bilərlər, fəxri ada layiq görərlər. Hələ ki, lazım bilmirlər...
- Fəxri ada layiq görülməməyiniz yaradıcılıq baxımından sizi nə vaxtsa həvəsdən salır?
- Açıq etiraf edim ki, bəli, hərdən həvəsdən düşürəm. Amma sonra özümü toplayıram ki, Allah bilən məsləhətdir. Meyvəni ağacdan tez götürəndə atırıq və israf olur. Nə vaxt məsləhət olacaq, verəcəklər.
- Övladlarınız üçün necə atasınız?
- Üç oğul atasıyam və onlar üçün nümunə olmağa çalışıram. Hər birinin namaz qılmaq üçün xalçası, möhürü var. Namaz vaxtı azan verilən kimi üçü də mənimlə namaz qılırlar. İnanın ki, mənim dini kitablarımı əzbər tanıyırlar, dini filmlərə baxırlar. Öğlum Əlini üzgüçülüyə qoymuşam, sonra da güləşə qoyacam. İstəyirəm ki oğlanlarım idmançı, ya da həkim olsunlar. Sənətimi davam etdirməklərini istəmirəm və qoymaram. Çünki çox əziyyət çəkmişəm. Bu gün isə müğənni olmaq daha çətindir. Müğənnilər çoxdur və elə bir iş görməlisən ki, insanların yaddaşında qalasan. İnsanlar üçün hər şey adi olub, gündə 50 müğənni çıxır, amma heç biri meydanda qalmır. Ona görə də mənim onların reklamları ilə məşğul olmağa həvəsim və səbrim yoxdur. Dərslərini yaxşı oxusunlar, yaxşı təhsil alsınlar. Gələcəkdə isə kimdənsə xahiş edərəm, yaxşı vəzifəyə düzəltməyə kömək edərlər.
- İzzət bəy, insanlar arasında belə bir fikir var ki, şou-biznesi İlhamə Quliyeva idarə edir. Siz necə düşünürsünüz, doğrudur?
- İlhamə xanımla dostluq münasibətim var və yeganə insandır ki, məni görəndə salamdan sonra oğlanlarım Əlini, Mehdini və Rzanı soruşur. Bu cür münasibətdən sonra mənim yanımda o, xanım haqqında kiminsə artıq söz deməsinə imkan vermərəm. Mən də sıradan bir müğənniyəm və o mənim adımla bərabər, övladlarımın adını yadında saxlayıb.
Rəqsanə Həsənova