“İran həmişə müsəlman dünyasının əleyhinə hərəkət edən bir qüvvə olub. Özünü şiələrin lideri kimi hesab etsə də, heç bir vaxt şiələrin maraqları uğrunda axıra qədər dayana bilmir. Məsələn, şiə lideri olan İran Azərbaycandan daha çox Ermənistanla əməkdaşlıq edir. Yəni bu dövlətin siyasəti bütün müsəlman dövlətlərinin maraqlarına qarşı bir siyasətdir. Ona görə də müsəlman dünyasında, həmçinin deyərdim ki, dünyada da təklənib. Hesab edirəm ki, Bəşər Əsəd, İŞİD kimi qüvvələr sıradan çıxdıqdan sonra İslam dünyası İranla bağlı öz mövqeyini müəyyənləşdirəcək”.
Bunu Teleqraf.com-a müsahibəsində politoloq Qabil Hüseynli bildirib. Müsahibəni təqdim edirik:
- Türkiyədə hərbiçilərə qarşı törədilən son terror hadisəsində məqsəd nə idi?
- Bu terror hadisəsində birinci məqsəd Türkiyədə daxili sabitliyi pozmaq idi. Eyni zamanda Türkiyənin indiki rəhbərliyinə xalq arasında etimadsızlıq toxumu səpmək, bundan başqa Türkiyənin Suriya istiqamətindəki hərbi əməliyyatlarının davam etdirilməsinə inamsızlıq yaratmaq və nəticə etibarı ilə Türkiyəni bu bölgədə fəal rol oynamaqdan məhrum etmək idi.
- Bu terror PKK-nın Suriya qanadı olan YPG-nin Türkiyəyə qarşı xəbərdarlığı ola bilərdimi?
- Bu terror aktını YPG-nin təkbaşına gördüyü iş kimi dəyərləndirməzdim. Çox diqqətlə, ciddi kəşfiyyat materiallarına əsaslanaraq hazırlanmış terror əməliyyatıdır. Təsəvvür edin ki, bu terror hadisəsində bir tondan artıq partlayıcı işlədilib. Bu qədər partlayıcı maddəni Ankaraya gətirmək çox çətin məsələdir. Üstəlik bu hadisə Türkiyə Hərbi Hava Qüvvələri günü bu qoşun növünə məxsus hərbiçilərə qarşı törədilib. Yəni marşrutun, vaxtın seçilməsi və bütün bunların hamısı göstərir ki, bu, YPG miqyasında həyata keçirilən terror hadisəsi deyil. Bu, YPG-dən daha güclü və bu təşkilatın da daxil olduğu bir güc tərəfindən hazırlanması qənaətini verir. Məqsəd də son günlər YPG-nin Hələb ətrafındakı əməliyyatlarına qarşı Türkiyənin fəallaşması ilə bağlı idi. Eyni zamanda Türkiyənin Suriya hadisələrindən geri çəkməsini təmin etmək üçün düşünülmüş bir addım idi.
- Bu hadisələrdən sonra Türkiyə Suriyaya öz qoşunlarını yeridəcəkmi?
- Türkiyənin sərhədləri boyunca çox təhlükəli hadisələr baş verir. Suriya kürdləri bütün qüvvələrini toplayaraq Türkiyə ilə sərhədboyu, türkmənlərin, daha doğrusu azərbaycanlıların yaşadığı əraziləri ələ keçirir və öz “torpaq”larını türkmənlərin yaşadığı ərazilərə doğru genişləndirir. Son günlər isə onlar daha da aqressivləşərək, həyasızlaşaraq Türkiyəyə yaxın Aziz qəsəbəsindən Hələb şəhərinə gedən yolu da ələ keçiriblər və beləliklə, Hələbi tam mühasirəyə alıblar. Bunların məqsədi Türkiyənin Suriya ilə olan 910 kilometrlik sərhədinin böyük bir hissəsini tutmaqdır. Bununla da, İraqdakı kürdlərlə birləşmək məqsədini qarşıya qoyublar. Bu da gələcəkdə “müstəqil Kürdüstan dövləti”nin yaradılması üçün yaxşı bir zəmin hazırlaya bilər. Amma Suriya və İraq torpaqlarında belə bir dövlətin yaradılması həm Suriya və İraqın ərazi bütövlüyünü pozmaq, həm də Türkiyə üçün gələcək təhdidlərin hazırlanması demək idi. Bunu nəzərə alaraq, Türkiyə indidən bu prosesin baş verməməsi üçün qarşısına məqsəd qoyub. Ona görə də Türkiyə YPG-nin son günlər Hələbə qarşı hücumlarının qarşısını almaq üçün artilleriya atışlarına başlayıb.
- Suriya türkmənlərinin lideri Əli Bəşər bəyan edib ki, Əsəd hakimiyyətdə qalmaq üçün Suriya torpaqları hesabına kürdlərin dövlət qurmasına razılıq verib. Bəşər Əsəd belə bir addım ata bilərmi?
- Əgər Bəşər Əsəd öz ölkəsindən 12 milyondan çox insanın qaçqın düşməsinə bais olubsa, əli təxminən 300 min insanın qanına batıbsa, bu adamın nə qədər hakimiyyət hərisi olduğunu və iqtidarda qalması üçün nələrə əl atacağını təxmin etmək çətin deyil. Bir neçə gün bundan əvvəl də məlumat yayılmışdı ki, Bəşər Əsəd Türkiyəyə təzyiq göstərmək, bu ölkəni qorxu içində saxlamaq üçün Suriya kürdlərinə xeyli silah göndərib və bunlar arasında əlaqə yaradıb. Bundan başqa YPG liderlərindən birinin Suriya hökumət orqanlarının əməkdaşı olması barədə informasiyalar da var. Yəni PYD, YPG-nin Suriya xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilən terror təşkilatları olması haqqında Türkiyə, o cümlədən digər ölkələrin mətbuatında geniş informasiyalar yer alıb. Ona görə də hesab edirəm ki, son olayların baş verməsində, yəni Türkiyəni çətin vəziyyətə salmaq üçün Bəşər Əsəd öz torpağından da keçər. Təki hakimiyyətdə qalsın və hər bir şey Türkiyə üçün pis olsun.
- Amerikanın terrora qarşı və eyni zamanda YPG-ni dəstəkləyən bəyanatı ilə ikibaşlı siyasətinin arxasında nə dayanır?
- Amerika yeritdiyi siyasətlə özünü bütün dünyada rüsvay edib. Əvvəl 45 ölkənin iştirakı ilə koalisiya yaratdı və bu qurum tez bir zamanda İŞİD-i sıradan çıxaracağını bəyan etdi. Özü də qüvvələrini geri çəkən kimi digər koalisiya üzvləri də bu addımı atdı. Anti-İŞİD koalisiyası beləcə iflasa uğradı. Bu, artıq neçənci dəfədir ki, ABŞ Rusiya qarşısından geri çəkilir və özünü rüsvay edir. O səbəbdən də Rusiya güc əldə edərək Amerikanın qorxaq hərəkətləri qarşısında daha da aqressivləşir. ABŞ müttəfiqi olan Türkiyəni tamamilə çətin vəziyyətdə qoyub Məsələn, terror təşkilatı olan YPG-ni müdafiə edir və İŞİD-ə qarşı vuruşduğunu bəyan edir. Amma bu terror təşkilatı son 10 gündə İŞİD-ə qarşı bir güllə belə atmayıb. Apardıqları əməliyyatlar türkmənlərə qarşıdır. Bu səbəbdən də artıq Türkiyə ilə ABŞ arasında yaranmış soyuqluğu görməmək mümkün deyil.
- Suriya ilə bağlı yaxın gələcək üçün hansı proqnozları vermək olar?
- Türkiyədəki son olaylar təhlükəli hadisələrin baş verəcəyindən xəbər verir. İsveçrədə yenidən toplantı keçiriləcək və toplantıda Rusiyaya son xəbərdarlıq ediləcək ki, Suriyadakı hava hücumlarına son qoysun. Amma inanmıram ki, Rusiya Suriyadakı prosesləri öz istədiyi kimi tam başa çatdırmayınca, hava hücumlarına son qoysun. Bu isə o deməkdir ki, Suriya ərazisində Türkiyə üçün çox ciddi təhdidlər yaradılacaq. Kürdlərin Türkiyə sərhədi boyu birləşməsi üçün lazım olan havadan dəstəyi Rusiya axıradək verəcək. Beləliklə, Türkiyə kürdlərlə problem qarşısında qoyulacaq. Hesab edirəm ki, Türkiyə belə hadisələrə biganə qalmayacaq. Eyni zamanda Türkiyənin Səudiyyə Ərəbistanı ilə bir uzlaşması var və Səudiyyə Ərəbistanı 20-dən artıq İslam ölkəsinin iştirakı ilə koalisiya yaradıb. Bu koalisiya İŞİD-ə qarşı quru əməliyyatlarına başlayacaq. Bunun üçün də Türkiyənin İncirlikdəki hərbi bazasına Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələrin göndərilməsi barədə məlumatlar var. Yəni kürdlərə, o cümlədən Bəşər Əsədə Rusiya tərəfindən yardım edilməsi birinci növbədə ərəblərin daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Ona görə də ərəblərin lideri sayılan Səudiyyə Ərəbistanı və Misir bunu həzm edə bilmir. Bu səbəbdən belə bir koalisiya formalaşdırıblar və Rusiyanı oradan çıxarana və Bəşər Əsədi devirənə qədər həmin bölgədə müharibə gedəcək. Güman edirəm ki, müharibə Əsədin devrilməsi, Rusiyanın orada rüsvayçı bir şəkildə məğlub olması ilə başa çatacaq. Türkiyə də özünə qarşı mövcud olan təhlükələri neytrallaşdıra biləcək.
- Belə çıxır ki, bu proses uzun çəkəcək.
- Bu proses qüvvələrin mübarizəyə girişindən asılıdır. İndiki məqamda Suriya ordusu çox zəifdir və onun hücumları rusların həm xüsusi təyinatlılarının, həm də Hərbi Hava Qüvvələrinin köməkliyi ilə həyata keçirilir. Bəşər Əsədin Suriyada kiçik bir ərazidə və bir də Latakiya deyilən ərazidə ələ keçirdiyi torpaqlarda nəzarəti var. Bu mənada Əsədin devrilməsi çətin olmayan bir məsələdir və buraya nizami ordu qüvvələrinin və hərbi aviasiyanın yeridilməsi rusları neytrallaşdıra və Bəşər Əsədin devrilməsinə də gətirib çıxara bilər. Artıq bu bölgədə İŞİD də tükənmək üzrədir və elə bir qüvvələri qalmayıb. Bu terror qruplaşması faktiki olaraq mühasirədədir. Sadəcə olaraq, bu gün İŞİD yaddan çıxıb. Əsas məsələ rusların məhz Avropaya təsir etmək üçün hava hücumlarını Suriya Azadlıq Ordusunun mövcud olduğu ərazidə genişləndirməsi və bunun nəticəsində miqrant axının güclənməsi ilə bağlıdır. Hazırda Hələb ətrafından da xeyli miqrant axını var və bu axının bir hissəsi Avropaya sıza bilir. Məsələn, Türkiyə ərazisindən Yunanıstana və oradan da digər Avropa ölkələrinə keçirlər. Bu isə Avropa ölkələri üçün çox ciddi problem yaratmaqdadır. Rusiya bunu başa düşərək Avropanı bu cür təzyiq altında saxlayır. Güman edirəm ki, Səudiyyə Ərəbistanı və ona yaxın olan müsəlman dövlətləri, o cümlədən Türkiyə hərəkətə gəlsə, Avropa ölkələrinin canından xof çıxar və Rusiyaya, o cümlədən miqrant köçü təşkil edən Əsədə qarşı müəyyən addımlar atarlar. Eyni zamanda İŞİD-i də sıradan çıxarmaqla tamamilə Yaxın Şərqdə müəyyən bir balansın yaranmasına kömək edə bilərlər. Bunun üçün isə çox vaxt tələb olunmur və bu il içərisində bunların hamısını həyata keçirmək olar.
- İslam koalisiyasından danışanda nədənsə, İranı burada görə bilmirik..
- İran həmişə müsəlman dünyasının əleyhinə hərəkət edən bir qüvvə olub. Özünü şiələrin lideri kimi hesab etsə də, heç bir vaxt şiələrin maraqları uğrunda axıra qədər dayana bilmir. Məsələn, şiə lideri olan İran Azərbaycandan daha çox Ermənistanla əməkdaşlıq edir. Yəni bu dövlətin siyasəti bütün müsəlman dövlətlərinin maraqlarına qarşı bir siyasətdir. Ona görə də müsəlman dünyasında, həmçinin deyərdim ki, dünyada da təklənib. Hesab edirəm ki, Bəşər Əsəd, İŞİD kimi qüvvələr sıradan çıxdıqdan sonra İslam dünyası İranla bağlı öz mövqeyini müəyyənləşdirəcək. Bu da elə bilirəm ki, İrana xoş olmayan bir mövqe olacaq.
BƏXTİYAR