6 Fevral 2016 12:25
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şübhəsiz ki, Türkiyə bir neçə səbəbə görə Rusiyanın Suriyada hərbi əməliyyatları dayandırmasını istəyir. Bunun bir istiqaməti odur ki, Rusiya tərəfinin atdığı bombalar tam ünvan tanımır. İki düşmən qarşı-qarşıya döyüşəndə baş verən insan itkiləri acı təəssürat yaradır. Bir də var ki, vətəndaş müharibəsinin getdiyi ərazidə mülki insanların yaşadığı yerlər 3-cü dövlət tərəfindən bombalanır. Bu, əvvəla, çox mənfi prosesdir. Eyni zamanda böyük qaçqın ordusunun da yaranmasına səbəb olur. Digər tərəfdən Rusiya Əsəd qüvvələrinin qarşısında olanları bombalayır ki, bu qüvvələr də müxtəlif səviyyələrdə Türkiyə tərəfdən dəstəklənir”.

Bunu Teleqraf.com-a müsahibəsində Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, siyasi şərhçi Araz Aslanlı bildirib. Müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev Londonda çıxışı zamanı Suriya böhranının aradan qaldırılmasına dəstək nümayiş etdirdi. Bütövlükdə Azərbaycanın Suriya məsələsinə yanaşması necədir?
- Azərbaycanın Suriya məsələsinə dair mövqeyi əvvəldən bəlli idi və ölkəmiz ümumi prinsiplərdən çıxış edərək münasibət bildirirdi. Birincisi, onun tərəfdarı idi ki, istənilən halda zorakılığın tətbiqi məhdudlaşdırılsın. İkincisi isə, terrorizmə qarşı idi və hər zaman bunu vurğulayırdı. Ölkəmiz dünyanın digər regionlarındakı məsələlərə də bu cür mövqeyi nümayiş etdirir. Zaman göstərir ki, bu mövqe daha haqlıdır. Bunu iki kontekstdə qiymətləndirirəm. Birincisi, beynəlxalq hüquq baxımından və bu, şübhə doğurmur. Nəticə yaratmaq baxımından da bu, doğru addımdır. Suriya daxilindəki qruplaşmalara ayrı-ayrı dəstək verən dövlətlərin yanaşmalarını müqayisə etsək, hansısa biri simpatiya toplaya bilər. Amma ümumilikdə müxtəlif dövlətlərin yanaşmalarının Suriyadakı böhrana dair dərinləşdirici təsirini görmüşük. Azərbaycan dünya siyasətini formalaşdıran və ya müəyyənləşdirən ölkələrdən biri deyil. Amma ən azından Azərbaycan zorakılığın məhdudlaşdırılmasını, humanitar fəlakətin, terrorizmin qarışısının alınmasını irəli sürür. Bu baxımdan Azərbaycanın mövqeyi həm ədalətli, həm də neytraldır. Regionun lider bir dövləti kimi kiçik də olsa, tərəflər arasında vasitəçilik baxımından töhfə verə bilər.

- Suriyadakı hadisələr həm də Azərbaycanın üzləşdiyi problemləri xatırlatmırmı?
- Əlbəttə, Suriyadakı münaqişə, vətəndaş müharibəsi, xarici müdaxilə bir az da bizə ərazilərimizin işğal olunması prosesini xatırladır. Prezident İlham Əliyev də konfransda çıxışında qismən də olsa, bu paralelliyi qurdu. Müharibə, münaqişə bu gün Suriyada necə böyük fəlakətə səbəb olursa, vaxtilə Azərbaycanda da səbəb olmuşdu. İndi qaçqın mövzusu dünya üçün aktuallaşıb. Amma biz uzun müddətdir, bu problemi yaşayırıq. Kimlər üçünsə, bu fərqli anlayış ola bilər, lakin bunu biz ruhumuzla hiss edirik. Çünki bu problemi biz də yaşamışıq. Cənab Prezident də Suriyadakı problemdən danışarkən haqlı olaraq Azərbaycanın qarşılaşdığı bu məsələyə də toxundu. Eyni zamanda Azərbaycan öz maliyyə imkanları ilə Suriyadakı humanitar problemə töhfə vermək niyyətini ifadə elədi. İndiyə qədər gücü ölçüsündə dəstək olmağa çalışmışdı. Bundan sonra da dəstək olmağa davam ediləcəyi qeyd olundu və bu da əhəmiyyətli idi. Yəni bizim rolumuz beynəlxalq hüququn bərpası, daxili işlərə müdaxilənin minimum səviyyəyə endirilməsi, humanitar fəlakətin aradan qaldırılması üçün maksimum töhfədir. Hesab edirəm ki, bu, yüksək bir mövqe idi.

- Türkiyə Suriyadan qaçqın axınının dayandırılması üçün Rusiya tərəfindən bombardmanların dayandırılmasının vacibliyini bildirdi. Rusiya Türkiyənin bu addımına adekvat cavab verəcəkmi?
- Şübhəsiz ki, Türkiyə bir neçə səbəbə görə Rusiyanın Suriyada hərbi əməliyyatları dayandırmasını istəyir. Bunun bir istiqaməti odur ki, Rusiya tərəfinin atdığı bombalar tam ünvan tanımır. İki düşmən qarşı-qarşıya döyüşəndə baş verən insan itkiləri acı təəssürat yaradır. Bir də var ki, vətəndaş müharibəsinin getdiyi ərazidə mülki insanların yaşadığı yerlər 3-cü dövlət tərəfindən bombalanır. Bu, əvvəla, çox mənfi prosesdir. Eyni zamanda böyük qaçqın ordusunun da yaranmasına səbəb olur. Digər tərəfdən Rusiya Əsəd qüvvələrinin qarşısında olanları bombalayır ki, bu qüvvələr də müxtəlif səviyyələrdə Türkiyə tərəfdən dəstəklənir. Bu da Türkiyənin strateji maraqlarına ziddir. Həm də yaranmış vəziyyətdən Türkiyə birbaşa təsirlənən ölkədir. Rusiya, Avropa bunu dolayı hiss edir. Ona görə də etiraz haqqı olan ölkələrdən biridir. Ukraynanın şərqindəki, Krımdakı proseslərdən sonra Rusiya hesab edir ki, Türkiyə daxil olmaqla, Qərbin də vahid blok olmamağından istifadə edib Suriyadakı vəziyyəti öz lehinə çevirmək imkanı var. Faktiki olaraq, Rusiya bu istiqamətdə kiçik də olsa, hərbi uğurlar əldə edib. Bunun növbəti mərhələdə nəyə səbəb olacağını indidən qiymətləndirmək çətindir. Çünki müxtəlif qüvvələr maraqlarını birləşdirsə, burada Rusiya üçün Əfqanıstan variantı yarana bilər. İndi Türkiyə-Rusiya münasibətləri elə də xoş deyil. Haradasa, 5 il əvvəlki vəziyyət olsaydı, bəlkə də, Rusiya Türkiyənin etirazlarının nəzərə alardı. Amma hazırda Rusiya Türkiyənin etirazlarını, yəqin ki, nəzərə almayacaq.

- Minsk qrupunun amerikalı həmsədri Uorlik AŞPA-ya heç bir təzyiq göstərmədiklərini bəyan edib. Qarabağla bağlı AŞPA-da müzakirəsi nəzərdə tutulan bir sənəddən öncə Minsk qrupunu verdiyi bəyanat təzyiq deyildimi?
- ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəlki dövrlərdə də müxtəlif beynəlxalq təşkilatlarda Qarabağ problemi ilə bağlı səsvermə keçiriləndə bu cür beynəlxalq hüquqa uyğun olmayan mövqe nümayiş etdiriblər. Bu, həmçinin onların öz mandatına da uyğun deyil. Bunu da hər dəfə bir şeylə əsaslandırırlar ki, Minsk qrupu Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi mandata malik olan bir təşkilatdır və guya bu missiyadan çıxış ediblər. Volterin məruzəsi çox az səs fərqi ilə keçmədi. Amma digər məruzə qəbul edildi. Aydındır ki, Minsk qrupunun həmsədrləri bu məsələdə neytral qalsaydılar, yəni xüsusi açıqlama verməsəydilər, sənədin qəbul olunma ehtimalı daha yüksək idi. Digər tərəfdən Minsk qrupu AŞPA-da sənəd müzakirəyə çıxarıldıqdan sonra danışıqlar prosesinə zərər vura biləcək və ya beynəlxalq hüquqa zidd olacaq məqamlara aydınlıq gətirə bilərdi. Ancaq öncədən münasibət bildirmək faktiki olaraq, qərarın qəbul edilməməsi üçün lobbiçilik idi. Yəni sonradan münasibət bildirsəydilər, bu, şərh olardı. Onların atdıqları bu addım həm beynəlxalq hüquq, həm də danışıqlar prosesinin mahiyyətinə ziddir. Çünki danışıqlar prosesinin mahiyyəti bir işğal faktorunun ortadan qaldırılması və münaqişənin həllidir. Danışıqlar prosesinin mahiyyəti münaqişənin dondurulmuş vəziyyətdə saxlamaq və ya Minsk qrupu həmsədrlərinin mütəmadi səfərlər həyata keçirməsi deyil. Minsk qrupu ona görə yaradılmayıb ki, onlar aradabir toplansın, səfər etsin və bəyanat versinlər. Ola bilsin, dövlətlərin rəhbərləri təyinat apararkən onlara belə fəaliyyət göstərmələrini deyiblər. Çünki həmsədrlər hər 3 ölkədən dəyişir, ancaq onların fəaliyyətlərinin mahiyyəti dəyişmir. Bütün məsuliyyətin Minsk qrupunun üzərinə yüklənməsinin tərəfdarı deyiləm. Düşünmürəm ki, ATƏT və Minsk qrupu möcüzələr yarada biləcək qüdrətə malikdir. Əgər problem həll olunmursa, buradan günahkar Ermənistandır və işğal etdiyi əraziləri azad etmir. Digər tərəfdən ən ali təşkilatın ən yüksək orqanı BMT-nin Təhlükəsizlik Şurasıdır. Başqa beynəlxalq təşkilatların hər birinin məsuliyyəti var. Bunlar heç biri səlahiyyətini yerinə yetirməyəndə Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq addım atacaq. Bunu da Azərbaycan dəfələrlə qeyd edib.

- Necə hesab edirsiz, həmsədrlərin dəyişdirilməsi və ya problemlə BMT-nin məşğul olması indiki məqamda mümkündürmü?
- Düşünmürəm ki, bu məsələ ATƏT-ə verilib. Bu qurum elə də fövqəlgüc deyil, xüsusi bir statusa malik beynəlxalq təşkilat deyil. Qarabağ münaqişəsinin ATƏT-dən alınıb BMT-yə verilməsi mövqeyi ilə tamamilə razı deyiləm. Qarabağ məsələsi heç də ATƏT-in monopoliyasında deyil. Bu məsələ AŞPA-da, üzvü olmadığımız Avropa İttifaqında müzakirə oluna bilər, BMT Təhlükəsizlik Şurasının yenidən gündəminə gətirilə bilər. Amma daha çox nəticə yaratma imkanı BMT Təhlükəsizlik Şurasındadır. ATƏT-də təmsil olunan dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əgər münaqişənin həlli ilə bağlı niyyətləri olsa, bunu ATƏT çərçivəsində qərarlar qəbul edib, bunu BMT Təhlükəsizlik Şurasının imkanları ilə həyata keçirə bilərlər. Səlahiyyət baxımından Təhlükəsizlik Şurası ciddi qurumdur. Lakin münaqişənin həlli məsələsinin bu quruma gətirmək və onların hansısa qərarlar qəbul etməsi üfüqdə görünmür. ATƏT-in Minsk qrupunda həmsədrlik institutunda dəyişiklik ola bilər. Çünki bu tədricən formalaşmış bir qurumdur. Dəyişiklik üçün isə ATƏT səviyyəsində qərar qəbul edilməlidir. Belə bir qərar ya xarici işlər nazirlərinin konfransında, ya da ATƏT-in keçiriləcək sammitində ola bilər. Ermənistanın etirazına görə həmsədrliyin dəyişməməsi fikri düzgün deyil. Belə olan halda Azərbaycan həmsədrlikdən bütövlükdə imtina edə bilər. Bəzən vasitəçilər bizə qəbul etdirməyə çalışırlar ki, hər şey Ermənistanın münasibətindən asılıdır. Amma əslində belə deyil. Azərbaycan bu məsələdə işğala məruz qalan dövlətdir və əvvəlki illərlə müqayisədə daha güclü dövlətdir. İndiki halda həmsədrlik forması, vasitəçi qurumun mahiyyəti də dəyişə bilər.

Bəxtiyar Məmmədli


Müəllif:

Oxşar xəbərlər