5 Sentyabr 2015 13:31
5 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Pərviz Məmmədrzayev “Pantomim” teatrında yaratdığı bir-birindən maraqlı rolları ilə tanındı, “Gəldim ki, olam qəmin hərifi” tamaşasında yaratdığı Məcnunu isə dillər əzbəri oldu. Teatrdan ayrılandan sonra gəncləri başına yığıb “Simsar” Teatrını yaratdı. Filmoqrafiyasında 20-dən çox filmin adı var. Son dönəmlərdə də Akademik Milli Dram Teatrının səhnəsində rolları ilə gündəmə gəldi. Hazırda isə filmə çəkilmək ərəfəsindədir. Beləliklə, müsahibimiz Pərviz Məmmədrzayevdir.

- Pərviz bəy, “Bir ovuc sonsuzluq” filmində çəkiləcəksiniz. Səhv etmirəmsə, əsas qəhrəmanı - atanı canlandıracaqsınız. Sizin “ata”nız necə biridir?
- Ssenarini oxuyanda özümə verdiyim ilk sual bu olub: bu rolu məndən başqa oynaya biləcək adam var, ya yox? Əgər varsa, oynamıram. Bu mənada, mənə eqoist adam demək olar. İkinci sualım isə bu olur: oynayacağım rol o biri rollarımdan nə ilə fərqlənəcək? Çünki yaradıcılığım boyu çalışıram ki, bir rolum o birinə oxşamasın. Və “xaltura” etməyim. Ola bilər ki, razılıq verdiyim rollardan maddi baxımdan çox şey qazanmayım, amma o rollara sənət baxımından yanaşıb, razılıq vermişəm. “Bir ovuc sonsuzluğ”un ssenarisini oxuyanda bəzi məqamları rejissorla da məsləhətləşdik və çox tez razılığımı bildirdim. Niyə? Çünki Azərbaycanda mənim əlimə çatan bəzi ssenarilərdə rol birsəpkili olur. Rolun bir nöqsanı varsa, ancaq onu qabartmağı sevirlər. Mən oynayacağım ata ailəsini sevir, amma öz güzəranından narazı olduğu üçün başqa ölkəyə gedir və günlərin bir günü qayıdıb gəlir, qəribə halla qarşılaşır. Fiziki olaraq həyat yoldaşını, mənəvi olaraq isə qızını itirir. Bu, bir kişi, bir insan olaraq məni həmişə qıcıqlandıran, narahat edən məqam olub. Mənə elə gəlir ki, bu mövzu çox adamı qıcıqlandıracaq. Kimlərisə yaxşı mənada, kimlərisə pis mənada. Çünki Azərbaycandan kənarda yaşayan çoxlu həmyerlilərimiz var və onların ailələrində nələrsə baş verir. Onlar xaricdə başqa şeylər düşünürlər, qayıdıb gələndə başqa mənzərə ilə qarşılaşırlar. Film məhz bu məqamları göstərir.

- Türk rejissorla çalışacaqsınız. Daha əvvəl əcnəbi rejissorla işləmisiniz?
- Əlbəttə, işləmişəm. Mən bir neçə dəfə rus rejissorlarıyla, bir dəfə də türkiyəli Mehmet Uluxanla çalışmışam. Bilirsiniz, cəmiyyətdə məni narahat edən problemləri diqqətimə çatdıran insanı özümə dost bilirəm. Və ona görə də bu dəfə heç bir müqavimət göstərmədən hətta deyərdim məndən cavan olmasına baxmayaraq bu rejissora tam təslim oldum.

- Nədənsə, mənə elə gəlir ki, siz rejissora tam təmsil olan aktyorlardan deyilsiniz.
- Fikir etibarı ilə məni irəli aparacaq balaca uşaq olsa belə, mən ona təslim olaram. Əgər mənim görəcəyimdən uzağı görürsə, bəli, mən ona qəbul edərəm.

- Sonuncu dəfə hansı filmə çəkilmisiniz?
- Adını çəkmək istəmədiyim bir film var, onda.

- Niyə adını çəkməkdə ehtiyat edirsiniz?
- Reklam olmasın deyə çəkmirəm. Bir də ki, film mən nəzərə almadığım şəkildə çox aşağı nəticə göstərdi. İstəməzdim elə bir şey olsun. Və onunla adımın hallanmasını istəməzdim. Baxmayaraq ki, mən o rolda heç bir “xaltura” etməmişdim. Yenə də filmin özü “xaltura” kimi alındı.

- Bəs seriallara niyə çəkilmirsiniz? Səbəbi var?
- Bəli, səbəbi var. Ssenarini oxuyanda düşünürəm ki, bu obrazı götürsəm, başqaları kimi oynayacağamsa, o rola yaxın getmirəm. Əgər mən o rolla bir mesaj göndərə, öz içimdə hansısa problemimi aça biləcəyəmsə, həmin rolu oynayıram. İstəmərəm sözüm böyük səslənsin, həmişə deyirəm ki, aktyor olaraq biz laboratoriyada işləyən alimlər kimiyik. Öz içimizdə nəyisə axtarırıq və bunu ictimai formada hamımın gözü qarşısında edirik. Biz içimizdə gedən o prosesləri gözlərlə, baxışlarla, sözlərlə ifadə etməyə borcluyuq. Və biz bunu laboratoriyada axtarış aparan alim kimi axtarırıq. Öz peşəsinin mütəxəssisi olan insan çalışmalıdır ki, işində nöqsana yol verməsin. Kommersant, alverçi deyiləm, aktyoram və bu, mənim sənətimdir. Allah tərəfindən göndərilən bu yolda da çalışıram ki, özümü doğruldum və vicdanla işləyim. Heç bir serialda yola vermək xatirinə işləmək istəmədiyimdən təklifləri qəbul etməmişəm. Amma elə serial olub ki, məsələn, “Qaranlıqlar çiçəyi”nin iki seriyasında çəkildim, sonra bəzi anlaşılmazlıqlar ucbatından ayrılmalı oldum. Amma həqiqətən, o serialda çox böyük etimadla, çox böyük inamla axıra kimi getdim. Bir də bilirsiniz, bayaq da dedim, rol mənim üçün maraqlı deyilsə, qəbul edib özümü tirajlamağı sevmirəm.

- Seriallarda qonorar bölgüsü sizi qane edir?
- Seriallarda maddi vəziyyət elə də yüksək deyil. Aktyorlar ən sonuncu düşünülən insanlardırlar. Ümumiyyətlə, Azərbaycanda elə bilirlər ki, aktyorlar “qaz vurub, qazan doldurur”lar. Xeyr, elə deyil. Hərdən elə olur ki, aktyorlar bir xoş sözə görə çəkilirlər. Sənə təkliflə gələn adam dostdur və ondan keçə bilmirsən, gedib işləyirsən və ümid edirsən ki, növbəti iş daha uğurlu, daha gəlirli olacaq. Mənim də başıma gəlib. Serialların keyfiyyətinə gəlincə, hətta Türkiyə film və serial sektoru indiki vəziyyətə gələnə qədər bir məktəb keçdi. 2007-ci ildən mütəmadi olaraq onlarda inkişaf başladı. Bizdə isə... Üzeyir Hacıbəyovun bir sözü var: başqaları siçan düzəldəndə biz yatmışdıq, başqaları pişik düzəldəndə, biz yenə yatmışdıq, başqaları dəvə düzəldəndə biz oyandıq dedik ki, film düzəldəcəyik. Elə olmasın, biz təkamül prosesini keçək və inkişaf edək. Zəif seriallar da, filmlər də olsun, amma yalançı, qondarma olmasın.

- Belə çıxır ki, “qondarma” filmlər, seriallar daha çoxdur...
- Bəli, ona görə də imtina edirəm.

- İçərilərində diqqətinizi çəkənləri də olmayıb?
- Ümumiyyətlə, Azərbaycan seriallarına baxmıram. Çox üzr istəyirəm, amma həqiqətən, baxmıram. Sadəcə, özümə, vaxtıma yazığım gəlir.

- “Simsar” teatrınızın taleyi necə oldu?
- Aktyorların çoxunu Akademik Milli Dram Teatrında fəaliyyət göstərən teatr studiyasına aparmışam. Ona görə “Simsar”ı müvəqqəti olaraq bağladıq.

- Bəs o studiyanın fəaliyyəti hansı səviyyədədir?
- Bəzi səbəblərə görə fəaliyyətimiz bir müddət passivləşdi. Çox məqamlar var ki, onları açıqlaya bilmirəm. O, mətbəxdir. Amma inanıram ki, yaxşı olacaq. Kino mənim üçün başqa formada maraqlıdır, teatr isə həyatdır.

- “Azdrama”nın son olayları Sizin ordakı fəaliyyətinizə təsir edib?
- Xeyr. Çünki məni o problemlər narahat edə bilməz. Ancaq işimlə məşğulam, mübahisə mənlik deyil.

- Teatrda neçə tamaşada rol alırsınız?
- Allah onlardan razı olsun ki, mənə etimad edib rol təklif etdilər. Yeddi rol təklifindən ikisini qiymətləndirib oynadım.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər