6 May 2016 18:39
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilovun doğum günüdür. Tanınmış türkoloq alim 69 yaşını tamamlayır. Teleqraf.com doğum günündə F.Cəlilovla müsahibəni təqdim edir.

– Bu yaşda doğum gününü qeyd etmək necə hissdir?

– Vallah, mən heç vaxt doğum günümü qeyd etmirəm. Azərbaycanın quzeyindən və güneyindən, Avropadan, Türkiyədən, Rusiyadan dost-tanış telefonla zəng edir, təbriklərini çatdırır. Amma kimisə başıma yığım, qonaqlıq şəklində qeyd edim, belə şeylər heç vaxt etməmişəm. Özəlliklə 90-cı ildən üzə bəri. Yəni, Qarabağ problemi olan bir xalqın toy-bayram, ad günü qeyd etməyini özümə sığışdırmıram. Bu mənada Allah qoysa, Qarabağ azad olar, gedib orada doğum günlərimizi qeyd edərik.

– İnşallah. Bu, hamımızın arzusudur. 70 yaşın astanasında olan bir insanın həyata, cəmiyyətə baxışı nə cürdür?

– 69 rəqəmini gözünüzün qabağına gətirin. Hayana fırladırsan, fırlat, sağa-sola, yuxarı-aşağı, elə 69 oxunur. Yəni, 69 rəqəminin özü qəribə, mistik bir rəqəmdir. 69-u adlayandan sonra mənə elə gəlir ki, artıq insan əsl həyatını geridə buraxır, bundan sonra tanrının ona bağışladığı günləri yaşayır. Bura qədər birtəhər gəlib çıxmışıq. Yəni, özümüzdən asılı olan nədirsə, onu etmişik. Gücümüz çatmayan şeyləri də təbii ki, arzu etmişik, diləmişik ki, tanrı yardımçı olsun. Məsələn, son 20 ildə ən çox məni ağrıdan itirdiyim şeylərdir. Həyatımın, yaradıcılığımın ən məhsuldar, ən verimli çağlarını evdə oturmaqla keçirdim. Yenə yaxşı ki, əlimdə qələm var, kitablar yazdım. Yəni, təsəvvür edin, 25-26 il evdə oturasan, heç yerdə işləməyəsən, özü də yaşının bu çağında. Bu ağırdı. Buna hər adam dözmür. İndi Allaha şükür, 69 rəqəmini arxada qoyaq, görək gələcəyimiz nə olacaq.

– Bəs, özünüzü necə hiss edirsiniz?

– Çoxlu əməliyyatlar keçirmişəm. Son bir il ərzində 3 dəfə əməliyyat olunmuşam. Ürək, ayaq və qol damarlarımın əksəriyyəti dəyişilib. Türkiyə həkimləri çox bacarıqlıdırlar. Allah əllərinə sağlıq versin. Onların nəzarəti altında yaşayıram. Yaxın günlərdə yenə getməliyəm. Belə... Həkim nəzarəti altında günlərimizi sayırıq. İndi özümü pis hiss etmirəm. Allaha şükür, yaxşıyam. Normal gəzirəm. Dostlarla gedib çay içirik, evdə nəvələrimlə oynayıram. Allah qoysa, havalar düzələn kimi yenə çıxıb kəndə gedəcəm.

– Hansı kəndə?

– Mən xızılıyam (gülür- S.HƏMİD). Mənim şəhərdə heç öz evim yoxdur, qayınanamın evində qalıram. Mənim evim Xızıdadır. Qeydiyyatım da 30 ildən çoxdur ki, oradadır.

– Yaradıcılığınızda nə yenilik var?

– Kifayət qədər yazılarım, əlimdə hazır kitablarım var. Amma neçə illərdir çap etdirə bilmirəm. Məsələn, “Doqquz bitik” kitabı üzərində 30 il işləmişdim. Doqquz cildlik kitabın bir neçə il əvvəl cəmi 3-cü çıxıb. Sponsorlar sağ olsunlar. 3 cildi çap ediblər, 6 cildi hələ qalır. Arada bir qayıdıb çap olunmayan kitablara baxıram. Bəzən, görürsən redaktə olur, nəyisə əlavə etmək lazım olur. Bununla paralel olaraq əlimdə bir neçə kitab var ki, bəziləri tamamlanmaq üzrədir. Bəziləri yarımçıqdır, bəzilərinin redaktəyə ehtiyacı var. Adlarını çəkmirəm, bilmirəm hələ onları çap edə biləcəyəmmi? Amma çox qiymətli kitablardır.

– Doğum gününüzdə demək istədiyiniz başqa nələr var?

– Vallah, elə sizin vasitənizlə bütün dostlara “sağ ol” demək istəyirəm, təşəkkür etmək istəyirəm ki, unutmurlar, yad edirlər. Dalbadal zənglər gəlir, Feysbuk səhifəmdə yazılanları sadəcə oxumağa çatdırmıram. Bütün ölkələrdən, hər yerdən təbriklər daxil olur. Amma hamımızın bir arzumuz var. Bu ad günləri, bayramlar-filan gəlib keçən şeylərdir. Hamımızın bir arzusu var ki, tanrı səngərdəki əsgərimizi qorusun. Onlar sağ-salamat evlərinə dönsünlər, torpaqlarımıza qayıda bilək. Yerdə qalanlar xırda məsələlərdir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər