“Əgər Milli Məclisdə bu sənəd müzakirə ediləcəksə, bizə qətnamə layihəsi paylanılacaq. İkincisi, Helsinki Komissiyasının məlum sənədi çox müzakirə olunur, müxtəlif şəxslər bu haqda danışırlar. Lakin nəzərə alın ki, bu QHT-dir. Yəni Azərbaycanda Arzu Abdullayevanın sədri olduğu Helsinki Vətəndaş Assambleyası bir bəyanat verir və Amerikada müxtəlif şəxslər buna cavab verir. Hesab edirəm ki, konqres bunu rədd edəcək. Lakin aydındır ki, təzyiqlər var. Əgər sabah Azərbaycan Avropa və Amerikanın dediklərini yerinə yetirsə, bizim taleyimiz Liviya və Misirin taleyi kimi olacaq. Çünki ABŞ və Qərb dünyasının belə təcrübəsi var ki, əvvəl ölkəni əysinlər, sonra isə viran qoysunlar”.
Bunu qəzetimizə müsahibəsində Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə bildirib. Müsahibəni təqdim edirik:
- Araz bəy, 2015-ci il başa çatır. Bu ilin uğurlu və uğursuz hadisələri hansılardır?
- 2015-ci il Azərbaycan üçün uğurlu oldu. Aydındır ki, müəyyən problemlər də yarandı. Bizim bir millət olaraq ən böyük uğursuzluğumuz ondadır ki, Qarabağı hələ də əldə edə bilməmişik. Ən uğurlu hadisə kimi 2015-ci ildə ilk Avropa Yay Oyunlarının keçirilməsini qeyd edərdim. Azərbaycan olaraq dünyaya sübut etdik ki, məmləkətimiz çox şeylərə qadir ölkədir. Və Azərbaycan ən məsul tədbirləri çox uğurla həyata keçirir. Bu, şübhəsiz ki, Azərbaycanın beynəlxalq aləmdəki imicinə çox müsbət təsir göstərdi. Uğurlu addımlar çox olub. Bakıda bir sıra beynəlxalq tədbirlər keçirilib. Uğursuz bir proses isə milli valyutamızın devalvasiyaya uğramasıdır. Lakin hər kəsə aydındır ki, bu, bilavasitə özümüzdən asılı olmayan hadisələrin nəticəsi olaraq meydana çıxıb. Bu, dünya iqtisadiyyatında baş verən hadisələrlə əlaqəlidir. Amerika və onun ərəb coğrafiyasında müttəfiqi olan Səudiyyə Ərəbistanı Rusiyaya qarşı mübarizə aparır. Odur ki, dünya bazarında neftin qiymətini aşağı salırlar. Bunun zərbəsi isə bizim kimi ölkələrə dəyir. Onlar Rusiyaya qarşı mübarizədə digər ölkələri heç nəzərə almırlar. Çox təəssüf ki, iki varlı və özündən razı dövlət qüdrətli dövlətə qarşı mübarizə aparır, bunun nəticəsi olaraq kasıbların damı çökür.
- Dünyadakı bu böhranı yaratmaqda məqsəd nədir?
- Biz dünyada gedən təbii proseslərdən danışmalıyıq. Baxın, Qazaxıstanda təngə, Çində yuan, Rusiyada rubl, Belarusda milli valyuta devalvasiya edib. Bütün bu prosesin başında Amerika, onun hikkəsi durur. Ən acınacaqlısı odur ki, onlar bu yolla heç nəyə nail olmayacaqlar. Artıq bu, birinci dəfə deyil ki, kiməsə qarşı sanksiya tətbiq edib onun çökməsinə nail olunsun. Kuba yaranandan ona qarşı ABŞ sanksiyalara start verdi. 1956-cı ildən bu yana Kuba xalqı çox çətinliklərə, dağıntılara məruz qaldı. Lakin yolundan dönmədi. Əgər Kubanı öz yoluna döndərə bilmədilərsə, 30 il müddətinə tətbiq etdikləri sanksiyaya rəğmən İran öz tutduğu xətdən imtina etmədisə, Rusiyanı necə bu yoldan döndərə bilərlər? Jrinovski gözəl bir söz dedi. Bildirdi ki, Rusiya qəribə ölkədir. Bizi qucaqlayanda, nazımızla oynayanda bizi kölə halına çevirmək mümkündür. Buna misal olaraq SSRİ-nin son illərini və Yeltsin dövrünün Rusiyasını göstərdi. Əlavə etdi ki, Rusiya ilə güc müstəvisində danışmaq istəyəndə qalxıb mübarizəyə başlayırıq. Hesab edirəm ki, ABŞ bu addımları ilə heç nəyə nail olmayacaq, sadəcə ortada müəyyən ölkələri ağır vəziyyətə salırlar. Yeri gəlmişkən, ABŞ istərdi ki, bu prosesdə Azərbaycan da zəifləsin. Çünki Azərbaycan onlara “ləbbek” demir, özünün müstəqil və heç kəsdən asılı olmayan xarici siyasətini yürüdür. Bəli, Azərbaycanda beşinci kolon var və onlar istəyərdilər ki, biz ABŞ-ın yedəyində gedək. Lakin Azərbaycan müəyyən edilən tarazlı siyasi kurs yürüdür. Biz özümüzə böyük qardaş tanımırıq. Biz bərabər hüquqlu dostlar axtarırıq. Azərbaycan 2015-ci ildə müstəqil xarici siyasət kursunu aparıb və bu proses davam edəcək.
- 2015-ci ildə parlament seçkiləri keçirilib və bu, sizin üçün də uğurlu proses olub. Parlament seçkilərini ilin yadda qalan hadisəsi hesab etmək olarmı?
- Seçki daimi prosesdir. Bələdiyyə, prezident və sonra parlament seçkiləri daima davam edən zəncirvari prosesdir. Əlbəttə, azad və ədalətli seçkilərin keçirilməsi hər bir ölkədə hadisədir. Lakin bu həm də, təbii hal kimi qarşılanmalıdır.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesə qısaca toxundunuz. Siz danışıqlar prosesindən nəticə gözləmirsiniz?
- Azərbaycan rəhbərliyi danışıqlar prosesini aparır və Azərbaycan dövlətinin mövqe və maraqlarını lazımınca müdafiə edir. Bu, son dərəcə aydındır. Sadəcə olaraq mən Minsk Qrupunun fəaliyyəti, danışıqlarla bağlı pessimistəm. Pessimist isə yaxşı informasiyaya malik olan optimist deməkdir. Başqa sözlə, mən danışıqlar məsələsində bədbinəm, düşünmürəm ki, Minsk Qrupu bizim üçün nəsə edəcək. Hər bir xalqın və dövlətin xoşbəxtliyi onun özündən və iradəsindən asılıdır. Bədbin həm də gələcək baxımından nikbin deməkdir. Mən dünya tarixini oxumuşam. Demirəm ki, dünyada hər şeyi, bütün hadisələri bilirəm. Lakin mən bildiyim qədər müharibə yolu ilə işğal edilən torpaq bu günə qədər danışıqlar yolu ilə geri qaytarılmayıb. Ona görə də, xalqımız dərk etməlidir ki, biz ağır mərhumiyyətlərə məruz qalsaq da, müharibəyə hazır olmalıyıq. Biz heç kəsə baxmadan xalq olaraq toplaşmalı, hamımız bir nöqtəyə vurmalıyıq. Danışıqlar prosesi isə davam edə bilər. Əlavə edim ki, Azərbaycanda bir kolon var və onlar hər bir uğursuzluğa görə sevinir. Mən onlara müsbət yanaşmıram. Hesab edirəm ki, xalqımız da onlara deməlidir ki, dayanın, sakit olun, artıq sizin vaxtınız keçib.
- ABŞ Konqresinin Helsinki Komissiyasının məlum layihəsi müzakirə mövzusudur. Azərbaycan parlamentinin deputatı Rövşən Rzayev də buna qarşı olaraq layihə hazırlayıb. Bu məsələyə yanaşmanız necədir?
- Öncə onu deyim ki, Helsinki Komissiyası və ya Azərbaycanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyası eyni şeydir. Yəni qeyri hökumət təşkilatlarıdır. ABŞ-da fəaliyyət göstərən Helsinki Komissiyasında, əsasən, ermənipərəst qüvvələr toplaşaraq fəaliyyət göstərir. Erməni təşkilatları orada çox fəaldır. Senator Kristofer Smit senatın üzvüdür. Qəribədir ki, bu şəxs hazırladığı layihəni Helsinki Komissiyasında müzakirə etmədən öz adından senata göndərib. Başqa sözlə özü özünə qətnamə layihəsi göndərib. Mən bilirəm ki, deputat Rövşən Rzayev də bir layihə hazırlayıb. Mətbuat bu barədə yazıb. Lakin mən həmin sənədi görməmişəm. Əgər Milli Məclisdə bu sənəd müzakirə ediləcəksə, bizə qətnamə layihəsi paylanılacaq. İkincisi, Helsinki Komissiyasının məlum sənədi çox müzakirə olunur, müxtəlif şəxslər bu haqda danışırlar. Lakin nəzərə alın ki, bu QHT-dir. Yəni Azərbaycanda Arzu Abdullayevanın sədri olduğu Helsinki Vətəndaş Assambleyası bir bəyanat verir və Amerikada müxtəlif şəxslər buna cavab verir. Hesab edirəm ki, konqres bunu rədd edəcək. Lakin aydındır ki, təzyiqlər var. Əgər sabah Azərbaycan Avropa və Amerikanın dediklərini yerinə yetirsə, bizim taleyimiz Liviya və Misirin taleyi kimi olacaq. Çünki ABŞ və Qərb dünyasının belə təcrübəsi var ki, əvvəl ölkəni əysinlər, sonra isə viran qoysunlar. Odur ki, mən bu siyasəti rədd edirəm. Bizə göstəriş vermək lazım deyil, bizimlə bərabərhüquqlu ölkə olaraq əməkdaşlıq etmək lazımdır.
- 2016-cı ildən gözləntiləriniz nədən ibarətdir?
- Mənim qarşıdan gələn ildən gözləntim odur ki, dünyada gedən üçüncü dünya savaşı dayanacaq. Amerika da realist və dünyaya açıq gözlə baxan bir insan ilin sonunda hakimiyyətə gələcək və ABŞ özünün bu siyasətinə son qoyacaq. Beləliklə də, geniş miqyaslı müharibə başlamayacaq. Düzdür, hazırda üçüncü dünya müharibəsi gedir, lakin bu lokal şəkildədir. Və nəhayətdə xalqlar azad nəfəs ala biləcəklər. Mən gözləyirəm ki, 2016-cı ildə xalqımız özünü xarici qüvvələrə satılan siyasətçilərdən təmizləyəcək, erməniyə lazımı cavab veriləcək və doğma Qarabağımız işğaldan azad olunacaq. Ümid edirəm ki, Azərbaycan azad bazar iqtisadiyyatını tənzimlənən bazar iqtisadiyyatına keçirəcək. Çünki bizim iş adamları azad bazar iqtisadiyyatında daha çox gəlir əldə etmək istəyirlər. Son hadisələr zamanı onlar daha çox gəlir əldə etmək üçün qiymət artımına belə getdilər. Hərçənd ki, qiymət artımı prosesin özünə adekvat deyildi. Yəni 5 manat artıq qazanmaq üçün hər addım atırlar. Gördüyünüz kimi artıq hökumət bu kimi hallara qarşı fəaliyyətə start verib, əsassız qiymət artımına görə, cəzaların olacağını ifadə edib.
- ASDP-nin 2016-cı illə bağlı planları nədən ibarətdir?
- Yolumuzu davam edirik. Təşkilatlanırıq, güclənirik. Hazırda partiyada gedən əsas proses cavanlaşma prosesidir. Düşünürəm ki, 2016-cı ildə bu prosesi bitirib, 2017-ci ildə qurultaya gedəcəyik. Qurultaydan sonra isə daha güclü partiya halına çatacağıq.
- 2016-cı ildə Türkiyə-Rusiya münasibətlərində tarazlaşma olacaqmı?
- Təəssüflə deyim ki, tarazlaşma gözləmirəm. Hesab edirəm ki, Ərdoğan Türkiyəni fəlakətə aparır. Ərdoğan türk kəndlisini, fəhləsini, orta iş adamlarını düşünməlidir.
Nemət