7 İyun 2016 15:15
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elxan Şahinoğlu: “Böyük dövlətlər düşünürlər ki, həlli daha vacib problemlər var”

Bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Bununla bağlı razılıq iki ölkə prezidentinin Rusiya xarici işlər nazirinin, ABŞ dövlət katibinin və Fransanın Avropa məsələləri üzrə dövlət katibinin iştirakı ilə Vyanada keçirilən görüşündə əldə olunmuşdu. Buna baxmayaraq hələ də görüşün vaxtı və yeri açıqlanmayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu ilə söhbətimizdə görüşlə bağlı bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdıq.

– Elxan bəy, tərəflər ehtimal olunan görüşə hansı pozisiya ilə gedirlər?

– Danışıqlar prosesi ilə bağlı tərəflər aprel döyüşlərindən əvvəl hansı vəziyyətdə idilərsə, indi də eyni vəziyyətdədirlər. Yəni, danışıqlar masasında yeni heç nə yoxdur. Bu da yaxşı hal deyil. Çünki aprel döyüşlərindən sonra Ermənistan və beynəlxalq aləm anlamalı idi ki, əgər Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılmasa, müharibə ehtimalı yenə də artacaq. Ona görə də mən danışıqlarda irəliləyiş olduğunu, həmsədrlərin ortaya nəsə yeni ideyalar qoyduqlarını və Ermənistana təsirlərini artırdıqlarını düşünmürəm. Ola bilər ki, görüş baş tutsun. Ancaq əgər müzakirə predmeti yoxdursa, bu görüşdən də ciddi nəticə gözləyə bilmərik.

– Ötən müddət ərzində həmsədrlər tərəflərin mövqelərinin yaxınlaşması istiqamətində nə kimi işlər gördülər?

– Həmsədrlər və böyük dövlətlərin liderlərinin yeganə dərdi var ki, atəşkəsə riayət olunsun. Bunu Azərbaycan da istəyir. Ancaq işğal altındakı rayonları boşaltmadan bu prinsipdən yanaşmaq düzgün deyil. Bu, müharibə riskini azaltmayacaq. Bəli, atəşkəs, tərəflər arasında inam vacibdir. Amma bunun üçün ilkin addım olaraq Ermənistan heç olmasa Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa başlamalı və bu istiqamətdə addım atacağını büruzə verməlidir. Bu, olmadan həmsədrlərin Azərbaycanın atəşkəsə daimi riayət edəcəyini gözləmələri əbəsdir. Çünki atəşkəsə riayət işğal faktoru aradan qaldırılmadan status-kvonun qorunması deməkdir ki, bu da ancaq Ermənistanın maraqlarına uyğundur.

– Həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinin iyun görüşündən çox şey gözlədiklərini söyləmək mümkündürmü?

– Mən bu görüşdən Azərbaycan cəmiyyətinin böyük gözləntilərinin olduğuna inanmıram. Əksinə, hesab edirəm ki, Azərbaycan cəmiyyəti Vyana görüşündən olduğu kimi bu görüşdən də ciddi nəticə gözləmir. Azərbaycan cəmiyyətinin başqa bir gözləntisi var ki, bu görüşdən nəticə çıxmasa, iyul-avqust aylarında cəbhə bölgəsində vəziyyət yenidən gərginləşə bilər.

– Yəni, hər şey bu görüşün nəticəsindən asılı olacaq?

– Top Ermənistanın və böyük dövlətlərin meydanındadır. Əgər onlar münaqişənin həllini, bölgədə sülh istəyirlərsə, Ermənistanı Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqları boşaltmağa məcbur etməlidirlər. Bu, olmadan bölgədə nə sülh olacaq, nə də tərəflər atəşkəsə riayət edəcək. Ola bilsin 3-4 ay riayət etsinlər, sonra yenə də eyni vəziyyət yaracaq.

– İyun görüşündə hansısa razılaşma əldə olunmasa, biz nələrin şahidi olacağıq?

– Bu fikri mən dəfələrlə bildirmişəm. Ola bilsin, bir müddət yenə də atəşkəsə riayət olunsun, amma sonrakı mərhələdə, sonrakı aylarda qarşı duran tərəflər yenə də atəşkəsi pozub bölgədə müharibə riskini artıracaqlar. Çünki bir daha təkrar etmək istəyirəm, danışıqlar masasında irəliləyiş yoxdur. İrəliləyiş yoxdursa, demək hər iki tərəf alternativ yollara baş vuracaqlar.

– Verilən açıqlamalar Ermənistanın hal-hazırkı mövqeyi ilə bağlı sizdə hansı təəssürat doğurur?

– Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur.

– Bəs, böyük dövlətlərin, xüsusən həmsədr ölkələrin mövqeyi nə cürdür?

– Bununla da bağlı nikbin fikir söyləyə bilməyəcəm. Həmsədr ölkələr əvvəlki mövqelərində qalmaqda davam edirlər.

– Belə çıxır ki, onlar münaqişənin eskalasiyasında maraqlıdırlar...

– Yox, maraqlıdırlar demək düzgün olmazdı. Sadəcə əllərini daşın altına qoyub problemi həll etməyə maraq göstərmirlər. Yəni, düşünürlər ki, dünyada başqa problemlər var, onlarla məşğul olmaq lazımdır. Bu problemin həllinə girişsək, hardasa hansısa dövlətlə qarşı-qarşıya gələ bilərik, maraqlar kəsişə bilər. Ona görə də problemlə ciddi məşğul olmurlar.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər