Teleqraf.com Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı ilə müsahibəni təqdim edir:
- Nemət bəy, həbsdən çıxdıqdan sonra şəhərin müxtəlif istiqamətlərində velosiped sürməklə diqqəti çəkirsiniz. Demək olarmı ki, siyasəti buraxıb idmanı seçmisiniz?
- Xeyr. Mən həbsdən əvvəl də saat 5-də durur, sübh namazından sonra isə idmanla məşğul olurdum. İndi şəkərəm, bu baxımdan hərəkət və hava mənə çox lazımdır. Bu səbəbdən də velosiped sürürəm. Həm sağlamlığım, həm də idman üçün lazımdır.
- Siz şəkərsiniz?
- Əvvəl şəkər deyildim. Həbsdən sonra Kürdəxanı təcridxanasında əsəb gərginliyi səbəbindən şəkərə tutuldum. Bu baxımdan daima hərəkətdə olmalıyam.
- Həbsdən çıxdıqdan sonra partiya fəaliyyəti ilə məşğul olursunuz?
- Hələlik partiya üzvləri gəlib-gedirlər, söhbət edirik. Təbii ki, tərəfdarlarım, partiyamızın üzvləri var. Ancaq konkret olaraq partiya fəaliyyəti ilə məşğul olmağa zamanım yoxdur. İki-üç gündür ki, evə gəlib-gedənlərin sayında azalma var. Eyni zamanda ailəmin 5 ildir yığılıb qalan işləri var. Onları da yoluna qoymağa çalışıram. Bizim partiyanın qərargahı yoxdur. Bu istiqamətdə də problem mövcuddur. Ancaq partiya üzvləri ilə görüşür, müzakirələr aparırıq. Başqa siyasi partiyaların nümayəndələrindən də gələnlər olub, müzakirələr aparmışıq. Hələlik adaptasiya mərhələsini keçirik.
- Son 5 ildə partiyanın qurultayı keçirilməyib. Qurultay keçirmək niyyətiniz varmı?
- Hələlik belə bir niyyət yoxdur. Bunun obyektiv səbəbi var. İndi daha çox ümumi durum, özümüzün problemlərini nizama qoymaq haqda fikirləşirik. Bu səbəbdən qurultay keçirmək haqqında düşünmürük. Ancaq ehtiyac olan kimi ali tədbiri keçirmək qərarımız olacaq. Nəzərə alın ki, bizim qərargahımız 1995-ci ildən yoxdur, siyasi fəaliyyət üçün vəziyyət məhduddur. Hələ illər əvvəl azadlıqda olan dövrdə də qurultay keçirmək məsələsində problemlər olurdu. İndi mən 5 il idi ki, cəmiyyətdən təcrid olunmuşdum. Hazırda tanışlıq mərhələsi gedir. Görək nə var, nə yox. İşləri nizama saldıqdan sonra partiya fəaliyyəti ilə yaxından məşğul olacağıq.
- İndi müxalifət düşərgəsində tədbirlər keçirilir. Məsələn, Milli Şura Qarabağ mövzusunu müzakirə edib, Müsavat Partiyası bu gün, “Anti-böhran” Koalisiyası isə aprelin 28-də eyni mövzunu müzakirəyə çıxaracaq. Siz bu tədbirlərə dəvət almısınız?
- Onlarla ümumi danışığımız olub. Digər partiya nümayəndələri ilə də söhbətimiz olub. Lakin konkret mənə rəsmi şəkildə hər hansı bir tədbirlə bağlı dəvət göndərilməyib. Odur ki, bu kimi tədbirlərdə iştirak etməmişəm.
- Sirr deyil ki, siz daima AXCP, KXCP və Müsavat Partiyası ilə kəskin münasibətdə olmusunuz. Bu mərhələdən sonra onlarla münasibət, əməkdaşlıq hansı səviyyədə olacaq?
- Siyasi fəaliyyət göstərirsənsə, istər-istəməz ölkədə fəaliyyət göstərən partiyalarla təmasda olmaq məcburiyyətindəsən. İndi vəziyyət bir qədər dəyişib, aradan uzun zaman keçib. Bu partiyalar müəyyən mərhələni keçib. Mənim əsasən AXCP ilə münasibətlərim gərgin olub. İndi AXCP bir neçə yerə parçalanıb, rəsmi bir partiya deyil. Eləcə də Müsavatın özü də parçalanıb və bir neçə hissəyə ayrılıb. Təbii ki, AXCP və Müsavat xalq hərəkatında iştirak edən təşkilatlardır. Orada təmsil olunanların çoxu vaxtilə mənim silahdaşlarım, hətta deyərdim ki, tərəfdarlarım olub. Ancaq indi zaman bir qədər dəyişib. Bundan sonra mövqeyimiz üst-üstə düşən məsələlər istiqamətində əməkdaşlıq edəcəyik.
Nemət