Ermənistan bu dəfə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunu hədəfə aldı. Qubadlı rayonu ərazisindən atılan əməliyyat-taktiki raket Ordubad rayonu ərazisində partlayıb.
Bu, Ermənistanın dinc əhaliyə qarşı hücumunun növbəti mərhələsidir.
Sentyabrın 27-də erməni hərbi birləşmələrinin təxribat hücumuna cavab olaraq başlanan hərbi-əməliyyatlar nəticəsində işğalçı ölkə ağır zərbələr alır. Azərbaycan Ordusu işğal altındakı ərazilərin azad olunması istiqamətində uğurla irəliləyir, düşmənin canlı qüvvə və hərbi texnika itkisi həddindən artıq çoxdur. Hətta, erməni baş nazir Nikol Paşinyan xalqa müraciətində ağlayaraq etiraf etdi ki, “İtkilərimiz çoxdur, vəziyyət çox ağırdır”.
Hərbi cəbhədə məğlub olan Ermənistan diplomatik cəbhədə də heç bir dəstək əldə edə bilmədi. Xüsusilə Rusiyanın hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini açıqlaması işğalçı ölkəni çətin vəziyyətə saldı.
Azərbaycan kənardan dəstək ala bilməyən işğalçı ölkəyə hərbi və diplomatik cəbhədə, hətta erməni diasporunun indiyə qədər güclü olduğu informasiya cəbhəsində də ağır zərbələr endirir.
Bu zərbələr qarşısında aciz vəziyyətə düşən Ermənistan mülki əhaliyə qarşı terror hücumlarını davam etdirir. Sentyabrın 27-dən oktyabrın 16-a qədər erməni terroru nəticəsində 47 mülki vətəndaş həlak olub, 222 nəfər yaralanıb. Ermənistanın oktyabrın 12-də gecə saat 02:00 radələrində Gəncəyə atdığı SKAD raketi 10 dinc insanın həyatına son qoydu.
İşğalçı ölkə mülki əhaliyə qarşı terror hücumları ilə həm hərbi məğlubiyyətinin qisasını almaq, həm də Azərbaycan əhalisi arasında təşviş yaratmaq istəyir.
Əsas hədəfi isə məhz münaqişənin miqyasını genişləndirmək, “cəhənnəmə gedərkən, özünə yoldaş tapmaq”dır.
Ermənistanın baş naziri, ağılsız diktator Nikol Paşinyan bölgənin təhlükəsizliyini təhdid altına atan oyun oynayır və onun cəhənnəm yolunda özünə qoşmaq istədiyi yoldaş məhz Rusiyadır.
Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə görə, üzv ölkələrin ərazisinə hərbi təhdid zamanı təşkilat müdaxilə etməlidir. Hərbi ittifaqın üzvü olan Ermənistanın əsas məqsədi də Azərbaycanın işğal olunmuş ərazilərində gedən hərbi əməliyyatları sərhəd bölgəsinə köçürmək, eskalasiyanın coğrafiyasını genişləndirmək və Rusiyanı müharibəyə cəlb etməkdir.
Bu ssenarini iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirməyə cəhd etdilər.
Sentyabrın 27-də başlanan hərbi əməliyyatlar zamanı Ermənistan ərazisindən Azərbaycanın şəhərlərini və yaşayış məntəqələrinin atəşə tutulması, qadağan olunmuş raketlərin atılmasının hədəfi də Bakının cavab atəşinə şərait yaratmaq, münaqişənin sərhədini genişləndirmək və məğlubiyyətin qarşısını bu yolla almaqdır. Azərbaycanın təmkinli davranışı bu məkrli planın baş tutmasına mane olur, həm də bölgədə çoxtərəfli toqquşmanın başlanması təhlükəsinin qarşısını alır.
Rusiya da Ermənistanın oyununu anlayır və özünü Prezident İlham Əliyevin dediyi kimi, “məsuliyyətli, böyük dövlət kimi aparır”.
Lakin Ermənistan Naxçıvana raket zərbəsi endirərək, təhlükəli oyununun miqyasını daha da genişləndirmək cəhdi etdi.
Bu hücum təkcə üçüncü tərəfin hərbi əməliyyatlara müdaxiləsini təmin etmək yox, həm də Paşinyanın bağlı olduğu dairələrin bölgədə böyük dövlətləri üz-üzə gətirmək planı kimi görünür.
Və burada iki məqam diqqət çəkir:
- Hücum niyə Ermənistandan yox, işğal altındakı Qubadlıdan edildi;
- Naxçıvan niyə hədəf seçildi?
Buna qədər Azərbaycanın yaşayış məntəqələri və şəhərləri Ermənistan ərazisindən atılan raketlərlə vurulurdu. Məqsəd Azərbaycanın Ermənistan ərazisinə cavab atəşi açması və üçüncü tərəfi, konkret Rusiyanı prosesə daxil etməkdir. Lakin Azərbaycanın təmkinli davranışı və Rusiyanın təxribatı anlaması işğalçı ölkənin cəhdlərini heçə endirir. Mümkündür ki, Moskva İrəvana belə təxribatların dayandırılması siqnallarını ötürüb. İşğalçı ölkə raket zərbəsini Qubadlıdan endirməklə məsuliyyətdən yayınmaq istəyir.
Naxçıvanın hədəfə alınması münaqişəni Rusiya və Türkiyə arasına köçürmək cəhdidir və bu, Moskva ilə Ankara arasındakı təyyarə böhranını yada salır.
İki böyük ölkəni üz-üzə qoymaq istəyən qüvvələr 2015-ci ildə Rusiya təyyarəsinin vurulmasını həyata keçirdilər. Dövlətlər arasında diplomatik qalmaqal yaşansa da, sonda tərəflər masada uzlaşa bildilər və regionun təhlükəsizliyi üçün mühüm olan bu uzlaşmada Azərbaycanın rolu böyük oldu.
İndi eyni ssenari müşahidə olunur. Nikol Paşinyanın Sorosun şinelindən çıxdığını, “təyyarə böhranı”nın arxasında da məhz bu qüvvələrin olduğunu nəzərə alsaq, 2015-ci ildə baş tutmayan planın həyata keçirilməsi missiyasının Paşinyana həvalə edildiyini versiyası güclənir.
Region ölkələri Ermənistanın genişmiqyaslı təxribatını anlamalı və məkrli oyunlarının qarşısını almalıdır. Çünki işğalçı ölkə bütün bölgəni təhdid edir.