6 İyun 2016 16:47
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Ermənistandan işğal olunmuş ərazilərə səfər edənlərin əksəriyyətini əsgərlərin valideynləri təşkil edirlər”

Dünya səyahətinə çıxmış belaruslu səyyah Pavel Andreyvski ökəsində dərc etdirdiyi bir yazısında Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı-terrorçu rejimin əcnəbilərin qeyri-qanuni səfərlərini gizlətmək üçün yeni varianta əl atdığını bildirib. Səyyah qeyd edib ki, Dağlıq Qarabağa səfər edənlərin sonradan Azərbaycanın digər ərazilərinə daxil olmalarında problem yaranmaması üçün onların pasportlarına möhür vurulmasından imtina edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Teleqraf.com-a müsahibəsində bu istiqamətdə bir sıra suallarımızı aydınlıq gətirib.

– Hikmət müəllim, qondarma rejimin ora səfər edən əcnəbilərin pasportlarına möhür vurulmasından imtina etməsi məsələsinə münasibətiniz nə cürdür?

– Bu, əslində yeni bir məsələ deyil. Artıq uzun müddətdir ki, qondarma işğalçı rejim – əslində, Ermənistan tərəfindən bu mexanizm tətbiq olunur. Bildiyiniz kimi bir müddət əvvəl onlar qondarma rejim adından viza tətbiq edirdilər. Sonra həmin viza rejimini yığışdırdılar. Gələn əcnəbilərin pasportlarına möhür vururdular, onu da aradan götürdülər. İndi gələn adamlara sadəcə olaraq bir kağız parçası verirlər. Onlar belə deyək, maksimum dərəcədə gizlətməyə çalışırlar ki, bu adamlar, yəni əcnəbilər işğal olunmuş ərazilərdə olmayıblar.

– Bundan sonra onların aşkara çıxarılması necə olacaq?

– Bununla əlaqədar müxtəlif metodlar var. Gördüyünüz kimi işğal olunmuş ərazilərə səfər edən əcnəbilərin də mütəmadi əsasda statistikası aparılır və onlar “arzuolunmaz şəxslər” siyahısına salınırlar. Bunun üçün də müxtəlif vasitələrin tətbiqi sayəsində lazımi məlumatlar əldə olunur.

– Bu metodları açıqlamaq mümkündür?

– Xeyr.

– Bəs, işğal olunmuş Azərbaycan ərazilərinə səfər edənlərin statistikasında artım, yaxud azalma varmı?

– Ümumiyyətlə, proses göstərir ki, “arzuolunmaz şəxslər” siyahısının tətbiq olunması mahiyyət etibarilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edənlərin əsaslı dərəcədə azalmasına səbəb olub. “Arzuolunmaz şəxslər” siyahısı ilə yanaşı bu sahədə diplomatik nümayəndəliklərimizin vasitəsilə ilə də geniş bir maarifləndirmə işi aparılır. Əcnəbi vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin nəticələri barədə də məlumatlandırma artırılır. Təbii ki, istisna hallar da var, gedənlər də olur. Amma ümumiyyətlə proses göstərdi ki, bu siyahının tətbiq olunması xarici vətəndaşların işğal olunmuş ərazilərə kütləvi səfərlərinin qarşısının alınmasında effektiv və təsirli vasitədir və özünü doğruldur. Erməni tərəfinin atdığı addımlar da bunu bir daha sübut edir.

– Adları “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş və XİN-ə müraciət əsasında adları bu siyahıdan çıxarılmış şəxslərin sonradan təkrarən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etmələri halları olubmu?

– Xeyr. Belə bir halla rastlaşmamışıq. Siz düzgün bir məqama toxundunuz. Son dövrlərdə bizə müraciətlərin sayı artıb. Yəni, xarici vətəndaşlar hər hansı səbəbdən, əksər hallarda isə bilməyərəkdən işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər ediblər. Xüsusən, vurğulamaq lazımdır ki, Ermənistan tərəfi xarici vətəndaşları bəzən aldadaraq işğal olunmuş ərazilərə aparır. Onlara belə təqdim edirlər ki, bura Ermənistanın ərazisidir və siz başqa bir məntəqəyə daxil olmusunuz. Sonradan xarici vətəndaşlar bu cür fəaliyyətlərinin nəticələri ilə məlumatlandırıldıqları, adları “arzuolunmaz şəxslər” siyahısına daxil edildiyi təqdirdə Azərbaycan tərəfinə müraciət edirlər.

KİV-lərin fəaliyyətinə gəldikdə isə deməliyəm ki, burda çox maraqlı və müsbət bir dinamika var. Son günlər ərzində biz Ermənistan tərəfindən xarici KİV nümayəndələrinin işğal olunmuş ərazilərə səfərlərini təşkil etmək istiqamətində xüsusi canfəşanlığını görürük. Bu da 2 aprel tarixindən başlayaraq yaranan gərginliyə görə məsuliyyəti Ermənistanın üzərindən atmağa və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir. Amma, məsələn Polşa İctimai Televiziyasının və Ukraynanın ICTV telekanalının çəkiliş qruplarını göstərə bilərik ki, onlar məhz Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xarici KİV nümayəndələri üçün verdiyi akkreditasiya kartı əsasında Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişlər. Belə ki, onlar Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir xarici KİV nümayəndəsi kimi akkreditasiya üçün normal qaydada XİN-ə müraciət ediblər. Biz onların peşəkar maraqlarını nəzərə alaraq – çünki KİV nümayəndəsi olaraq onlar münaqişəli zonalarda çəkiliş aparmaqda maraqlı ola bilərlər – akkreditasiyasına müvafiq qaydada baxılıb və Azərbaycanın verdiyi akkreditasiyanın əsasında onlar işğal olunmuş ərazilərdə jurnalist fəaliyyətini həyata keçirdilər.

Yəni, bu istiqamətdə də müəyyən müsbət dinamika var. Amma hər bir halda istisna hallar da var və bu, özünü göstərir. Biz bu məsələdə Azərbaycanın vətənpərvər KİV-lərinin rolunu xüsusi qeyd etmək istəyirik ki, onlar da sosial şəbəkələrdə, yaxud KİV-də belə hallar müəyyən etdikləri təqdirdə dərhal Xarici İşlər Nazirliyinə müraciət edirlər və biz də bunu çox yüksək qiymətləndiririk.

– Yenidən bayaqkı məsələyə qayıtmaq istərdim. Azərbaycan tərəfi indiyədək ölkəyə daxil olmaq istəyən şəxsin işğal olunmuş ərazilərə səfər edib-etmədiyini çox asanlıqla müəyyən edə bilirdi. Yəni, pasportlara baxılır və qondarma rejimə məxsus möhür aşkarlandığı təqdirdə həmin şəxsin ölkəyə girişi yasaqlanırdı. İndi, yəni pasportlara möhür vurulmayacağı təqdirdə işğal olunmuş ərazilərə səfər edənlərin aşkarlanması prosesi asan olacaq, yoxsa bu çətinlik törədəcək?

– Təbii ki, burda hansısa texniki çətinliklərin olması istisna deyil. Sizin də qeyd etdiyiniz kimi əvvəllər işğal olunmuş Azərbaycan ərazilərinə səfərlər etmiş xarici vətəndaşların pasportunda belə bir qeyd olurdu və onlar Azərbaycan tərəfinə müraciət etdikləri təqdirdə bu, bilavasitə sübutedici bir fakt idi. Amma gördüyünüz kimi Ermənistan tərəfi bütün fəaliyyətlərində müxtəlif yalanlara əl atdığı kimi bu sahədə də yalançı metodlara müraciət etməyə çalışır. Yenə də qeyd etmək istəyirəm ki, burada texniki çətinliklərin olması istisna deyil. Amma biz də bütün imkanlar və resurslar vasitəsilə bu kimi halları maksimum dərəcədə müəyyən etməyə çalışırıq. Onu da qeyd edim ki, Ermənistan tərəfi burada statistik aldatmaya da çox üstünlük verir. Belə ki, Ermənistanın özündən işğal olunmuş ərazilərə səfər edənləri də Ermənistan tərəfi qəsdən statistik göstəricilərdə əcnəbilərin işğal olunmuş ərazilərə səfəri kimi təqdim edir. Bildiyiniz kimi Ermənistandan işğal olunmuş ərazilərə səfər edənlərin də əksəriyyətini məhz əsgərlərin valideynləri təşkil edirlər. Çünki Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin əksər hissəsi işğal olunmuş Azərbaycan ərazilərində mövcuddur. Valideynlər də Ermənistan silahlı qüvvələrində acınacaqlı vəziyyətin hökm sürdüyü faktını nəzərə alaraq mütəmadi olaraq işğal olunmuş ərazilərinə getmək məcburiyyətində qalırlar. Belə olan təqdirdə Ermənistan bu statistikadan da yalançı məqsədlərlə istifadə edir.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər