26 Mart 2016 19:24
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir:

- Brüsseldə baş verən terror aktından sonra Avropa faktiki təhdid olunduğunu bəyan edir, terrora qarşı mübarizə mexanizmləri ortaya qoyulur. Baş verənləri necə qiymətləndirirsiniz?

- İslamda cihad məfhumu var. Cihadın birinci məqsədi insanın özü ilə mübarizəsidir. İnsan özü ilə cihad aparmalıdır. Görünür, xristian aləmində belə bir cihad yoxdur. Terrorun qarşısını almaq üçün bütövlükdə Qərb aləmi özləri ilə cihada başlamalıdır. Əgər buna başlasalar, bilərlər ki, maddiyat naminə müsəlman Şərqinə qarşı yürüdülən siyasət son nəticədə terrora səbəb olur. Terror nədir? Təbii ki, çarəsiz, köməksiz, məyus insanların əl atdığı mübarizə üsuludur. Kim öz canından keçərək özünü partladar? Bu yazını oxuyanlar təsəvvür etsinlər ki, onlara deyilir ki, get bu bombanı tax bədəninə və özünü partlat. Buna insanların marağı yoxdur. Çünki hamı yaşamaq, ailəsi və dostları ilə xoş gün keçirmək, dadlı yeməklərdən dadmaq istəyir. Həyat şirin şeydir. Bir sözlə, bütün insanlar dünyanı gəzmək, ləzzət almaq, təbiətin gözəlliklərini görmək istəyir. Lakin axmaq adamlar məmnuniyyətlə terror aktlarını törətməyi qəbul edirlər. Niyə? Çünki onların əxlaqı, şərəfi, mənliyi zədələnib. İkincisi, Qərb və Rusiya gəlib müsəlmanların yaşadığı əraziləri tutur, orada hərbi bazalar yerləşdirir, sərvətlərinə yiyələnir. Üstəlik də müsəlmanlar arasında ən vicdansız və dinsiz insanları dəstəkləyir. Baxın, BMT toplanır, fələstinlilər deyir ki, İsrail bizi torpaqlarımızdan qovur, qanunsuz məskunlaşırlar və s. Ancaq dünya İsraili dəstəkləyir. Nəticədə də Amerikaya, İsrailə, Avropaya gücü çatmayan müsəlmanlar terrora əl atırlar. Bu zaman da günahsız insanlar ölür. Baş verənlər bundan ibarətdir. Hazırda Qərb deyir ki, terrorizmə qarşı mübarizə aparır. Əslində isə onlar terrorun yaratdığı nəticə ilə mübarizə aparır. Bu isə düzgün deyil. Səbəbi aradan qaldırsalar, nəticə ilə mübarizə aparmağa ehtiyac olmaz. Əgər onlar öz nəfslərinə, maraqlarına qalib gəlsələr, terror aradan qalxacaq. Demirəm ki, terrorçular yaxşıdır. Əksinə, terrorçular başdan xarabdırlar, müsəlman dünyası xəstədir.

- Müsəlman dünyasının zəifliyinə səbəb nədir?

- Müsəlman dünyası da öz nəfsi ilə cihad aparmır. Əgər aparsaydı, bilərdi ki, müsəlman aləminin bu duruma düşməsinin səbəbi tamahla bağlıdır. Onlar da tamahkardırlar, islamın, Quranın və Allahın etdiyi tövsiyələri yerinə yetirmirlər. Əksinə, çalışırlar eyş-işrətlə yaşasınlar. Lakin anlamırlar ki, bu, həm də cəhalətdə yaşamaqdır. Nəticədə xaricilər gəlib onları əsarət altına alır, sərvətlərinə sahib olur, onların milli hissini tapdalayır və s. Bunlar da qarşılıq verərək gedib dinc insanları partladıb öldürür. Qərb dünyası da terroru yaradan səbəblərlə deyil, onun nəticəsi ilə mübarizə aparır. Fikrimcə, bu, ikiüzlü və səfeh siyasətdir.

- Avropada və Türkiyə baş verən terror hadisələri ilə paralel olaraq ABŞ və Rusiya arasında Suriyada müvəqqəti hökumətin qurulması haqqında razılıq əldə olunur. Sizcə, bütün bunlar təsadüfüdürmü?

- Bu da, prosesin davamıdır. Amerika öz iddiasından əl çəkmir. Ona itaət etməyənləri cəzalandırır. Liviya rəhbərini öldürdülər, ona itaət etməyən Mursini devirdilər, hazırda ona boyun əyməyən husiləri əzirlər, Suriyada Bəşər Əsədi sıxırlar. Rusiya da gördü ki, bu prosesdən təcrid olunur, odur ki, Suriyada hərbi iştirakını ortaya qoydu, dedi ki, məni də saymaq lazımdır. Hazırda Rusiyada yuxarıda qeyd etdiyim prosesdə iştirak edir.

- ABŞ dövlət katibi Con Kerrinin Moskva səfərini necə şərh edərsiniz?

- Bir-biri ilə qatı düşmən olan qüvvələr üçüncü tərəfə qarşı birləşərək əməkdaşlıq edirlər. Bu, normal haldır. Azərbaycanda Mütəllibovu devirmək üçün Xalq Cəbhəsi hamı ilə əməkdaşlıq edirdi. Eyni şeydir. İndi də Rusiya və Amerika bir-birilərinə qarşı barışmaz mövqedə dursalar da, ümumi düşmən onları birləşdirir.

- Bu anlaşma Suriyada vətəndaş müharibəsinin və terrorun qarşısının alınmasına səbəb olacaqmı?

- Xeyr. Bu razılaşma terrora qarşı deyil, öz maraq və mənafelərini həyata keçirmək üçündür. Terror onların yürütdüyü siyasətin nəticəsidir. Səbəbi aradan qaldırmadan onun nəticəsi ilə mübarizə aparmaq mənasızdır. Bir terrorçunu öldürəcəklər, ikincisi meydana çıxacaq.

- Prezident Putin İranda yaşayan azərbaycanlılar haqqında danışıb. Bunu nə ilə izah etmək olar?

- Rusiya istəməzdi ki, İran təcriddən çıxsın, bu ölkəyə qarşı olan sanksiyalar aradan qaldırılsın. Əlbəttə, Rusiya rəhbərliyi tərəfindən belə bir məqam ortaya atıla bilər. Lakin bunun əhəmiyyəti və mənası yoxdur. Nəyə görə? İranda yaşayan azərbaycanlılar İranı doğma vətəni sayır. Onlar öz vətənlərinə qarşı çıxmazlar. Əlbəttə, 5-6 millətçi var. Azərbaycanda türk millətçilərinin hörməti nə qədərdirsə, İranda da millətçilərin bir o qədər hörməti var.

- Türkiyədə terror aktlarının ardı kəsilmir. Bu proses davamlı olacaq, yoxsa hökumət bu aktların qarşısını almaq gücündədir?

- Davam edəcək. Çünki Ərdoğanın siyasəti yanlışdır. Ola bilsin ki, buna səbəb tamah və vəzifə məsələsidir. Vaxtilə prezident Ərdoğan yaxşı başlamışdı, effektiv siyasət aparırdı. Lakin indi fərqli siyasət yürüdür.

Nemət


Müəllif:

Oxşar xəbərlər