“Əsas qorxum millətimizin Moskvada yaşayan bəzi təmsilçilərindəndir”
Moskvada yaşayan azərbaycanlı jurnalist, Türkiyənin “İhlas” Xəbər Agentliyinin xüsusi müxbiri Fuad Abbasov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Fuad bəy, əvvəlcə özünüz barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirəm.
– Ətraflı məlumat verməyə heç bir lüzum görmürəm. Qısaca olaraq deyim ki, 1976-cı ildə Bakıda anadan olmuşam. 1993-cü ildə 95 nömrəli orta məktəbi bitirmişəm. 1994-cü ildə İstanbul Universitetinin jurnalistika fakültəsinin radio-televizya bölümünə daxil olmuşam. 2000-ci ildə oradan məzun olmuşam. 1997-ci ildən işləməyə başladığım “İhlas” Xəbər Agentliyinin 1998-ci ildə Moskva bürosunu qurub oraya xüsusi müxbir təyin olunmuşam.
– Rusiyanın dövlət televiziyası olan “Birinci kanal”da (ORT) aprelin 4-də efirə gedən və sizin də qatıldığınız “Zaman göstərər” proqramında iştirakçıların əksəriyyəti ermənipərəst, yaxud milliyətcə erməni politoloqlar idi. Aydındır ki, belə bir mühitdə müzakirələrə qatılmaq psixoloji baxımdan adamda diskomfort yaradır. Sizin həmin vaxt hansı hissləri keçirdiyinizi bilmək istərdik...
– Bu, birinci və sonuncu proqram deyil. Hər zaman öz mövqeyimi təkbaşına müdafiə etdiyim üçün alışqanlıq yaranıb. Türkiyə ilə Rusiya arasında Su-24 təyyarəsinin vurulması səbəbindən meydana gələn hadisələrdən sonra 6 ay ərzində rus televiziya, radio, qəzet və internet mediasında 50-yə yaxın çıxışım olub. Əsasən rus kanallarında olan bu çıxışlarda “təklənmək” adi haldır. Ukrayna problemləri müzakirə olunarkən oradan dəvət edilən jurnalist və politoloq təkləndiyi kimi, Türkiyə ilə problemlər müzakirə olunduğu zaman Türkiyə tərəfi təklənir. Burada məqsəd mümkün olduğu qədər qarşı tərəfin üstünə getmək və rus izləyicisinin gözündə “bizimkilər qalib gəldi” illüziyası yaratmaqdır.
– “Zaman göstərər” proqramında iştirakçılardan biri – Rusiya Federal Məclisinin Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə komitəsi sədrinin birinci müavini Frans Klintseviç Sizi hədələyərək proqramdan sonra danışacağını bildirdi. Efirdən sonra hər hansı hadisə baş verdimi?
– Hədə-qorxular var, olub və olacaq. Bu adi haldır. Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının üzvü olan Klintseviç eyni zamanda psixologiya üzrə elmlər namizədidir. Sergey Kurqinyan, Semyon Baqdasarov, Sergey Mixiyev və başqaları kimi o da rus kanallarının istifadə etdiyi “susdurma” və “təkləmə” politikasının ən parlaq iştirakçılarından biridir. Sizin bəhs etdiyiniz proqramdan sonra mənə yaxınlaşaraq “Sizin kimi tərbiyəsiz bir iştirakçı heç vaxt görməmişdim. Telekanala müraciət edərək sizin bir daha bura çağırılmamağınızı tələb edəcəm” dedi. Ancaq bundan sonra eyni kanaldakı “Politika” proqramında Klintseviçlə birlikdə iştirak etdik və heç bir neqativ münasibət görmədim. Bu hadisədən iki gün sonra “Birinci kanal”ın “Struktura momenta” proqramına da dəvət edilməyim kanalın yayım siyasətinin Klintseviçin şəxsi fikirlərindən fərqli olmasınının bir nümunəsi oldu.
– Sözügedən proqramda bildirdiniz ki, təyyarə böhranından sonra Türkiyə prezidentinin Rusiya rəhbərliyinə 5 dəfə etdiyi görüş təklifinə müsbət cavab versəydi, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələr baş verməzdi. Bu fikirdən erməni və ermənipərəst ekspertlər çox ustalıqla yararlandılar və Sizə öz fikirlərinizi bildirməyə imkan verilmədi. Həmin fikri səsləndirərkən nəyi nəzərdə tuturdunuz?
– “Zaman göstərər” proqramında sözümün kəsildiyi andan etibarən söyləmək istədiyim bu idi: “Rus hərbi təyyarəsi düşürdüldükdən bu yana Ərdoğan Putini görüşməyə çağırır. Ən azı beş dəfə görüşmə təklifi edildi, amma bu təkliflər qəbul olunmadı. Əgər Rusiya prezidenti Türkiyə prezidenti ilə o vaxt görüşsəydi, Dağlıq Qarabağdakı bugünkü hadisələr baş verməzdi və (burda sözüm kəsilir) rusların əli ilə yönəldilən erməni işğalçılarının Qarabağdaki kiçik təxribatlarının böyük miqyaslı müharibə kimi davamı olmazdı”.
O günkü proqramın tam əvvəlindən etibarən müharibənin rusların əli ilə yönəldilən ermənilər tərəfindən başladıldığını iddia etməyim ordakılarda nifrət doğurmuşdu. Hər iki aparıcıdan başqa Kurqinyan və Klinsteviç kimi “təkləyici və susdurucu” iştirakçılar hər yola əl ataraq məni əzməyə çalışırdılar. Aparıcının sualına cavab verərkən özlərinə lazım olan sözləri eşitdikdən sonra fikrimi başa çatdırmağa imkan vermədən, həm aparıcı Pyotr Tolstoy, həm də iştirakçılar tək səslə bağıraraq sözümü kəsməyi bacardılar. O andan etibarən mənim mikrofonum səsi kəsildi və sözümü davam etdirməyimin heç bir mənası qalmadı. Mikrofon verilən Kurqinyan isə ağız suyunu udmağa macal tapmadan, sözün əsl mənasında ağzı köpüklənərək “o münaqişəni Türkiyənin başlatdığını etiraf elədi, qurtardı, vəssalam!” deyə bağırdı. Ondan sonra Klintseviçin “tərbiyəsizlik” yönündə ittihamları başladı.
– Moskvada və Rusiyanın digər bölgələrində yaşayan azərbaycanlıların, o cümlədən müxtəlif elmi-siyasi dairələrdə təmsil olunan azərbaycanlıların sayı ermənilərin sayından heç də az deyil. Bəs nəyə görə Azərbaycanın maraqları bu kimi proqramlarda cəmi bir-iki nəfər tərəfindən müdafiə edilir?
– Daha əvvəl də dediyim kimi, bütün bunlar telekanalların Rusiyada ictimai rəyi oyatması üçün edilir. Nəzərə almaq lazımdır ki, Rusiyanın daxili və xarici siyasətində olduğu kimi, rus telekanallarında da erməni lobbisi çox güclüdür. Buna hansı yollarla nail olunduğunu deyə bilmərəm. Bəlkə kimsə pulun gücünə, bəlkə də tutduğu vəzifədən istifadə edərək lobbiçilik edir. Ancaq bunun nəticəsini biz hamımız 4 günlük müharibənin informasiya cəbhəsindəki əksində hiss etdik. Rus kanalları 8-10 nəfər emənipərəst rusları və erməniləri bir araya toplayaraq, bir və ya iki azərbaycanlıya qarşı çıxarıb onlara səs üstünlüyü ilə qalib gəlməyə çalışırlar. Əvvəl də qeyd etdiyim kimi, bu fəaliyyətlərdə həm “bizimkilər qalib gəldi” illüziyası yaratmaq, həm də lobbiçilik fəailiyyəti üçün sərf edilmiş vəsaitləri doğrulamaq məqsədi güdülür.
– Son proseslərdə Rusiyanın mövqeyi barədə fikirlərinizi bölüşməyi istərdik. Moskvanın rəsmi mövqeyi bəllidir. Yəni, çalışırlar ki, formal da olsa, bitərəfliklərini qorusunlar, proseslərə loyal yanaşsınlar. Bəs, Rusiya ictimaiyyətinin mövqeyi nə cürdür? Ötən 20-22 il ərzində bu mövqedə hər hansı dəyişiklik əmələ gəlibmi?
– Rusiya ictimaiyyəti həm azərbaycanlılara, həm də ermənilərə münasibətdə eyni mövqedədir. Hər iki xalq rusların gözündə “qara” və ya “qafqazlı” kimi görünür. Rusların bir çoxu heç azərbaycanlını dağıstanlıdan, gürcünü ermənidən, talışı ləzgidən ayıra bilmir. Ruslarda bizə qarşı nə sevgi var, nə də nifrət. Deyirlər yeter ki savaşmayın, bir-birinizi öldürməyin və məsələni sülh yolu ilə həll edin. Rusiya isə de-yure “bitərəflik” mövqeyini sadəcə olaraq hər iki dövləti öz xarici siyasətində manipulyasiya eləmək üçün istifadə edir. De-fakto isə Rusiya dövlətinin Ermənistanın tərəfində olduğunu hər kəs bilir. Rusiya dövlətinin bu mövqeyi başlıca olaraq KİV yolu ilə əhaliyə yoluxdurulur və nəticə olaraq “azərbaycanlılar işğalçıdırlar” şəklində yanlış bir ictimai rəy meydana gəlir.
– Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti ilə görüşündə yeni təkliflərinin olduğu bildirildi. Sizcə, yeni təkliflər nədən ibarət ola bilər?
– Bununla əlaqədar sizin də bildiyiniz rəsmi bəyanatlardan başqa heç bir bilgi sahibi deyiləm.
– Rusiyada Sizə qarşı münasibət nə cürdür? Yolda gedərkən, ictimai nəqliyyatdan istifadə edərkən hər hansı təhlükə, təhdidlə üzləşirsinizmi?
– Məişət səviyyəsində heç bir problem yoxdur. Metroda, mağazalarda, küçələrdə tanıyırlar, gülümsəyirlər, bəzən yaxınlaşıb söhbət edirlər. Rusiya ilə Türkiyə arasında meydana gələn təyyarə problemindən sonra rus kanallarında rus xarici siyasətini tənqid etdiyim üçün təsadüfən görüşdüyüm bir çox Rusiya vətəndaşının dəstəyini aldım. Onların fikrincə, türk jurnalistdən fərqli olaraq, Rusiya dövlət televiziyalarındakı proqramlara dəvət edilən rus politoloqlar və jurnalistlər dövlətə qarşı hər hansı bir söz demək riskini öz üzərlərinə götürmək istəmirlər. Aprelin ilk günlərində Azərbaycan və Ermənistan arasında münaqişənin eskalasiyası baş verdikdən sonra metrodan daha çox taksidən istifadə etməyə çalışıram. Bunun da başlıca səbəbi “Facebook” profilimə yazan ermənilərdən həm özümə, həm də ailəmə təhdidlər gəlməsi oldu. Ancaq ermənilərdən və ruslardan qorxmuram. Bunlar gəlib keçən təhlükələrdir. Həm də onlar mənə ziyan verəcək və sonra cavabdehlik daşıyacaq qədər ağılsız deyillər. Əsas qorxum millətimizin Moskvada yaşayan üst səviyyə təmsilçilərindəndir, amma bu barədə indilik heç bir şey soruşmayın. Bəlkə zamanı gəlincə bunu ya özüm açıqlayaram, ya da ən son ehtimal kimi çox güvəndiyim dostlarımdan eşidərsiniz.
– “Facebook”da bəzi azərbaycanlılar Sizə ittiham dolu ismarıclar yazaraq tutduğunuz yoldan döndərməyə çalışıblar və Siz də bununla bağlı status yayaraq məsələni ictimailəşdirmisiniz. Bu ittihamların nədən qaynaqlandığına dair fikilərinizi bilmək istərdik…
– “Facebook”da göndərilən şəxsi ismarıcları açıq şəkildə yaymağımın başlıca səbəbi bu ismarıclarda yer alan ittihamların KİV vasitəsilə yayınlanaraq provokasiya hazırlanması haqqında bilgilər almağım oldu. Bunu kimin, nə məqsədlə və nə zaman etmək istədiyi də mənə açıq şəkildə şəxsi görüş əsnasında bildirilmişdi. Ancaq indi o haqda danışmaq istəmirəm. Bu təxribatların KİV-də meydana gəlməsini gözləmədən ismarıcların müəlliflərini açıq meydana dəvət etdim və onlara deyildi ki, “əgər əlinizdə hər hansı fakt və ya sübut varsa, buyurun yazın, hər kəs görsün, əgər yoxdursa, sadəcə susun”. Həqiqətdən uzaq olan bu iddialara “Facebook”dakı 5 min nəfər dostlarımdan 2 minə yaxını öz münasibətini bildirdi. Mən əminəm ki, aralarında jurnalistlərin, diplomatların və digər vəzifəli şəxslərin də olduğu “Facebook” istifadəçilərinin belə bir mövqe tutması mənə qarşı hazırlanmış təxribatın qarşısını alan başlıca vasitə oldu. Amma indilik bilmək olmaz. Dağlıq Qarabağ probleminin həllində Rusiyanın mövqeyini tənqid etməyə, müqavimət göstərməyə davam etdikcə hər an hər yerdə bir şey çıxa bilər.
Səxavət HƏMİD