“REAL sədri qurultayda seçilməyəcək”
Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının Teleqraf.com-a müsahibəsi:
- Respublikaçı Alternativ Hərəkatının partiyaya çevriləcəyi haqda qərar hələ il yarım bundan öncə də açıqlanmışdı. Yekun qərar nə zaman qəbul olundu?
- Qərar REAL Hərəkatının İdarə Heyətinin iclasında qəbul olundu. Bir il yarım əvvəl qərarımızı vermişdik və bu müddət ərzində müəyyən işlər də görüldü. Partiyalaşmanı addım-addım həyata keçiririk, birinci mərhələdə yerli təşkilatları – el məclislərini qurmuşuq. El məclislərinin böyük əksəriyyətini yaratsaq da, proses hələ də davam edir. Artıq son mərhələyə qədəm qoymuşuq. Planlaşdırmışıq ki, yaxın perspektivdə qurultayımız keçiriləcək. Bu yaxınlarda isə təşəbbüs qrupu toplanacaq və Təşkilat Komitəsini yaradacağıq. Təşkilat Komitəsi isə qurultaya hazırlıq işlərini həyata keçirəcək.
- İlin birinci yarısında qurultay keçirilə bilərmi?
- Konkret tarix demək istəmirəm, ancaq yaxın zamanlarda qurultay keçirəcəyik. Partiya yaratmaq 1-2 aya başa gələsi iş deyil. Əvvəldən də demişdik ki, elan etmək xatirinə partiya qurmuruq. Biz kökündən bu təşkilatı yaradırıq, Azərbaycanın hər bir kəndində tərəfdarlarımız, üzvlərimiz olmalıdır. İdarə Heyətinin son qərarı da bir daha onu təsdiqlədi ki, hədəfə doğru düzgün istiqamətdə gedirik.
- REAL partiyasının strukturu necə olacaq? Sədr, Məclis üzvləri necə seçiləcək? El Məclisi ənənəvi partiyaların rayon təşkilatları əvəzinədir?
- İndiki siyasi təşkilatlarda olduğu kimi rayonlar üzrə deyil, seçki dairələrinə görə təşkilatlanırıq. Hər seçki dairəsində dairə təşkilatı yaradırıq, sonra onlar birləşib el məclisi qurur. Bir el məclisinə bir neçə rayon daxildir. Şirvan el məclisinə Şamaxı, Ağsu, İsmayıllı aiddir. Digər partiyalardan fərqli olaraq parlament tipli partiya qururuq. REAL sədrini qurultayda deyil, üzvlərimiz partiya Məclisində seçəcəklər. Qurultayda Məclis və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiləcək. Sonra Məclis üzvləri toplanıb Məclis sədrini, partiya sədrini və onun komandasını, yəni İdarə Heyətini seçəcək. Sədr isə İdarə Heyətinin üzvləri içərisindən özünə müavinlər təyin edəcək.
- Hazırda REAL ətrafına nə qədər üzv cəmlənib?
- REAL ətrafına kifayət qədər üzv cəmləşdirə bilib. Feysbukda partiyalaşmaqla bağlı statusumuzu 3 min nəfər bəyənir, o insanların əksəriyyəti də bizi dəstəkləyən şəxslərdir. Aktiv şəkildə kütləviləşməklə bağlı qərar vermişik. Əvvəldən də demişik ki, say bizim üçün önəmli deyil. Çünki həqiqətən də, keyfiyyətə üstünlük veririk. Artıq yerlərdə və mərkəzdə keyfiyyətli özək var. Fikirləşirik ki, partiya olaraq xalqa açılmalıyıq. Üzvlərimizin sayı REAL-ın Ədliyyə Nazirliyindən partiya kimi qeydiyyatdan keçməsi üçün yetərlidir, hətta bir neçə dəfə çoxdur.
- Feysbukda “layk” edənləri də real dəstəkçi sayırsınız...
- Feysbukdakı virtual dəstəkçilərin hamısı realdır, onların 90 faizini tanıyırıq. Məsələ burasındadır ki, sadəcə Feysbuk üzərindən deyil, virtualdan çıxıb həyatda insanlarla üzbəüz kontakt yaradılmalıdır. Məsələn, son parlament seçkilərində insanların evinə getməklə aktiv kampaniya apardıq, evdən-evə, qapıdan-qapıya kampaniyası reallaşdırdıq, seçicilərlə birbaşa təmasda olmaq imkanı qazandıq. Yaxın bir neçə ay ərzində bu ənənəni aktiv şəkildə davam etdirəcəyik. Düzdür, sosial şəbəkələrdə də aktivlik olmalıdır, çünki hazırki situasiyada 100 min adama məlumat ötürmək mümkün deyil. İnternetə çıxış əldə etməyən insanların da sayı ölkədə kifayət qədərdir. Biz bu insanların da qapısını döyəcəyik, sosial şəbəkələrdə işimizi daha da gücləndirəcəyik, böyük auditoriyaya çıxacağıq.
- REAL ənənəvi müxalifətdən əsas nə ilə fərqlənəcək?
- Qurultayımızı keçirək, real fəaliyyətimizlə fərqliliyimizi göstərməyə çalışacağıq. REAL yaranandan digər siyasi təşkilatlarla fərqlənirdi. Həm yanaşmalarda, həm siyasi fəaliyyətdə fərqlənəcəyik.
- Müxalifət partiyaları arasında ana müxalifət olmaq uğrunda mübarizə gedir. Azərbaycanda hansı partiyanı ana müxalifət saymaq olar?
- Əslində, ana müxalifət partiyası seçkilərdə bəlli olan məsələdir. İstər sosial şəbəkələr, istərsə də kütləvi tədbirlərə daha çox adamı cəlb edə bilən, kimin sözü xalq arasında daha çox dinlənilir və ya da danışılırsa, o təşkilat ana müxalifət hesab edilə bilər. Bu gün Azərbaycanda siyasi təşkilatlar arasında ana müxalifət olan siyasi təşkilat görmürəm.
- Bəzi partiyalar var ki, yönü, ideologiyası ona uyğun olmayan partiya ilə danışığa belə gəlmir. İdeoloji baxımdan REAL-a hansı partiyanı yaxın görürsünüz, hansı təşkilatlarla əməkdaşlıq edəcəksiniz? Yoxsa, fərq qoymayacaqsınız?
- Biz istənilən siyasi təşkilatla görüşüb danışmağa, dialoqa hazırıq. Görüşüb nəyisə müzakirə etməkdə bir problem yoxdur. Biri var nəyisə müzakirə edəsən, fikir bildirəsən, bir də var ki, kimlərləsə bir ittifaqda olasan, məqsəd qarşıya qoyub ona nail olmaq üçün birgə fəaliyyət göstərəsən. Bunlar başqa-başqa şeylərdir. Fəaliyyəti zəif olan, amma adı olan 90-95 faizi partiya cib müxalifətidir, onlarla birlikdə olmağımız qeyri-mümkündür. REAL partiyası elan olunmalı, fəaliyyətə başlamalıdır, ondan sonra əməkdaşlıq barədə danışmaq olar.
Nərgiz Ehlamqızı