Hazırda dünyada və Azərbaycana yaxın regionlarda münaqişələr getdikcə daha kəskin vəziyyət alır. Belə bir məqamda Qarabağın və ətraf rayonlarının Ermənistanın işğalından azad edilməsi üçün imkanlar olsa da, nədənsə böyük güclər buna isti yanaşmırlar. Bütün bu məsələlər, habelə dünyada gedən proseslərlə bağlı politoloq Arzu Nağıyevlə söhbətləşdik.
Politoloq AŞPA-da Azərbaycana qarşı edilən haqsızlıq və Sərsəng su anbarı ilə bağlı qəbul edilən məruzə ilə bağlı da suallarımızı cavablandırdı.
- Arzu müəllim, AŞPA-da Qarabağla bağlı müzakirə ediləcək məruzələrdən öncə Minsk qrupunun bəyanatını necə qiymətləndirirsiz?
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”, habelə Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzələrinin AŞPA-nın müzakirəsinə çıxarılması təqdirəlayiq haldır. Hər iki məruzədə Ermənistanın işğalçı olması öz əksini tapıb. Baxmayaraq ki, britaniyalı deputat Robert Volterin hazırladığı məruzə qəbul edilmədi, ancaq bu layihə 66 səs toplaya bildi və bunlar müxtəlif ölkələrin deputatları idi. Çox təəssüf ki, bizim güvəndiyimiz dövlətlər, o cümlədən Moldova bu məsələdə biganəlik göstərdi. Türkiyənin bir sıra deputatları bu səsvermədə Azərbaycana dəstək olmadı. Bunların hamısı gözlənilən idi.
Ancaq ATƏT-in Minsk qrupunun həmsədrlərinin AŞPA-ya çıxarılacaq sənədlərin müzakirəsindən əvvəl verdiyi bəyanat, təbii ki, səsvermə məsələsinə ən böyük təsir edən amillərdən biri oldu. Hesab edirəm ki, bu bəyanat Minsk qrupu həmsədrlərinin mövqeyi deyildi, bu, onların dövlətlərinin mövqeyi idi. Eyni zamanda AŞPA-dakı deputatlar bu müraciəti belə qəbul elədilər ki, bütün proseslər, sənədlər, səsvermələr məhz ATƏT-in Minsk qrupunun razılığı ilə və dolayı da olsa, təsiri ilə keçməlidir. Bir daha sübut olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın birbaşa təsiri ilə həll oluna bilər.
- Dünyada baş verənlərin fonunda razılığa gələ bilməyən ABŞ, Fransa və Rusiya həmsədrlərin simasında, deyəsən, razılığa gəliblər...
- Təbii ki, qeyd edilən razılaşma oldu. Ümumiyyətlə, bu gün istər regionda, istərsə də dünyada və Qarabağ kimi münaqişələrin həlli istiqamətində böyük nüfuz savaşı gedir. Yəni, ABŞ, Rusiya, o cümlədən Avropada birincilərdən olan Fransa arasında belə nüfuz davası getdiyinin şahidi oluruq. Kim hansı nüfuza malikdir və bu məsələnin həllində kimin sözü birinci eşidiləcək. Buna baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onların ortaq məxrəcə gəlməsi özü də münaqişənin həlli istiqamətində böyük güclərin necə təsir imkanına malik olmasını göstərir. Bu, o demək idi ki, böyük güclər olmasa, dünyada heç bir münaqişə həll oluna bilməz. Dolayı yolla onlar bir daha sübut etdilər ki, münaqişələr məhz bu dövlətlərin birbaşa “xeyir-duası” ilə baş verir. Həmsədr dövlətlərinin son olaraq Minsk qrupu vasitəsilə nümayiş etdirdikləri bunların həqiqi mövqeyi idi.
- AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul edilən məruzədə Ermənistanın birbaşa məsuliyyət daşıdığı öz əksini tapıb. Necə hesab edirsiz, Ermənistan qaşısına qoyulan öhdəliklərə görə cavabdehlik daşıyacaqmı?
- Bu gün dünyada ekoloji problemlər ən çox diqqətdə olan məsələlərdən birincisidir. Sərsənglə bağlı Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi qəbul edilməyə bilməzdi. Qəbul edilən bu məruzə Azərbaycan diplomatiyasının, xarici siyasətinin bir qələbəsi kimi qiymətləndirilməlidir. Lakin Sərsəng su anbarının indiki Tərtər, əvvəllər isə Ağdərə rayonunda olması nəzərə alsaq, artıq ermənilər faktiki olmasa da, hüquqi cəhətdən Sərsəng su anbarının Azərbaycana təsir edəcək amillərini bir daha boyunlarına aldılar. Onlar etiraf etdilər ki, həqiqətən su anbarından gələn suyun qarşısını kəsməklə kənd təsərrüfatının inkişafına və bununla da müharibəyə aid olmayan insanların həyatına ciddi təhlükə törədirlər. Bu baxımdan belə bir məruzənin qəbul edilməsi müsbət haldır.
Digər məqam isə AŞPA-da qəbul olunmuş qərarların icrası və bu icra mexanizminin necə həyata keçirilməsidir. Təbii ki, bunu gələcək göstərəcək. Amma ermənilər bunları icra etməsi heç də inandırıcı deyil. Çünki indiyədək BMT-nin istər, işğal, istərsə də digər məsələlərə bağlı 4 qətnaməsi var və erməni tərəfi bunların heç birini yerinə yetirməyib. Ermənistanın özünü necə aparması da göz qabağındadır. Hesab edirəm ki, Avropa səviyyəsində belə bir qərar qəbul edilibsə, onun icra mexanizmləri də güclənməlidir.
- Milli Məclisin üzvləri tərəfindən Minsk qrupundan imtina, o cümlədən tərkibinin dəyişdirilməsi ilə bağlı fikirlər səsləndirilir. İndiki məqamda bu, mümkündürmü?
- Bundan başqa da təkliflər var. Məsələn, bu il Almaniya ATƏT-ə rəhbərlik edəcək, eləcə də həmsədrlər sırasına Türkiyənin qoşulması və s. təkliflər mövcuddur. Hətta Prezident İlham Əliyevin də təklifi var idi ki, ATƏT üzvü olan ölkələrin konfransı keçirilsin. Düşünürəm ki, ATƏT-in geniş tərkibli bir toplantısı keçirilməlidir. Məhz bütün suallara aydınlıq gətirilməlidir. Çünki istər Avropada, istər Qərbin özündə Dağlıq Qarabağ münaqişəsi qədər uzanan ikinci bir münaqişə yoxdur. Bu münaqişənin həll olunmaması gələcəkdə regionda bağlanacaq iri layihələrə təsir edən ən böyük amildir. Qərb Cənubi Qafqaz regionunda iqtisadi layihələri həyata keçirmək istəyirsə, əlbəttə, birinci şərt təhlükəsizlik məsələsi olacaq. Əgər bu gün hər hansı bir kommunikasiyanın keçdiyi bir ərazinin 300-400 kilometrliyində müharibələr gedirsə, təbii ki, bundan qorxurlar və təhlükəsizlik məsələsini ortaya qoyurlar. Buna görə və əlbəttə, Avropa ailəsinin bir üzvü kimi qəbul olunuruqsa, ATƏT tərəfindən böyük konfrans keçirilməli və belə məsələlərə son qoyulmalıdır.
- Daha əvvəl belə konfransın keçirilməsi təklif edilsə də, ATƏT bundan imtina etdi. Bəs, indi necə olacaq?
- Hər şey səbəbdən və məqsəddən asılıdır. Bir neçə ilə bundan əvvəl baş verən hadisələrdə indiki qədər gərginlik yox idi. Yəni, istər Rusiya-Türkiyə, istər Yaxın Şərq, istərsə də regionda baş verən proseslərdə gərginlik indiki səviyyədə deyildi. Artıq ATƏT ölkələri də hiss edir ki, özləri miqrant kütləsinin təsiri altında qalıb. Ümumiyyətlə, belə məsələlər başqa bir istiqamətdə çözülməli və konkret qərarlarla nəticələnməlidir. O cümlədən ATƏT-in tərkibinin dəyişdirilməsi, Minsk qrupunun tərkibinə yenidən baxılması kimi zəruri olan məsələlərə bir daha diqqət ayrılmalı və konkret bir qərar qəbul etmək vacibdir.
- Yaxın Şərq regionunda vəziyyətlə bağlı dialoqlar getsə də, amma gərginlik səngimir. Bu, nədən qaynaqlanır?
- Yaxın Şərq, xüsusilə Suriya məsələsində böyük güclər razılığa gəlməlidir. Bu gün “Orta Doğu projesi” adlanan layihənin davamı olaraq həmin ərazilərdə müharibələr aparılır. Bu layihədə ərazi bölgüsündən, təbii sərvətlərin necə istifadəsindən söhbət gedir. Qeyd etdiyim kimi, böyük güclər öz aralarında razılığa gəlməlidirlər. Yəni bir var səbəb, bir də var bəhanə. Bu gün bəhanələrlə o dövlətlərin ərazisində gedən müharibələri sakitləşdirmək mümkün deyil. Burada əsas səbəbi ortaya çıxarmaq lazımdır. Yəni, açıq desək, bu gün Rusiya Bəşər Əsədi və onun hakimiyyətini dəstəkləyir. Lakin Qərb onu dəstəkləmir. Bəşər Əsədi dəstəkləməklə ona müxalif olan bütün qüvvələrə qarşı Rusiya müharibə aparır. Buna rəğmən, Qərb Suriyadakı müxalifləri silahlandırır və digər hərbi vasitələrlə təchiz edir. Burada əsas məsələ ondadır ki, böyük güclər öz aralarında danışığa getməlidirlər. Hesab edirəm ki, Yaxın Şərqdə Rusiya-NATO qarşıdurması gedir və onlar da ümumi bir razılığa gəlməlidir. Ancaq get-gedə zəifləyən Rusiya düşünmürəm ki, axıra qədər Suriyada mübarizəni davam etdirsin. Ona görə də Qərb bu regiona təsirini gücləndirəcək.
- Suriyada Bəşər Əsəd qüvvələri Rusiyanın köməkliyi ilə irəliləyir. Belə bir məqamda böyük güclərin razılaşması olacaqmı?
- Bəşərə dəstək məqsədilə koalisiya yaradılmışdı. Bundan irəli gələrək İranın xüsusi xidmət orqanları da Suriyada iştirak edirdi. İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması məsələsi gündəmə gələndən sonra İran öz piyada qoşunlarını geri çəkdi. Eyni zamanda İran bu koalisiyadakı iştirakını dayandırdı.
Bəşər Əsəd qüvvələrinin irəliləməməsinə gəlincə, bunun nəticəsidir ki, Avropada miqrant kütləsi artır. Düşünürəm ki, bunun özü belə məqsədli şəkildə edilən bir variantdır. Yəni elə-belə torpaqlar boşaldılmır və ərazilər ələ keçirilmir.
- Necə düşünürsüz, Rusiya-Türkiyə gərginliyi məsələsi əslində Rusiya-NATO gərginliyi deyilmi?
- Hesab edirəm ki, bütün bu proseslərin arxasında NATO dayanır və Türkiyəni bu işdə hərtərəfli dəstəkləyir. Qeyd etdiyiniz kimi, Türkiyə-Rusiya gərginliyi məhz Rusiya-NATO gərginliyindən qaynaqlanr. Bu gün bu ölkələrin bir-birinə qarşı sanksiyalarından ən azından Türkiyə, Rusiya isə ondan dəfələrlə çox itirir. Türkiyənin NATO tərəfindən dəstəklənməsi daha çox maliyyə ilə bağlıdır. Belə ki, Səudiyyə Ərəbistanı vasitəsilə kreditlər ayrılır, Avropadan miqrantların saxlanması üçün ayrılan maliyyə və digər məsələlər göstərir ki, Qərb Türkiyəni dəstəkləməkdə davam edir. Lakin Türkiyə-Rusiya münasibətini götürsək, hiss olunur ki, Rusiyada Türkiyə kapitalı ilə çalışan müxtəlif bankların çökməsi, iş yerlərinin bağlanması məsələsində daha çox ruslar itirməyə başlayıb. Təbii ki, indiki halda ölkə başçıları öz siyasi ambisiyalarından geri çəkilmək istəmirlər.
- Arzu müəllim, Gürcüstanla Ermənistan arasında hərbi məsələlərlə əlaqədar bağlanan protokol sıradan bir sənəddir, yoxsa bunun arxasında hansısa məqsədlər var?
- Heç bir vaxt Gürcüstanla Ermənistan arasında böyük problemlər yaranmayacaq. Lakin Axalkalakidə böyük bir erməni diasporu var və onlar Dağlıq Qarabağdakı kimi münaqişə yarada bilər. Eyni zamanda Gürcüstan istəməz ki, bu gün Ermənistanla münasibətləri pis mənada pik nöqtəyə çatsın. Gürcüstan çox gözəl başa düşür ki, Ermənistan Rusiyanın forpostudur və rəsmi Moskvanın regiona təsiri böyükdür. Belə olan halda, təbii ki, Gürcüstanın Ermənistanla hərbi əməkdaşlığa dair imzaladığı protokol müstəqilliyini itirməmək və yalnız protokol xatirinə imzalanıb.
Bəxtiyar Məmmədli